"Bu açıq-aşkar həm Türkiyə, həm də NATO üçün böyük təhdiddir" — Politoloq rəyi

 Rusiya Türkiyənin hava məkanını yenidən pozub.


 Rusiya isə bu faktı təkzib edib. Türliyə isə bu haqdakı bütün sübutları Moskvaya və NATO-nun baş qərargahına göndərildiyini bildirərək Rusiyaya sərt xəbərdarlıq edib. ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi isə məsələ ilə bağlı bildirib ki, "Biz 29 yanvar 2016-cı il tarixində rus təyarəsinin Türkiyə və NATO-nun hava sahəsinə soxulduğunu sübut edə bilərik. Buna heç bir şübhə ola bilməz".

Bir müddət öncə "Patriot" zenit-raket komplekslərini Türkiyədən çıxardan NATO həmin sistemləri yenidən Türkiyəyə qaytarmaq qərarı verib.

 

 Baş verən prosesləri politoloq Qabil Hüseynli Ölkə.Az-a verdiyi açıqlamasında şərh edib:

 

 "Hal-hazırda Rusiya ilə Türkiyə arasında əsəb müharibəsi gedir. Bu əsəb müharibəsində ruslar özlərini çox həyasızcasına aparırlar. Ruslar iddia edir ki, Türkiyənin hava sərhədlərini pozmayıblar, halbuki bunu NATO da, ABŞ da, Türkiyənin özünün radarlar sistemi təstiq edir. Belə görünür ki, Rusiyanın bu bölgədə planlaşdırdığı şeylər var. Rusiya Türkiyə sərhəddində həm hərbi hissə yaratmaq fikrindədir, həm də hərbi hava bazası tikmək istəyirlər. Söhbət Türkiyə sərhədinə yaxın yerləşən Qamışlı bölgəsində tikilməsi planlaşdırılan hərbi bazadan gedir. Bu da açıq-aşkar həm Türkiyə, həm də NATO üçün təhdid elementidir. Rusiya yeni qırıcı-bombardmançı təyyarələrini ola bilsin Türkiyə sərhəddində tikməyi planlaşdırdığı hərbi hava bazasında yerləşdirsin. Rusiyanın bu ideyası dünyanı müharibə həddinə gətirmək kimi bir məsuliyyətsizlikdir. Bəlkə də bunu edənlər dərindən başa düşmürlər. Türkiyə lazım gəlsə, həmin bölgədə Rusiya ilə müharibəyə gedəcək.

 

 Türkiyənin hərbi hava qüvvələri hazırlıq vəziyyətinə gətirilib, "Patriot" raketləri yenidən ölkəyə gətirilir. Üstəlik də Ukrayna çox maraqlı və Rusiyanı lərzəyə sala biləcək bir bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Ukrayna 7 000 döyüş təcrübəsinə malik əsgər və hərbi texnikası ilə birlikdə Suriyanın istənilən bölgəsində, xüsusilə Türkiyə ilə sərhəd bölgəsində yerləşməyə hazırdır. Bütün bunlar onu göstərir ki, Rusiyanın siyasəti yanlışdır. Bölgəni barıt çəlləyinə çevirmək olmaz. Bunu Rusiyanın siyasi elitası bilməlidir ki, bölgəni bu dərəcədə hərbiləşdirmək, bölgədə maraqları olan dövlətlərin maraqlarına bu dərəcədə hörmətsizliklə yanaşmaq olmaz. Belə olanda müxtəlif cavab tədbirləri gələcək. İnanmıram ki, ABŞ başda olmaqla NATO ölkələri Rusiyanın bu cür həyasız addımına izləyici kimi qalsın. Onlar da hərəkətə keçəcəklər.

 

 Rusiyanın qorxutmaq, şantaj etmək, hay-küy salmaq kimi siyasəti var. Heç kim də bunun qabağına çıxmır və dinmir. Elə ki, kimsə Rusiyanın cavabını verir, o zaman rəsmi Moskva öz hərəkətlərini ölçüb-biçməyə başlayır. Rusiya hazırda öz məcrasından çıxıb. Yaxın Şərqdə ərəb dünyasına da, Qərb dünyasına da, o cümlədən Türkiyəyə də meydan oxuyur.

 

Bəzi ABŞ və avropalı hərbi generallar Rusiyanın hərbi gücünün böyük olduğunu söyləyirlər. Ancaq mən bu qənaətdə deyiləm. Rusiyada bu gün istehsal olunan təyyarə və tankın heç biri texnoloji yenilik deyil. Bunlar hamısı sovet dövründə konstruktorların işləyib hazırladığı hərbi texnikadır. Sovet ittifaqı 70 il ərzində xalqları istismar edərək onların pulu ilə silah istehsal etdi. Həmin silahların da 95-96%-i Rusiyaya qaldı. Qərb generallarının birdən-birə Rusiyanın əzəmətini, Putinin hərbi və siyasi gedişlərini bu cür şişirtməyə başlaması sözün əsl mənasında debillik əlamətdir. Düşməni tərifləyib, şişirdib öz xalqında xof hissi yaratmaq düzgün deyil.

 

 Türkiyə bir dəfə Rusiyanın "ağzını ovdu", Putinin cəzasızlıq sindromuna ağır zərbə vurdu. Putin isə PKK-ya yardım göstərməklə Türkiyəni içəridən çalxalamaqla Türkiyədən qisasını almağa çalışır".

 

 Bizimesr.az 


Загрузка...


Oxunub: 5842 dəfə