Məmurların rüşvətxor olmasında Əli Həsənov mediasının rolu...

  • Bölmə: Siyasət  
  • Tarix: 18 may 2020 [15:57]

Korrupsioner məmurların fəaliyyətində mətbuatın rolu… Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) korrupsiyaya bulaşmış, xalqın sosial yardımlarına belə göz dikən icra başçılarından təmizləmə əməliyyatları daha böyük qurumlara – Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətinə (DSX) qədər gəlib çatdı.


Əlbəttə ölkə başçısının bütün çıxışlarından aşkar şəkildə görünür ki, əməliyyatlar davam etdiriləcək, rüşvət və korrupsiya hallarına indi və əvvəllər yol verən məmurlar qandallanacaq. Təbii ki, bu prosess çərçivəsində istər içtimai qınaq, istərsə politoloji rəylər əsas faktorlardır və həbslər müxtəlif təbəqələrdə fərqli qənaət formalaşdırır.

 

Məsələn, müxalifət "bu həbslər çoxdan aparılmalı idi" fikirlərinin ətrafında gəlişmə aparırsa, bəzi siyasətçilər, politoloqlar, hətta millət vəkilləri "həbslər davam etdirilməlidir" kimi fikirlər səsləndirirlər. Bir qrup şəxs bu prosessin başqa istiqamətə aparılmasına çalışır, həbslərdən yayınmağa, özünü “sudan quru çıxarmaga” çalışır.

 

Dünənə kimi səsini çıxarmayan millət vəkillərinin bu prosess ətrafında danışması içtimai qınağın bu prosesə təsir imkanlarını bəzən azaldır da. Çünki bu deputatlar illər uzunu susublar və korrupsioner məmurların adını parlamentdən səsləndirmək çürətində olmayıblar. Bu gün bu adamların danışması və partiyadaşlarını ittiham etməsi uzun illər məmurların əsarətində yaşayan sadə təbəqədə qıçıq yaradır və başlanmış prosessə inamsızlıq yaradır.

 

Odur ki, həbslərin sistemli və mərhələli davam etdirilməsi zamanı bu adamların fikirləri və arqumentləri əsas götürülməməlidir. DTX və Baş Prokurorluq prosessi sadə təbəqənin içtimai qınağına, faktlarına, müraciətlərinə uyğun həyata keçirməlidir. Bu zaman ciddi effektin şahidi olacağıq. Əslində, mövzunun ana xətti başqadır. 20 ildir hökümətin və prezidentin etimadından istifadə edərək yüksək vəzifə tutmuş bu şəxslər necə oldu ki, korrupsioner, rüşvətxora çevirildi? 15-20 il icra başçısı, nazir postunu tutan bu insanların talama əməlinin üstü necə bağlı qalıb?

Toyuq oğrusu qısa bir müddətdə tapılıb həbs edilirdisə, milyonları dağıdan bu bədnam məmurları niyə həbs edə bilmirdik? Açığı bu çox böyük mövzudur və hara kimi istəsən dartıb uzatmaq olar. Amma bu gün həbs olunan və olunacaq korrupsiyaya bulaşmış bütün məmurların uzun illər bu əməllərlə məşğul olmasına şərait yaradanlardan da biri mətbuat olub. Bunu etiraf etmək lazımdır.

 

 

QAZILER: Bu gün Milli Mətbuat Günüdür

 

 

Elə isə ortaya sual çıxır? Hansı mətbuat? Mətbuat bu məmurları niyə ifşa edə bilmədi? Bu məmurlardan yazan hansı mətbu orqanların baş redaktorları hansı təzyiqlərlə üzləşdi? Onlara hansı formalı böhtanlar atıldı? Bunları kimlər edirdi? Təxminən 2000-ci illərdə Azərbaycan mətbuatında ciddi çiçəklənmə dövrü başlamışdı. Jurnalistlər "azad söz"ün nə olduğunu, müstəqil jurnalistikanı necə inkişaf etdirməyin yollarını, reklam bazarının formalaşdırılması prosesslərini araşdırmağa başlamışdı.

 

Yeni-yeni qəzetlər açılırdı, seminar və konfranslar, mətbuat klubları, şikayətçilərin mətbuat konfransları və sairə hallar meydana gəlirdi. Bu hallar o zaman Azərbaycan mətbuatını MDB məkanında ilk sıralara çıxartmışdı. Müstəqil dövlətlərin ən sivil mətbuat qaydaları ölkəmizdə tətbiq edilirdi və sairə...

