Mübariz Mənsimov: “Ərdoğanın oğlanlarını tanımıram”

  • Bölmə: Reportaj
  • Tarix: 29 noy 2015 [18:34]
Terrorizmdən qazanan şirkətlərin özü də terrorist sayılır

Azərbaycanda doğulmuş türkiyəli iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov ANS TV-yə müsahibə verib.
Mirşahin Ağayevin suallarını cavablandıran azərbaycanlı milyarder qlobal böhrandan, İŞİD-dən danışıb, ona ünvanlanan bir çox ittihamlara münasibət bildirib.
bizimesr.az həmin müsahibəni təqdim edir.

-Son zamanlar həm Azərbaycanda, həm də Türkiyə müzakirə olunan mühüm məsələlərdən biri Türkiyədə keçirilən parlament seçkiləri idi. Parlament seçkiləri məhz Rəcəb Tayyib Ərdoğanın böyük üstünlüyü ilə başa çatdı. Bir iş adamı olaraq necə bilirsiniz, bu qələbədən sonra sahibkarların vəziyyəti daha da yaxşı olacaq? Yoxsa hər hansı bir dəyişiklik gözləmək hələ tezdir?

-Bilirsiniz, bu, surpriz deyildi. Hazırda AKP son 10 il müddətində həm iqtisadi, həm də insanların rifah səviyyəsinin yüksəldilməsi istiqamətində çox böyük işlər görüb. Rəcəb Tayyib Ərdoğan artıq dünyada qəbul olunacaq güclü bir liderdir. Türkiyədə AKP-nin təkbaşına iqtidara gəlməsi ilə, nəticə etibarilə Türkiyə daha da inkişaf edəcək. Məhz bunun Türkiyə üçün pozitiv effekti olmacağını düşünürəm. Əsas da bunun bir sürpriz olduğunu qətiyyən qəbul etmirəm. Çünki xalq tərəfindən seçilib. Çox rahat bir şəkildə bəyan edə bilərəm ki, Türkiyədə keçirilən seçki demokratikliyi ilə Avropa ölkələrindən də üstündür. Bu gün xalq AKP-ni seçibsə, deməli, ona inanır.

-Bir müddət əvvəl də xalq AKP-ni seçmişdi. Amma bu seçimin nəticəsində hakimiyyətə gəlmiş bir partiya olaraq təkbaşına iqtidarı idarə edə biləcək gücə malik olmadı. Bu müddət ərzində nə baş verdi ki, AKP təkrar seçkilərdə böyük üstünlüklə qalib gəldi və yenidən hakimiyyəti təkbaşına təşkil etmək gücə sahib oldu?

-Dünyada baş verən məlum hadisələrdən sonra Türkiyə terrorizmə qarşı mübarizədə daha aktiv rol oynamağa başladı. Bu sırada Türkiyədə PKK-nın yenidən aktivləşməsi müşahidə olundu. AKP bunun qarşısını almaq istiqamətində lazımi addımlar atdı. Nəticə etibarilə hökumətin son 6 ay ərzində həyata keçirilən yenilikləri xalqı çox sevindirir. Türkiyə güclü bir dövlətdir. Amma insanların daxilində bir terror xofu var. Məhz AKP-nin “Terrora yox” deməsi və ona müharibə elan etməsi xalqın buna qarşı inamını bir daha artırdı.

-Yəni hesab edirsiniz ki, Ankara və İstanbulda baş verənlər seçicinin qəti qərara gəlməsinə təkan verdi?

-Mən elə düşünürəm. Bəlkə səhv edirəm, amma belə görürəm.

-Terrorizmin bu dərəcədə mütəşəkkil şəkil alması, miqyasını genişləndirməsində iş adamı olaraq siz hansı təhlükələri görürsünüz? Buna qədər - İŞİD-li və İŞİD-siz bu günə qədər… İŞİD daha çox itirir, ya daha çox qazanır?

-Əlbəttə ki, itirir. Terrorizmdən qazanan şirkətlərin özü də terrorist sayılır. Bu, mənim fikrimdir. Düzgün iş adamları isə terrorun vurduğu ziyandan öz neqativ təsirini alır. Məsələn, Parisdəki son hadisələr iqtisadiyyatın istənilən sahəsinə neqativ təsir edir. Bunlar insanlara ziyan verən insanlardır.

