Əsgəri öldürərək qaçan Talibançının məhkəməsi başlayır

12 il əvvəl hərbi hissəyə basqın edib, əsgəri öldürərək ölkədən qaçan, daha sonra "Taliban" terror qruplaşmasına qoşulan Saleh Adilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Məlumatına görə, təqsirləndirilən şəxs barəsində cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.


Qeyd edək ki, S. Adilovun saxlanması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.


Məlumatda qeyd olunub ki, barəsində axtarış elan edilən 1984-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Adilov Saleh Valeh oğlu Türkiyənin Van şəhərində saxlanılaraq ölkəmizə gətirilib.
Bildirilib ki, 2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilib, 1 əsgər öldürülüb, 1 əsgər ağır yaralanıb və hadisə yerindən müxtəlif silah-sursat oğurlanıb.


Saleh Adilov cinayət məsuliyyətindən yayınmağa müvəffəq olaraq, ölkə hüdudlarından kənarda qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində iştirak etmək üçün 2009-cu il mayın 14-də Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk edib, oradan isə qaçaq yolla Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gedərək “Taliban” terror təşkilatının himayəsi altında fəaliyyət göstərən Vüqar Hacızadənin rəhbərlik etdiyi terror qruplaşmasına qoşulub.


2010-cu ildə V.Hacızadə beynəlxalq antiterror koalisiyasının qüvvələri tərəfindən məhv edildikdən sonra həmin qruplaşmaya Saleh Adilov başçılıq edib. 
2014-cü ildə “Taliban” terror təşkilatının vasitəsilə o, gizli yolla Türkiyəyə, oradan isə Suriyaya getmək istəyərkən İran ərazisində yerli hüquq mühafizə orqanları tərəfindən həbs edilib. 
2019-cu ildə azad edildikdən sonra Saleh Adilov qeyri-qanuni yolla Türkiyə ərazisinə keçərək orada gizlənib. 


Загрузка...


Oxunub: 61160 dəfə