Fatih Kısaparmak Elçibəyə niyə yalan danışmışdı?

  • Bölmə: Müsahibə  
  • Tarix: 13 apr 2020 [16:05]

Yavuz Bülent Bakilerle Fatih Kısaparmağın Əbülfəz Elçibəy barədə xatirə-müsahibəsini təqdim edirik...


İyul ayının son günləridir. İstanbulda dözülməz isti var. Fatih Kısaparmak qonağımdır, Elçibəyi xatırlayırıq. Suallarıma böyük təvazökarlıqla cavab verir:


Gözlərini uzaqlara zilləyərək, duyğulanaraq…


– Sizin Elçibəylə məşhur bir görüşünüz vardı…


– Hə, elədir.

 

– Onunla ilk dəfə necə tanış olmuşdunuz?


– Ankarada. Ankara Xəstəxanasında.

 

– Elçibəyin Ankaraya gəldiyini kimdən eşitdiniz?


– O, Ankaraya gələndə mən İstanbulda idim, xəstəliyindən xəbərim yox idi. Bir gün dostum, Ankara Radiosunun prodüseri Kürşat Özkök zəng elədi. Dedi Elçibəy müalicə üçün Ankaraya gəlib, xəstəxanadadır. Ancaq çox adama demirlər. Bəy professor Mustafa Kafalıya deyib ki, Fatih Kısaparmakla görüşmək istəyirəm. Bilirlər ki, biz tanışıq, xahiş elədilər səni tapım. Təcili Ankaraya gəlməlisən.

 

– Əvvəllər tanışlığınız olmuşdumu?


– Xeyr, onu qəzetlərdən tanıyırdım. Məni dinlədiyini bilmirdim.

 

– Sonra?


– Təbii ki, anındaca Ankaraya getdim. Onda xəstəxananın baş həkimi Nusret Akyürek idi. Elçibəyin yanına onunla birlikdə getdik. Yanında professor Hatice Paşaoğlu ilə köməkçisi Ali Mürseloğlu vardı. Bir də Kürşat Özköklə mənim menecerim Mehmet Güngör. Bəy məni ayaqüstə qarşıladı. Mavi şalvar, mavi köynək geyinmişdi. O anı heç unutmaram: çiyinlərimdən tutdu. Heç nə demədən bir neçə dəqiqə gözlərimin içinə baxdı. Bəlkə, inanmayacaqsınız, amma bu bir-iki dəqiqə mənə bir saat kimi uzun gəldi. Beləcə səssiz-sakit göz-gözə baxdıq. Məni bir böyük qardaş, bir ata şəfqətiylə qucaqlayıb, bağrına basdı. Əlini öpmək istədim, qoymadı, həyəcanlı bir səslə: "Ozanlar heç kimin əlini öpməz, ozanların əli öpülər” dedi.

Bəy danışırdı:

 

– Ömrüm boyu çox böyük ideayalar uğrunda çarpışdım. Əvvəl Quzey Azərbaycanın müstəqil olmasını istədim. Allaha çox şükür ki, ölkəmiz artıq Rusiya köləsi deyil. İndi güney Azerbaycanın istiqlalını istəyirəm. Güney azadlığa qovuşmayınca saqqalımı qırxmayacam.

Bir başqa arzum da İstanbulu görmək idi. 1992-ci ildə İstanbula prezident kimi gəldim. Üsküdara getmək istədiymi dedim. Ora çatanda cangüdənlərdən aralandım, əyilib Fatih Sultan Mehmetin ayaq basdığı torpağı öpdüm. Fatih atamızın İstanbula baxdığı yerdə dayanmaq mənim arzularımın sırasında idi.

Sonra sizi görmək, sizinlə tanış olmaq, qucaqlaşmaq istədim. Bu duyğunun necə bir duyğu olduğunu təsəvvür edə bilməzsiniz. Allaha çox şükür, bu gün bu muradıma çatdım.