-Mübariz Mənsimov olaraq siz öz biznesinizi terrordan necə qoruyursunuz?

-Bizim işimiz çox rahatdır. Bilirsiniz, aldıq yük, apardıq yük. “Palmali” bu gün dünyanın ən önəmli şirkətləri ilə işləyir: BP, “Total”, SOCAR, “LUKoil”. Dənizçilik sektorunda indi çox şəffaflıq var. Amma bəzən bizim də adımızı hallandırırlar. Mən bunun üstündən gülüb keçirəm.

-Mən elə onu soruşmaq istəyirdim. Deyirlər ki, sizi birbaşada olmasa da dolayı yollarla İŞİD-lə əməkdaşlıqda az qala günahlandırırlar...

-Bunu deyən insanlar özləri də dediklərinə inanmırlar. Çünki bu, xəyal edilə bilməyəcək bir şeydir. “Palmali”nin son 12 ildə bütün gəmilərinin hansı yükü haradan götürüb hara apardığına qədər hər şey var. Yüklərin analiz sertifikatı olur. Bu da var bizdə. İstəyən şəxs internetə girib 24 saat, hətta 10 gün əvvəldən gəminin gedişatını izləyə bilər.

-Razılaşaq ki, mətbuatda, internet şəbəkəsində, sosial səhifələrdə müzakirəyə çıxarılmış mövzu olaraq bu və ya dirgər cəhətdən sizin mənsub olduğunuz sahəyə toxunur. Yəni işgüzar nüfuzunuza ziyan gətirir. Bununla bağlı hansı addımlarınız var?

-Biz bu məsələləri hüquqi yolla həll edirik və edəcəyik də. Onu qeyd edim ki, Azərbaycanda bəlli saytlar yazır, mən onları dırnaqarası media və saytlar adlandırıram. Onlar bizi illərdir əzməyə çalışırlar. Bunu bəlkə kiminsə sifarişi ilə və ya öz reytinqləri xatirinə edirlər. Bilmirəm. Bu, mafiya üsuludur. Biz bunların heç birində olmamışıq. Azərbaycan da hüquqi bir dövlətdir və biz buna inanırıq. Biz bu media qurumlarına qarşı məhkəmə iddiası qaldırmışıq və sonuna kimi gedəcəyik.

-Son məlumatlardan biri də Mübariz Mənsimovun Rəcəb Tayyib Ərdoğanın ailəsi ilə dostluq münasibətidir. Daha doğrusu, onun oğlu ilə biznes əlaqələrinin olması ilə bağlıdır. Guya siz nəsə vermisiniz onlara...

-Bunu Türkiyədə də yazdılar. Bəli, mən Rəcəb Tayyib Ərdoğana hörmətim sonsuzdur. Mən onu prezident olmamışdan əvvəldən də çox hörmət etdiyim bir insan və böyüyüm kimi tanıyırdım. O, hər zaman iş adamlarının yanında olub. O bilir ki, Türkiyənin gələcək inkişafı üçün nələr etmək lazımdır. Amma inanın ki, mən Rəcəb Tayyib Ərdoğanın oğullarını belə tanımıram. Hər kəs boş-boş danışır.

-Necə bilirsiniz, Mübariz Mənsimovu kim belə məşhurlaşdırmaq istəyə bilər? Nə münasibətlə birdən-birə?

