“Mənə təklif etdi ki, birləşib prezidenti yıxaq…” - Sərdar Cəlaloğlu

  • Bölmə: Siyasət  
  • Tarix: 19 iyn 2020 [10:32]

27 il əvvəl Gəncədə qiyam qaldıran və ölkədə hərc-mərcliyin, xaosun yaranmasında, torpaqlarımızın itirilməsində xüsusi rolu olan Surət Hüseynovun son bir ayda xeyli fəallaşdığı müşahidə edilir. Uzun müddət susan bu fiqurun qəfildən fəallaşması birmənalı qarşılanmır. Bununla paralel olaraq, son günlər qısa müddətli AXC hakimiyyəti dövrünün təftişi, həmin hakimiyyətdə Rusiya agentlərinin olduğuna dair iddialar və s. bu kimi mövzular gündəmə gətirilir.


“AzPolitika.info” bu mövzulara dair kifayət qədər məlumata malik olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun fikirlərini öyrənib.
Bizimxeber.az müsahibəni təqdim edir:


– Sərdar bəy, son zamanlar Surət Hüseynovun fəallaşması müşahidə olunur. Sizcə, bunu nə ilə əlaqələndirmək olar? 
– Hesab edirəm ki, hazırda ölkədə Rusiyanın maraqlarını müdafiə edən insanlar fəallaşıb. Mən bunu deyəndə daha çox demokratik cümhuriyyətə hücumları, müstəqillik dövrünün təftiş edilməsini nəzərdə tuturam. Surət Hüseynova gəldikdə, düşünürəm ki, onun fəallaşması Azərbaycan siyasətinə heç bir şey vəd edə bilməz. Bunlar hamısı Rusiyanın əlində Azərbaycan hökumətinə və cəmiyyətinə kiçik təzyiq vasitələridir. Əgər 27 ildən sonra Surət Hüseynov danışmağa başlayıbsa, deməli onu danışdıran var. 27 il əvvəl bəyəm özü danışırdı? Surət Hüseynovun Azərbaycan siyasətinə qayıtmasını və ona təsirini mümkün hesab etmirəm. Lakin Rusiya müəyyən gücləri kiminsə ətrafına toplasa, ona dəstək versə, istənilən adi adam da təhlükəli gücə çevrilə bilər. O cümlədən də Surət Hüseynov.
– Sizcə, hazırda cəmiyyətimizdə Surət Hüseynovun nüfuzu və tərəfdarları barədə ciddi danışmağa əsas varmı?
– Sözsüz ki, onun tərəfdarları, onun kimi düşünən insanlar və ya onunla eyni ideyaya xidmət edənlər var. Yəqin ki, onların arasında Surətin nüfuzu, hörməti var. Amma Surət Hüseynovun ictimai rəyə təsir etmək imkanı sıfırdan da aşağıdır. Onun özü də müsahibəsində qeyd edib ki, hərbçi kimi fəaliyyət göstərib, ondan sonra ölkənin ictimai-siyasi həyatında heç vaxt söz sahibi olmayıb, ictimai rəyə təsir etmək gücündə olan hər hansı bir addım atmayıb və s. Asan deyil axı, kim nə vaxt istəsə çıxıb bir söz desin və olsun qəhrəman. Bu məsələlər ağıl, savad, uzaqgörənlik istəyir.
– Necə düşünürsüz, Azərbaycandakı siyasi qüvvələrin Surət Hüseynova münasibəti necə olmalıdır? Və onun siyasi partiya qurması mümkün görünürmü? 
– Mənə elə gəlir ki, demokratik qüvvələr təkcə Surət Hüseynov deyil, ümumiyyətlə bütün bu tip insanlarla çox ciddi məsafə saxlamalı, heç bir məsələdə ortaq mövqedən çıxış etməməlidir.
Partiya qurmağa gəlincə, bu, mümkün məsələ deyil, inanmıram ki, belə istəyə düşsün. Və onu da nəzərə almaq lazımdır ki, onun belə bir qabiliyyəti də yoxdur. Mən həyatda Surət Hüseynovla rastlaşmamışam. Onun çıxışlarını dinləmişəm, real həyatda etdikləri işləri bilirəm. Yəni Azərbaycanın yaxın tarixində oynadığı roldan məlumatlıyam.
– Niyə hesab edirsiniz ki, Surət Hüseynov Rusiyaya bağlı adamdır?
– Bəli, yüz faiz belədir. İyun qiyamı Rusiyanın layihəsi idi. Orada iştirak edənlərin də hamısı Rusiyanın adamları idi.
– O necə Rusiyaya bağlı adamdır ki, Türkiyədə oturub bizneslə məşğuldur?…
– Bunun məsələyə nə dəxli var? Türkiyə hakimiyyətində də Rusiyanın maraqlarını müdafiə edən admlar var. Bir daha deyirəm ki, son vaxtlar Azərbaycanın demokratik hərəkatı və müstəqilliyi ilə bağlı məsələlər yenidən təftiş edilməyə başlanıb. Bununla bağlı Fazil Qəzənfəroğlu böyük məqalə yazıb, Qüdrət Həsənquliyev zaman-zaman çıxışlar edir. Digər adamlar da mövqe bildirir. Bütün bunlar göstərir ki, Azərbaycan xalq hərəkatı ilə bağlı məsələlər təftiş edilir. Lakin heç də xalqımızın xeyrinə təftiş edilmir. Əksinə, faktların təhrif edilməsi, tarixə kölgə salınması müşahidə olunur. Bu da bizim maraqlarımıza xidmət etmir.
