AzTV-də verilişlər bağlanır, 200 işçi maaşsız qalıb (İDDİA)

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 3 iyl 2019 [15:17]

 

Arif Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədrliyindən uzaqlaşdırılmasından sonra televiziya kanalı ətrafında səs-küy səngimək bilmir.


TV rəhbərliyinin tanınmış jurnalist Rövşən Məmmədova həvalə edilməsi ilə illərdir kanal barədə pis imic formalaşdıran, barələrində mətbuatda hər zaman "qara xəbər”lər gedən şəxslər buradan uzaqlaşdırıldı, onların yerinə yeni və gənc simalar gətirildi.
Bir müddət kadr islahatları ilə gündəmə gələn TV barədə indi yeni iddialar səsləndirilir. Mətbuatda yer alan xəbərlərə görə, kanaldakı dəyişikliklərin mahiyyəti, əslində, gizli saxlanılıb.
İddia olunur ki, AzTV-dəki yeni proqramların yaradılması, bir sıra verilişlərin bağlanmasının arxasında külli miqdarda vəsaitin silinməsi dayanır.
Xəbərlərdə TV-dəki 24 verilişin bağlandığı, 200 nəfərə yaxın işçinin maaşsız və qonorarsız qaldığı da qeyd olunur. Digər iddiaya görə, AzTV-də kadr məsələləri Zemfira Əliyeva adlı bir xanıma həvalə edilib. Z.Əliyeva isə Elmar adlı qohumunu maliyyə şöbəsinə rəhbər gətirib, övladını TV-də işlə təmin etdirib.
TV-yə işə götürülənlər arasında Rövşən Məmmədovun Lider TV-dən həmkarları və qohumlarının olması da yayılan xəbərlər arasındadır. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov bütün bu iddialarla bağlı Oxu.Az-a açıqlama verib.
TV rəsmisi əvvəlcə bağlanan və açılan verilişlərlə bağlı iddiaları cavablandırıb. Qeyd edib ki, nəinki AzTV-də, həmçinin Mədəniyyət və İdman kanallarında onlarla veriliş bağlanılır və yeniləri açılır:
"Hər hansı verilişin, xüsusən də mövsümün sonunda bağlanması, yaxud açılması istənilən media qurumunun daxilində baş verən normal prosesdir. İstənilən kanal tamaşaçı marağına cavab vermək və baxımlı olmaq üçün bu addımı atır və atmalıdır. Yaxşı, əgər verilişlərin bağlanması kimlərisə narahat edirsə, o zaman yeni verilişlərin adları niyə çəkilmir? Qeyd edilən 24 bağlanmış verilişin əvəzinə, həftə içi beş gün yeni studiyadan, yeni formatda efirə gedən "Əsas Məsələ” siyasi tok-şousu ilə yanaşı, 31 veriliş də efirə gedir”.
Açıqlamada bildirilir ki, yeni verilişlərin heç biri "prodakşn” verilişlər deyil. Bu layihələrin hər birini AzTV, Mədəniyyət və İdman Azərbaycan kanallarının əməkdaşları hazırlayır: "Bu layihələrin hər birinə görə həmin əməkdaşların qonorarı iki, bəzi hallarda üç dəfə artıb”.
Lider TV-dən AzTV-yə əməkdaşların cəlb olunması məsələsinə gəlincə, bildirilir ki, sözügedən kanalın keçmiş əməkdaşları ilə yanaşı, digər televiziya kanallarının işçiləri də burada işə başlayıb. 
M.Aslanov qeyd edib ki, son altı ayda ümumilikdə 230 nəfər AzTV-də işlə təmin olunub, onların heç biri R.Məmmədovun qohumu deyil.
Bundan başqa, son altı ayda TV-də təxminən 442 nəfərin əməkhaqqı, 70 faiz əməkdaşın qonorarı artırılıb. TV-də kadr məsələsinin Zemfira Əliyevaya həvalə olunmadığını vurğulayan M.Aslanov AzTV-nin Kadrlar və xüsusi işlər departamentinin rəhbərinin İlhamə Hüseynova olduğunu və onun da hər hansı qohumunun TV-də çalışmadığını deyib.

Загрузка...


Oxunub: 127880 dəfə