Qusar məhkəməsində biabırçılıq

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 26 iyn 2019 [19:20]

Ötən gün Mahaçqala şəhərində “Azərbaycanlıların Mahaçkala şəhərində yerli milli-mədəni muxtariyyəti” cəmiyyətinin 5 ildən çoxdur ki, sədr müavini olan Rauf Azizovun Qusar rayonunda məhkəmə prosesi baş tutub.

 

BizimEsr.az Yenicag.az-a istinadən xəbər verir ki, Rauf Azizov Şimal Ərazi Baş Gömrük idarəsinin “Samur” Gömrük Postundan Azərbaycan ərazisinə daxil olarkən maşınından tapança mərmisi aşkar edildiyinə görə həbs olunub.


Maraqlıdır ki, Rusiya sərhədini keçərkən onun avtomobilinə baxış zamanı rus sərhədçilər tərəfindən heç nə aşkar edilməyib, ancaq Azərbaycan tərəfində maşında mərmilər peyda olub.
Ötən məhkəmə prosesi şahidlər iştirak etmədiyi üçün təxirə salınmışdı. İyun ayının 14-də baş tutan məhkəmə prosesində isə hal şahidlərindən biri olan Seyidxanov Aslan Məhəmmədağa oğlu iştirak edib. Hal şahidi məhkəməyə ifadə verən zaman maşının rəngindən və patronların sayından başqa heç nəyi xatırlamadığını deyib.


O, həm də məhkəmədə etiraf edib ki, bir neçə dəfə gömrük işçiləri tərəfindən hal şahidi kimi istifadə edilib. Bundan əlavə protokollarda adı tərcüməçi kimi keçən Xaçmaz Rayonu 1 Saylı Orta məktəbin rus dili müəlliməsi Əzizova Naibə Nazim qızının Rauf Azizova fərdi baxış keçirilən zaman orada olduğu iddia edilsə də, bu barədə hakim və vəkillərin suallarına cavabında Seyidxanov Aslan bildirib ki, həbs olunan diaspora sədrinin müavininə fərdi baxış keçirilən zaman orada qadın olmayıb. Maraqlıdır ki, şahidlərin ifadələri bir-biri ilə ümumiyyətlə uyğun gəlmir.
Əsas şahid “Samur” Gömrük postunun kiçik leytenantı Şükürov Rəfail Bəhram oğludur. Ancaq hər dəfə məhkəmə prosesi zamanı nədənsə Rəfail Şükürov “xəstə olduğu üçün” məhkəmədə iştirak edə bilmir. Onun “xəstəliyi” üzündən isə məhkəmə prosesi artıq neçənci dəfədir ki, təxirə salınır.


Ümumiyyətlə, Rauf Əzizovun məhkəmə prosesində iştirak edən hal şahidlərinin ikisi də dəfələrlə gömrük işçiləri tərəfindən hal şahidi kimi istifadə edildiyini özləri etiraf ediblər. Qanunvericilik və beynəlxalq konvensiyalar isə muzdlu hal şahidliyini qeyri-qanuni hesab edir.


Bu məhkəmə prosesində də, əsas şahid “Samur” Gömrük postunun kiçik leytenantı Şükürov Rəfail Bəhram oğlu xəstəliyi ilə əlaqədar gəlmədiyi üçün məhkəmə prosesi təxirə salındı.
Növbəti məhkəmə prosesi barədə oxucularımızı məlumatlandıracağıq.


Загрузка...


Oxunub: 70650 dəfə