Dahi Ədil İsgəndərovun 110 yaşı tamam olur

Mayın 5-i Azərbaycan Teatr sənətinin nəhəng siması, SSRİ Xalq artisti, görkəmli rejissor və aktyor Ədil İsgəndərovun doğum günüdür.


Aktyor 1910-ci il mayın 5-də Gəncədə Rza bəy İsgəndərbəylinin ailəsində dünyaya gəlib. Ədil İsgəndərov, xarakteri, duruşu, xasiyyəti ilə əsl bəy oğlu idi.


Ədil İsgəndərov 68 il şərəfli ömür yaşadı. Azərbaycan teatrı və kinosunun adını, şöhrətini dünya səviyyəsinə ucaltdı. 25 il rəhbərlik etdiyi Akademik Teatrı onun adı ilə - İsgəndərov Teatrı deyərək çağırdılar. 

 

1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırırdılar. Rejissor debütü olan "Polad qartal" (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsil heyrət doğurmuşdu. Aydın hiss olunurdu ki, teatra əsil sənətkar gəlib. Ona görə də bir-birinin ardınca Adil İsgəndərov "Platon Kreçet", "Həyat", "Vaqif" tamaşalarına quruluş verdi. "Vaqif" milli teatr tariximizdə ən uğurlu tamaşalardan idi. Bu tamaşa bizim teatr tarixində əlamətdar hadisəyə çevrildi. Tamaşa Bakının mədəni mühitində yeni bir oyanış yaratmışdı. Adil İsgəndərovun sənətə gəlişi ilə ölkəmizin teatr həyatında yeni coşğun bir mühit formalaşmağa başladı. Hər şeydə yenilik var idi. Dekorasiyalar da, aktyor oyunu da, ümumi kompozisiya quruluşu da klassik ənənələrin yeni formada təqdimatı kimi çox maraqlı bir mənzərə yaratmışdı. Ələsgər Ələkbərovun şaqraq səsi bu quruluşa özünəməxsus bir ovqat gətirirdi. Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənirdi. "Xanlar", "Fərhad və Şirin", "Aydın", "1905-ci ildə", "Dumanlı Təbriz", "Şərqim səhəri", "Otello", "Türkiyədə" və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirirdi. Adil müəlliminin tamaşaları həmişə teatrsevərlərin ürəyincə olardı. Adil İsgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti idi. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdi.

 

Bu böyük sənətkar həm də güclü təşkilatçı idi. İnsanlarla dil tapmağı bacarırdı. Teatrda direktor işlədiyi illərdə tamaşaların keyfiyyəti yüksəldi, repertuarı zənginləşdi. Və yəqin ki, onun bu qabiliyyətini nəzərə alıb C. Cabbarlı adına "Azərbaycanfilm" kinostuduyasına direktor (1966–1974) təyin etdilər.


Ədil İsgəndərov  "O olmasın, bu olsun" filmində qoçu rolu, "Uzaq sahillərdə", sahibkar Rosselini, "Qara daşlar", "Məhəbbət dastanı", "26 Bakı komissarı" filmində yaratdığı obrazlarla tamaşaçıların sevimlisinə çevrilir.


 Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi "Axırıncı aşırım" filmində yavratdığı “Kərbalayı İsmayıl” obrazı olub. Adil İsgəndərov bu roluna görə Ümummitifaq festivalının "kişi rolunun ən yaxşı ifasına görə" nominasiyasının qalibi olub.

 

Aktyorun yaratdığı obrazlar içərisində "Qanun naminə" filmindəki Kamilov xüsusi qeyd edilməlidir. Kamilov rayonda İcraiyyə Komitəsinin sədridir. Əslində mənfi tipdir. Adil İsgəndərov bu rolu o qədər təbii, o qədər səmimi ifa edir ki, tamaşaçı onun istedadına valeh olur. 

 

"Arxadan vurulan zərbə" filmindəki prokuror Dadaşlı rolu bu aktyorun böyük istedad sahibi olduğunu bir daha təsdiqlədi. Bu, onun kinoda son aktyor işi idi.


Adil İsgəndərovun kino aktyorluğunda çox aydın sezilən bir səmimiyyət var. Onu tamaşaçıya sevdirən də elə istedadla səmimiyyətin vəhdətidir.


"Əhməd haradadır?" bu böyük sənətkarın quruluş verdiyi yeganə filmdir. Tamaşaçı onun səmimiyyətini hər kadrda duyur. O istəyirdi ki, azərbaycanlılar öz obrazlarını kinoda da olduğu kimi görsünlər. 

 

Adil İsgəndərovun yaradıcı irsi doğrudan da əsil məktəbdir. Və bu məktəbin yetirmələri hələ neçə-neçə illər kinomuzu, teatrımızı yaşatmaq qüdrətinə malikdirlər.


Загрузка...


Oxunub: 10670 dəfə