“Uintonun uşaqları”...

  • Bölmə: Maraqlı
  • Tarix: 22 fev 2016 [13:38]

 Praqanın Mərkəzi dəmiryol vağzalının 1-ci Platformasında qabağıma belə bir abidə çıxdı. Adi abidəyə oxşayır. Amma öyrəndim ki, bunun arxasındakı tarix heç də adi deyil. Bu, böyük bir adamın kiçicik bir abidəsidir. 2 uşaqla dayanmış bir kişi. Bu kişi ser Nikolas Uintondur (Nicholas Winton), bu uşaqlar isə onun xilas etməyə çalışdığı 900 uşaqdan ikisidir. Təəssüf ki, Uinton uşaqların 250-ni xilas edə bilmədi. Amma onun bu xilasdan sonrakı davranışı... Yaxşısı budur, başdan danışım.

 Adamların qəhrəman olub-olmaması azı 50% təsadüflərdən asılıdır. Qəhrəmanlığını göstərəcək şəraitə düşməyən çoxlu adamlar olub yəqin. Nikolas Uinton da 1938-ci ilə qədər hamı kimi sakitcə yaşayırdı. Valideynləri alman yəhudiləri idilər, lakin sonradan xristianlığı qəbul etmişdilər. Nikolas Londonda birja makleri işləyirdi. 1938-də qərara aldı ki, məzuniyyətini İsveçrədə buzda sürüşərək keçirsin. Getdi İsveçrəyə. Bu zaman ona Praqada qaçqınların işi üzrə Britaniya komitəsində işləyən dostu Martin Bleyk zəng vurdu ki, təcili bir iş var, gəlsin Praqaya.

 Nikolas Praqaya gedir və orada Hitlerin 1938 Münxen sazişi ilə razılığı verilmiş Sudet işğalından və Almaniyada yəhudilər əleyhinə olmuş “Xrustal gecə”dən sonra Praqaya sığınmış nəhəng qaçqın ordusunu görür. Bu qaçqınların arasında çoxlu uşaq var idi. Hitlerin isə Praqanı tutacağı gözlənilirdi. Onda Nikolas qərara alır ki, bu uşaqları xilas etsin. O, demək olar ki, təkbaşına uşaqların Praqadan çıxarılması üzərində plan hazırlayır. Çünki Britaniya komitəsi yalnız qocalarla və əlillərlə məşğul idi, onları uşaqlar maraqlandırmırdı.

 Uinton qaldığı qonaq otağını büro kimi istifadə edir. Uşaqlarını xilas etmək istəyən valideynlər ora axışırlar. Nasistlər Uintonun izinə düşsələr də, o, görkəmini dəyişərək, vaxt udur, uşaqların şəkillərini, məlumatları yığırdı. O, Çexoslovakiyadan təcili çıxarılmalı olan 900 uşağın siyahısını tutmağı bacardı. 1939-cu ilin əvvəlində Uinton Londona qayıdır. Orada anası ilə birlikdə özlərini “Çexoslovakiya qaçqınlarının işləri üzrə Britaniya Komitəsinin Uşaq şöbəsi”nin əməkdaşları kimi təqdim edərək, uşaqları qəbul edəsi ailələr tapdılar. Hər ailə uşaq 17 yaşına çatana qədər uşağa baxmalı idi.

 

 

 Bu ailələri tapmaq üçün Uinton qəzetlərdə elanlar verdi, yüzlərlə ailə elanlara cavab verdi, çoxu pul bağışladı, pul çatmadıqda Uinton öz pulu ilə uşaqların ehtiyaclarını ödəməli oldu. Britaniyanın Daxili İşlər Nazirliyi də uşaqlara vizanı gecikdirirdi. Uinton sonradan xatırlayırdı ki, bu zaman müharibəyə cəmi bir neçə ay qalmışdı.

 Eyni zamanda Praqada Uintonun dostu Trevor Çadvik gestapo rəsmisi Karl Bemelburqla “dostlaşmışdı”, ona verdiyi pulun müvafiq yerlərə çatması müqabilində nasistlər uşaqların göndərildiyi qatarlara toxunmadılar, hətta Karl uşaqlara saxta sənəd düzəldilməsində də köməklik etdi.

 1939-cu ilin 14 martında Hitlerin Moraviya və Bohemiyaya girməsindən bir neçə saat əvvəl 20 uşaqla birgə ilk qatar Praqanı tərk etdi. Şahidlər danışırlar ki, o zaman vağzalda dəhşətli mənzərə var idi: uşaqlar ağlayır, onları heç yerə göndərməməsi üçün yalvarır, valideynlər uşaqlarından ayrıla bilmirdilər.

 

 

 Beləliklə, Uinton və dostları 8 belə qatar yola sala bildilər. Qatarlar Nürnberq və Kölndən keçərək, holland portu Huk van Hollana çatdı, sonra uşaqlar gəmilərlə Esseksə, oradan da yenə qatarla Londona göndərildilər. Orada isə Uinton və uşaqları qəbul edən ailələr onları qarşıladılar. Deyirlər ki, uşaqlar Londona çatanda Nikolas onlara yaxınlaşmayıb, sadəcə uzaqdan seyr edib. Qatarların Niderlanddan buraxılması isə yalnız Britaniya hökumətinin verdiyi qarantiyadan sonra mümkün olub. Çünki o vaxt Niderland hökuməti sərhədlərini yəhudi qaçqınlara bağlamışdı, aşkar edildikləri təqdirdə, Niderland onları almanlara təhvil verirdi.