 

Azərbaycan mətbuatı özünün çiçəklənmə dövrünə qədəm qoyurdu. Amma gözlənilmədən vəziyyət dəyişdi... Prezident Administrasiyasının içtimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov qısa müddətdə bütün mətbuatı zərərsizləşdirmə prosesinə start verdi və bu işi peşəkarlıqla tamamladı. Qısa zamanda Əli Həsənovun kriteriyalarına cavab verən ölkə mətbuatı masaya otuzduruldu.

Onun dəyirmanına su tökməyən mətbuat nümayəndələri isə pərən-pərən salındı. Onlarla qəzet bağlandı, adamlar şərlənərək həbs edildi, döyüldü, təhqir olundu, hətta ölkəni tərk edənlər də oldu. Bu onun planının birinci mərhələsinin bitmə hissəsi idi. Daha sonra yeni online saytlar yaranmağa başladı. Bu saytlar ilk bir neçə ay müstəqil fəaliyyət göstərsə də qısa müddətdə zərərsizləşdirildi və kurasiyaya alındı.

 

Əli Həsənovun hansı mətbuatı kurasiyaya alması, hansı baş redaktorlarla işləyəcəyi də ciddi şəkildə planlaşdırılmışdı. Həsənov elə baş redaktorla işləməli idi ki, onun dedikləri və həyata keçirdiyi planlar sözssüz "baş üstə" ilə cavablandırılsın. Belə də oldu və son gününə kimi bu baş redaktorlar Əli Həsənova sadiqliq nümayiş etdirdilər. İnsaf naminə deyək ki, Həsənov ona sadiq olan baş redaktorlara nəinki pul-para qazandırdı, mənzilə qədər verdi.

Əli Həsənovun kurasiyasındakı baş redaktorlar Azərbaycana nə boyda ziyan vurub? Təbii ki, Prezident Administrasiyasının içtimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovun apardığı bu siyasət ilk illər dövlətin siyasəti kimi başa düşülürdü. Əksər insanlar elə anlayırdılar ki, Həsənovun tapşırıqları daha yuxardan gəlir.

 

Hətta Prezident İlham Əliyevin tapşırıqları kimi qələmə verilirdi. Mətbuat sahəsindən, siyasətindən az-çox anlayışı olan adam bu tapşırıqların dövlətin, yuxarının deyil, Əli Həsənovun özünü qoruma, postu əldə saxlama və külli miqdarda pul qazanmaya hesablanmış olduğunu başa düşməyə bilməzdi. Planı başa düşüb yazan adamları isə ya şərləyirdilər, ya pulla alırdılar, ya da didərgin salıb bir tikə çörəyə möhtac edirdilər.

 

Bu Həsənovun özünüqoruma siyasəti idi. Əli Həsənov o qədər güclənmişdi ki, onun qarşısında icra başçıları, nazirlər, millət vəkilləri, polis rəsiləri, biznesmenlər, politoloqlar aciz idi. Əlində olan külli miqdarda pulla şişirdilmiş (bu gün də həmin saytlar dövlətin xəbər siyasətinin tənzimlənməsində yaxından iştirak edir. Heç nə dəyişməyib, yenə ortada onlardır) İnformasiya Agentlikləri, xəbər portalları, televiziyalar, radiolar, reklam şirkətləri bütün ölkəni sözün həqiqi mənasında özü üçün idarə edirdi. "Fatı qalx, Fatı otur" siyasəti Prezidentin sabiq köməkçisinin əsas istiqaməti idi...

 

Bu illər ərzində yeni yaranan və Əli Həsənovdan xeyir-dua almayan saytlar yalnız sürünməklə məşğul oldu. Onlar vətəndaşın mətbuata göndərdiyi problemlə bağlı məlumat dərhal təkzib edildi, baş redaktorun kimliyi, onun bu dövlət üçün nələr etdiyi, hansı aşkar və gizli fəaliyyəti araşdırılmadan ləkənləndi, söyüldü, trollar vasitəsi ilə ailəsi belə təhqir edildi. Bir reklam belə ala bilmədi. O, var gücü ilə çalışırdı ki, mətbuatı gözdən salsın, məmurların taladığı milyonları ört-basdır etsin. Bax işin əsl mahiyyəti elə budur. Nə baş verirdi?