-AKP-yə çox böhtanlar atırlar. Bəlkə düzü də var - bilmirəm. Amma bu gün hamıya aydındır ki, “Məcid Aslanov”, “Fariz İsmayılxanov” və “Leyla Şıxlinskaya” gəmiləri kimindir. Bunlar hamısı üzdə olan məlumatlardır. Sadəcə yalan xəbər yaymaqla deyil. Yalan xəbərin arxasında durmaq lazımdır. Gəmilərimizə verdiyimiz adlar Azərbaycanla bağlıdır. Bunlar Azərbaycanın elm xadimləri, qəhrəmanları, şəhid olmuş əsgərləri, tanınmış şəxsiyyətləridir. Bu gəmilərə bu adları mən vermişəm və mən həyatda olacağım müddətdə onlar dəyişməyəcək. Çünki mən bir azərbaycanlı olaraq öz xalqımla qürur duyuram. Bu gün onları belə ucuz ssenari ilə bir oyun hissəsi edən media mənsubları var. Utanmalıdırlar. Hər şeydən öncə onların köklərini öyrənmək lazımdır, araşdırmaq lazımdır ki, bunlar Azərbaycanı sevən insanlardırlarmı, Azərbaycanı sevirlərmi, yoxsa bir meyvənin içində olan qurd kimi Azərbaycanın içində ziyan verənlərdilər? Dəyişən, inkişaf edən Azərbaycanın içində...

-Hazırda dünya qlobal krizis keçirdir, maliyyə böhranı var. Siz də bu dünyanın tərkib hissəsi olaraq böhrandan kənarda deyilsiniz. Ümumiyyətlə, biznes adamları yaranmış vəziyyətdən çıxmaq üçün necə mübarizə aparır? Elə milyarderlər, milyonçular Azərbaycanda da var ki, onlar bu vəziyyətdən çıxa bilmir və müfsilləşirlər. Sizin bununla bağlı hansı reseptiniz var?

-Bizim əsas işimiz dənizçilik və gəmiçilkdir. Lazım olanda biz sənayedən kənara çəkilsək də əsas işimizi görəcəyik. Hazırda dünyanın bir çox yerlərində hazırlanan gəmilərimiz var. Təbii ki, bir logistik şirkət olaraq krizisdən öz payımızı alırıq. Heç bir şirkət deyə bilməz ki, krizis bizə təsir etmədi. Buna inanmaq bir az çətindir. Biz yeni gəmilər yaradaraq Azərbaycan qəhrəmanlarının adlarını yaşatmaqda davam edəcəyik.

-Bu qlobal böhran hansısa bir planınıza mane olmadı ki? Və Azərbaycanda, Türkiyədə və Rusiyada hansısa yeni işlər planlaşdırırsınızmı?

-Bilirsiniz ki, Azərbaycanda qida sektorunda işlər görürük. Məncə, “Pal Süd” Azərbaycanda yaxşı bir marka hesab olunur. Bundan başqa tək bir büromuz var. “Palmali”də 400-dən çox Azərbaycan dənizçisi işləyir. Bunların arasında dənizçisi də, aşpazı da, mekaniki də var. Başqa bir layihə yoxdur. Rusiyada da Sankt-Peterburq, “Rostov, Novorossiysk limanlarında işlər davam edir. Turizm işimiz də var. Amma orada azalmalar etmək fikrindəyik. Yenə də deyirəm, ən çox əsas işimizlə məşğul oluruq.

-Bizim mətbuatda sizin bəzi mehmanxanalarınızı guya satmağınız haqqında da yazırlar.

-Türkiyədə əvvəllər “Ağzı olan danışır” adlı reklam var idi. Bizim markalarımızın hamsı bizdədir. Heç bir şey satılmayıb, hamsı da işləyir. Sadəcə onlar genişlənməyəcək.

-Oturuşunuz, müvazinətiniz rahatdır. Mən düşünürəm ki, biznesini qurmuş və onun üçün arxayın olan adamın pozasıdır. Bununla da siz müəyyən mesajlar vermiş olursunuz. Təsəvvürümdə yanılmıram ki?

-Yanılmırsınız. Biz “Palmali” olaraq sovetlər birliyindən sonra qurulmuş bir şirkətik. Gələn il 20 illiyimizi keçirəcəyik. Nə qoca, nə də yeni şirkət deyilik. Artıq ilk istehsal olunan gəmilərimiz ömrünü başa vurdu. Yeni nəsil gəmilər yarandı. İşimizi sevirik və dünyada dənizçilik sektorunda işini ən yaxşı bacaranlardan biri olduğumuza inanıram. Biz dənizçilikdə inkişafa davam edəcəyik. Dayanmaq yoxdur!

Загрузка...


Oxunub: 7206 dəfə