 Lakin bu 8 qatardan yalnız yeddisi Londona çata bildi – cəmi 669 uşaq. Qalan 250 uşaq isə qatarlarda olarkən – 1 sentyabrda Hitler Polşaya girdi. II Dünya Müharibəsi başladı və sərhədlər bağlandı. Nəticədə bu uşaqların taleyi naməlum qaldı, böyük ehtimal, onlar konslagerlərdə ölüblər.

 5-ci “uşaq qatarı”nda xilas olan Vera Qissinq həmmüəllifi olduğu “Nikolas Uinton və xilas edilmiş nəsil” adlı kitabda (2001) yazır: “Alman düşərgələrinə göndərilmiş Çexiyanın 15000 yəhudi uşağından yalnız bir ovucu xilas ola bildi. Sağ qalmış Çexiya yəhudilərinin mənim nəslimdən olanlarının böyük hissəsini Uinton xilas edib.” Xilas olan uşaqlarının əksəriyyəti yetim qaldı. Onların valideynləri Osvensimdə, Berqen-Belsendə, Terezinştatda öldürüldü.

 Müharibədən sonra uşaqların çoxu Britaniyada qaldı. Lakin əksəriyyəti vətənə qayıtdı, İsrailə, ABŞ-a, Avstraliyaya köçdü. İndi o uşaqların 70-80 yaşı var və özlərini “Uintonun uşaqları” adlandırırlar.

 


 

 

 “Uintonun uşaqları” arasında “Fransız leytenantının arvadı”, “Aysedora” kimi filmlərin rejissoru Karel Reyş (Karel Reisz), amerikan nəzəriyyəçi fiziki, Nobel mükafatı laureatı Valter Kon (Walter Kohn), amerikan astronomu, Nobel mükafatı laureatı Arno Penzias, hüquq müdafiəçisi, Nürnberqin “Həkimlər prosesi”nin tərcüməçisi Hedi Epştayn (Hedy Epstein), genetik-pediatr Renata Laksova (Renata Laxova), BBC İsrailin yaradıcısı Hüqo Marom (Hugo Marom)... var.

 Lakin bu möhtəşəm işi barədə Uinton heç vaxt heç kimə danışmırdı – hətta arvadına da. Ona görə də bu böyük insanın əməli ictimaiyyətdən gizli qalıb – ta ki 1988-ci ilə qədər. Həmin ildə Uintonun arvadı evin damını yığışdırarkən, oradan Nikolasın 1939-cu ildə yazdığı, uşaqları qəbul edən ingilis ailələrinin ünvanlarını qeyd etdiyi dəftərçəsini tapdı. Orada yazılan bütün ünvanlara məktublar göndərildi və nəticədə Uintonun təxminən 80 “uşağ”ı tapıldı. Sonra BBC-nin “That’s life!” (“Həyat budur”) tok-şousu Uintonu izləyici kimi verilişə dəvət etdi. Onun üçün gözlənilməz bir şəkildə aparıcı Ester Ransen onun tarixini danışdı və zalda olan 20-dən çox “Uintonun uşağı”nı ayağa qalxmağa dəvət etdi. Uintonun yanında oturan qadın onun “uşaqları”ndandır və aparıcının elanından sonra qadın ona sarı çevrilərək, “Salam” deyir, qucaqlayıb öpür. Uinton öz “uşaqları”na baxır və ağlayır...

 Bundan sonra Uinton tanınır, 1994-cü ildə İsrail Prezidenti Ezer Vaytsmandan təşəkkür məktubu alır, 1998-ci ildə Çexiyanın Masarik ordeni ilə təltif olunur, 2002-ci ildə II Yelizaveta onu cəngavər titulu ilə təltif edir, 105 yaşında – 2014-cü ildə Çexiyanın ali mükafatı Ağ Şir Ordeni ilə təltif edilir.

 1 sentyabr 2009-cu ildə sonuncu - 3 sentyabr 1939-da yola salınıb, amma müharibənin başlanması ilə əlaqədar ünvana çatmamış “uşaq vaqonu”nun 70 illiyi münasibətilə 1930-cu illərdə istismarda olmuş lokomotiv və vaqonlardan ibarət xüsusi “Uinton qatarı” sağ qalmış “Uiontonun uşaqları” və onların qohumları ilə birlikdə Praqanın mərkəzi vağzalından Londona yola salındı. Yola salınarkən, Praqanın mərkəzi vağzalında Uintonun abidəsi açıldı. Qatarı isə Londonda Uinton özü qarşıladı.

 

 

 Uşaqların xilasından ibarət olan bu layihə ümumilikdə “Kindertransport” adlanır. Vyanada, Qdanskda, Liverpulda, Berlində, Londonda xilas edilmiş uşaqlara, bu əməliyyata abidələr qoyulub.

Bir dəfə Uintondan soruşmuşdular ki, niyə o, belə riskli işi görmək qərarına gəlmişdi. O, çiynini çəkərək cavab vermişdi: “Uşaqlar ölüm təhlükəsi qarşısında qalanda kimsə onların qayğısına qalmırsa, onları dərhal xilas etmək lazımdır. Əgər səndən başqa onları xilas edən heç kim yoxdursa, nə etmək olar ki?!”

Uintonun adına internet saytı və orada “Uintonun uşaqları”nın siyahısı var.

 Bizimesr.az 


Загрузка...


Oxunub: 9790 dəfə