Futbola nifrətinə görə filosof olan Umberto Eko - YAZI

  • Bölmə: Maraqlı
  • Tarix: 22 fev 2016 [08:41]

 Həyətdə futbol oynayanlardan biri, balaca uşaq uğursuz bir neçə zərbədən sonra ən passiv oyunçu halına gəlmişdi. Heç kim ona “pas” atmırdı, top ona tərəf gələndə isə kimsə araya girir, ayağından alıb, imkan vermirdi oynamağa. Özünü kənarlaşdırılmış hiss edirdi...

 

 Bir müddət sonra bu oyundan əlini-ayağını çəkdi. Balaca Umberto artıq futbol oynamamağa qərar vermişdi.

 

 Əslində oynadılmamaqdan daha çox dostları tərəfindən uzaqlaşdırılmaq, tək qoyulmaq yaralamışdı Umbertonu. Ona görə də buna səbəb olan futbola qarşı illərcə neqativ bir baxış bucağı sərgilədi. Futbol artıq onu dostlarından ayıran şeytani bir oyun idi. Hələ o vaxtlardan futbol üzərindən həyatı anlamağa çalışan Umberto digər böyük yazıçı və filosofların əksinə olaraq, dünyanı heyran qoyan bu oyuna həmişə mənfi tərəfdən yanaşdı. Bəli, artıq aramızda olmayan Umberto Eko futbolu futbola rəğmən sevməyənlərdən idi.

 

 “Futbol müasir dövrün ən geniş yayılmış dini, batil inancıdır” deyən Ekounun futbola görə yazıçı olduğunu desək, çox da şişirtmiş olmarıq. Əvvəlcə oynamaq bacarığı olmadığı üçün futboldan qopdu, sonra da atasının güclə apardığı stadionlarda izlədiyi matçlardan və azarkeşlərdən yola çıxaraq həyatı sorğulamağa başladı.

 

 Öncə futbolçuları ölçdü, biçdi... Ardınca tərəfdarları düşündü günlərlə. Nə bu oyun, nədə bu oyunun azarkeşləri heç bir böyük məna ifadə etmədi. Bu şəkildə davam edən illərdən sonra dünyanın ən çox hörmət edilən ədəbi-mədəni tənqidçisi və filosoflarından biri formalaşdı. Hər nə qədər bizi, idman mediasını “gəvəzəlikdə” günahlandırsa da, onun gəldiyi nöqtədə bizim “gəvələdiyimiz” futbolun böyük təsiri var. Bundan bizə də pay düşür...

 

 Eko uşaq yaşlarından futboldan yola çıxaraq, girdiyi sual labirintində elə yollara baş vurmuşdu ki, özünün də dediyi kimi “Tanrının varlığını və həyatın mənasızlığını kəşf etməyə” qədər uzanmışdı bu proses.

 

 “Futbol azarkeşlərinin qəribə bir qüsuru var” deyirdi italiyalı filosof: “Bu oyunla maraqlanmasan belə səninlə futboldan danışmağa davam edirlər”.

 

 “Mən fanatikləri sevmirəm”. Onun futbolla bağlı ən məşhur cümlələrindən biri də bu idi. Onun fikrincə fanatik futbol tərəfdarları bir-birilərinə hər cür ziyanı verməyə hazır, cahil kütlədi. Eko hesab edirdi ki, futbol fanatları dava, döyüş, qan tökmək kimi hərəkətlərlə yanaşı, eyni dinə inanan adamlar kimi eyni rəngdə paltarlar geyinib, eyni aksesuarları taxaraq oyunlara gedir, eyni ilahiləri (marşları) saatlarca söyləyərək bir ayin keçirirdilər.

 

 İtalyan filosof üçün futbol izləyiciləri sadəcə müşahidəçi bir qrupdu. Hətta futbol azarkeşlərini hardasa bir yerdə sekslə məşğul olan bir cütlüyü izləyən axmaqlardan fərqlənmədiyini bildirmişdi.

 

 Ancaq bütün bunlarla bərabər “futbolun ehtirasını sevirəm” etirafını eləməkdən də çəkinmirdi. Bəlkə də içində uşaq vaxtı oynaya bilmədiyi oyunların həsrəti qalmışdı...

 

 Dünya düşünən bir insanı itirdi. Eko futbol haqqında da düşünürdü. Son illərdə çox adamın eləmədiyini edirdi yəni. Ona görə, biz də itirdik.

 

 Bizimesr.az


Загрузка...


Oxunub: 5260 dəfə