– İddia edirsiniz ki, Fazil Qəzənfəroğlu və Qüdrət Həsənquliyev kimi millətçi mövqedə olan şəxslərin də fikirləri zərərlidir?
– Bəli, zərərlidir.
– Maraqlı iddialardır… Sərdar bəy, bir müddət əvvəl Sülhəddin Əkbərin verdiyi müsahibə bir sıra qaranlıq məqamlara işıq saldı. Bu müsahibədə səsləndirilən fikirlərdə sizin üçün yeni olan bir şey vardımı?
– Mən hesab edirəm ki, Sülhəddin Əkbərin müsahibəsində əksər faktlar təhrif olunub. Hesab edirəm ki, onun sədri olduğu partiyanı qeydiyyata aldıqları üçün o da belə qarşılıq verir.
– Amma səhv etmiriksə, müsahibə onun partiyasının qeydiyyata alınmasından əvvəl götürülüb…
– Məncə, onun özü xahiş edib ki, gəlin məndən müsahibə alın və mən xalq hərəkatı haqqında nələrsə deyəcəyəm. Onun 27 ildən sonra birdən-birə belə bəyanatlar səsləndirməsini təsadüfi saymıram. S.Əkbərin dediklərinin heç birində fakt yoxdur. Müsahibəni aylar əvvəl verməsinə dair fikirlərə də inanmıram.
Məsələn, Sülhəddin Əkbər 2003-cü ilin 16 oktyabr hadisələrinə dair danışarkən, bizim haqqımızda da nələrsə deyir. Deyir ki, guya hökumət o vaxt məni dövlət çevrilişinin tərədarı olduğumu bildiyi üçün həbsdən buraxmayıb. Belə çıxır ki, mən dövlət çevrilişinin tərəfdarı olmuşam, onu isə çevrilişin əleyhinə olduğu üçün həbsxanadan buraxıblar. Ancaq əslində, biz hamımız bilirdik ki, Sülhəddin Əkbər Ramiz Rzayevlə bir neçə dəfə görüşüb. Hətta bir dəfə dedi ki, burada heç kim yoxdur, boynunuza alın ki, dövlət çevrilişinə hazırlaşırsınız. Biz də uşaq deyildik, bildirdik ki, əgər bu, çevrilişə hazırlaşmaqdırsa, sən hazırlaşırsan. Bildiyiniz kimi sonradan Avropa Məhkəməsi bizim günahsız olduğumuz və həmin dövrdə olan hadisələrin iğtişaş olmadığına dair qərar verdi. Azərbaycan tərəfi də bununla razılaşıb. Amma buna baxmayaraq, Sülhəddin Əkbər deyir ki, onlar dövlət çevrilişinə hazırlaşdıqları üçün həbs olunmuşdular. Baxın da, seçkilərə 5 gün qalmış bizim partiya İsa Qəmbəri müdafiə edib, o isə İsa Qəmbərin müavini olub. Mən onu yaxşı tanıyıram və onun bu çıxışlarının arxasında nələrin durduğunu da yaxşı bilirəm…
– Məntiqlə, Sülhəddin Əkbər vaxtilə xüsusi xidmət orqanlarında işləyən biri kimi məlumatı olmadan danışmağa üstünlük verməzdi…
– Onun özü də etiraf edir ki, işlədiyi dövrdə təcrid olunmuşdu və hətta Gəncəyə qoşun yeridilməsindən də məlumatı olmayıb. Söhbət ondan gedir ki, 4 iyun qiyamı Azərbaycan tarxini dəyişdirən hadisə olub. Əbülfəz Elçibəy 10 il hakimiyyətdə qalsaydı, Azərbaycan bir istiqamətdə inkişaf edərdi, amma indi tamam başqa bir istiqamətdə gedir. Odur ki, 4 iyun hadisəsi kiçik olay deyil. Bu, bir millətin və dövlətin tarixində həlledici hadisə olub.
– Siz həmin hadisələrdə hansısa formada iştirak etmisinizmi?
– Mənim iştirakım olmayıb. Biz Əbülfəz Elçibəyin tərəfini tutmuşuq və qiyamın əleyhinə çıxış etmişik.
– Sizə təklif edilməyib ki, qiyamı dəstəkləyin?
– Bir partiya sədri mənə təklif etdi ki, onsuz da Əbülfəz Elçibəy gedəcək, gəl bir mövqedən çıxış edək. Mənsə ona təklif etdim ki, gəl bu işdən çəkil. Təəssüf edirəm ki, çəkilmədi və qiyamçıları dəstəklədi. Mənə dedi ki, birləşib Elçibəyi yıxaq.
– Həmin adamın adını çəkə bilərsinizmi?
– Bu, Gəncə qiyamında aktiv olan partiya sədrlərindən biridir. Hər kəs bilir ki, həmin dövrdə proseslərdə aktiv iştirak edən partiya sədri kim olub.
– Etibar Məmmədovu nəzərdə tutursunuz?… 
– Bunu özünüz təhlil edin. Mən indiki halda odun üstünə yağla getməyin tərəfdarı deyiləm. Odun üstünə daha çox su atarlar…


Загрузка...


Oxunub: 13550 dəfə