 

Əli Həsənov və kurasiyasındakı mətbuat uzun illər dövlətin əmlakını talayan bu məmurları niyə gizlətdi? Onlara talamaları üçün necə şərait yaratdı? Yenə təkrar edirəm ki, bu gün həbs olunan və ya olunacaq korrupsiyalaşmış məmurların bu günə qədər ifşa olunmamlarının günahkarlarından biri də mətbuatdır. Əli Həsənovun tam nəzarətində olan, sabun köpüyü kimi şişirdilmiş bu media qurumları rayonlarda, nazirliklərdə, komitələrdə baş verən heç bir neqativ xəbəri yaymadı, yayılanı da dərhal təkzib etdi. Qarşılıgında isə "reklam" adı altında pulunu aldı.

 

 

Əli Həsənov media rəhbərləri ilə görüş keçirdi - FOTO (YENİLƏNİB)

 

 

Vaxt öldürdülər, şou, dünya xəbərləri ilə baş qarışdırdılar, eyni deputatları danışdırdılar, siyasi və əsl müdafiə ilə məşgul olmaq əvəzinə trol ordusu yaradıb söyüş, təhqir etdilər. Əvəzində Əli Həsənov həm məmurlardan, həm də dövlət büdcəsindən media layihələr adı altında milyonlar qazandı. Öz mediasına da bütün şəraiti yaratdı. Təsəvvür edirsinizmi ki, ölkənin ən çox oxunan xəbər portalı hansısa rayonun icra başçısının əməli ilə bağlı bir vətəndaşın problemini vaxtında işıqlandırsaydı, sahibkarı milyonlarını əlindən alan nazirin əməlini bir cümlə ilə qeyd etsəydi nələr baş verərdi?

 

Əli Həsənovun zamanında Azərbaycanda elə bir icra başçısı yox idi ki, Mətbuat Şurası ilə əməkdaşlıq etməsin. Bu əməkdaşlığın planı Əli Həsənovun otağında cızılırdı. O müəyyənləşdirirdi ki, hansı icra başçısı hansı mətbuatla işləsin və necə işləsin...

 

 

 

İcra başçısı, nazir və korrupsiyalaşmış məmurla bağlı yazılar Mətbuat Şurasına şikayət edilirdi. Nəticədə müraciət etmiş məmur müdafiə olunurdu, mətbu orqana ən yaxşı halda xəbərdaqlıq edilirdi. Bu faktları heç kim araşdırılmırdı.

 

Adını bədnam mətbuat çıxarıb kürəyinə bir yarlıq yapşdırırdılar. Əli Həsənovun şöbəsinin əməkdaşları elə bir baş redaktor qalmadı ki, zəng edib yazı sildirməsin. Hansısa məmurun vətəndaşa qarşı yaratdığı problemi yazan saytın rəhbərinə zəng edilirdi və yazı sildirilirdi. Əks təqdirdə Mətbuat Şurasına çağırılıb... Çünki bu məmurların Əli Həsənov və onun kurasiyasındakı adamlarla anlaşması var idi.

 

Məhz həm də bu hallar bu gün həbs olunan və olunacaq məmurların 20 il rüşvət almasına, korrupsiyalaşmasına şəriat yaratdı. Mətbuat uzun illər bu məmurların əməlini işıqlandırmadı, onların adını belə çəkə bilmədi. Mən mətbuat deyəndə bu gün Əli Həsənovun dəstəyi ilə ortada dayanan media orqanlarını nəzərdə tuturam. Çünki ölkə gündəminin nəbzi onların yazdıqları ilə tənzimlənirdi.

 

Bəs necə oldu ki, Əli Həsənov vəzifədən uzaqlaşan kimi məmurların korrupsiya faktları gündəmə gəldi və onların əməlləri ifşa olundu? Nə baş verdi ki, prezident İlham Əliyev və onun yeni administrasiyası icra başçılarının, nazirlərin kasıb insanların yardımına belə göz dikənlərindən xəbərdar oldu?

 

Deməli, bunlar uzun illər prezidenti də informasiya blokadasında saxlayıblar. Baş verən bütün neqativ əməllər gizlədilib, hər dəfə "hər şey əladı" deyilib...

 

Prezident Administrasiyasına göndərilən məktublar Əli Həsənov və onun adamları tərəfindən, mənim Prezidentə yazdığım məktublar kimi gizlədilib.

 

Mətbuat sahəsində aparılan islahatlar bir qədər də dərinləşməli, daha diqqətli və əhatəli hədəflər müəyyənləşməlidir. Bu gün ölkə mətbuatını köhnə qaydalarla idarə etmək istəyində olanlar var və onlar eyni cəhdlər edirlər.

 

Bizimxeber.az

 
Ədil Hüseynli


Загрузка...


Oxunub: 9750 dəfə