Sizə sevgim, ozanlıq ənənəmizi davam etdirməyinizi görəndən sonra başladı. Mən sizi Azərbaycan Xalq Cəbhəsini qurduğumuz, müstəqillik savaşı apardığımız o həyəcanlı günlərdə tanıdım, sazınızdan-sözünüzdən böyük zövq aldım. Sizi cəbhəçi dostlara da dinlədirdim. Sazınız və sözünüz şövqümüzü artırırdı. Nəğməsiz millət, millət olarmı?

 

– Doğrudan da vacib məqamdır . Elçibəy bizim musiqimiz haqqında başqa nələr dedi? Yahya Kamalın beyti var: "Çok kimse anlamaz eski musikimizden ve ondan anlamayan bir şey anlamaz bizden…”


– Dedi Anadolu musiqisinin harmoniya sistemi hələ qurulmayıb. Bu, çox böyük çatışmazlıqdır. Azərbaycanlı musiqişünaslar bu mövzuyla bağlı lazım olanı ediblər. Türk musiqiçilər isə qərbi kor-koranə təqlid edirlər. Bəy dedi ki, qərb musiqi sistemində 12 tam, 4 yarım səs var. Bizim səs zənginliyimiz qərbin səs dünyasından daha rəngli, daha zəngindir. Bizim musiqimizdə 500-ə yaxın məqam var. Bu da səs və saz zənginliyimizdən qaynaqlanır. Qərbin harmoniyası ilə öz sənətimizi zənginləşdirə bilmərik. Təqlidlə bir yana çıxmaq olmaz. Ona görə də tezliklə Anadolu musiqisinin harmoniya sistemini qurmalıyıq. Bu işdə sizə və sənət dostlarınızın çiyninə böyük yük düşür.

Ozanlıq çox mühüm sənətdir. Bu ənənə davam etməlidir. Çünki ozanlar dünənlə bu gün arasında körpüdür. Toplumların dəyişməyində, gəlişməyində birlik ruhu içində olmağında ozanların böyük rolu var.

Elçibəy görüşlərini böyük şövqlə bizimlə bölüşürdü. Sözün bu yerində ona bir sual verdim. Dedim, əfəndim, yəni siz "Nəğmə oxuyanlar qanun yazanlardan daha güclüdür”mü deyirsiniz? "Bəli, – dedi, ¬– millətlərin həyatında qanunların çox böyük önəmi var. Qanunsuz-nizamsız dövlət olmaz. Amma unutmamaq lazımdır ki, bizim bəzi qanunların ömrü 5-10 ildir. Uzaqbaşı 40-50 il. Amma nəğmələr elə deyil. 5-6 əsr yaşayan nəğmələr var”.

Sonra fikirlərinə belə davam etdi:

 

– Siz artıq 65 milyonluq Türkiyənin ozanı deyilsiniz. Bugündən sizin məsuliyyətiniz artdı. Ozanlığı qətiyyən Türkiyə sərhədləri daxilində düşünməyin. Siz 250 milyonluq türk dünyasının ozanısınız!

Sözün bu yerində bəy üzünü Kürşat Özkökə tutdu. "Kürşat bəy, – dedi, – TRT-ni diqqətlə izləyirəm. Görürəm TRT öz vəzifəsini layiqincə yerinə yetirmir. Fatih bəyə niyə bir veriliş vermirsiniz? Onun sazını-sözünü bütün dünyaya TRT yaymalıdır. Bu laqeydliyi anlaya bilmirəm”.

 

– Onunla ancaq musiqidənmi danışdınız?


– Xeyr, o gün mənə bütün türk dünyasının birliyindən danışdı. Bu mövzulardan söz açarkən necə həyəcanlandığını, gözlərinin dolduğunu gördüm.

 

– Bu barədə ondan eşitdiklərinizi bizimlə də bölüşməyinizi istərdim…


– Bəy dedi ki, ən böyük amallarımdan biri də bütün türk dünyasının birləşdiyini görməkdir. Bu hadisə dünya tarixini dəyişdirəcək. Amma təəssüf ki, mən o günü görməyəcəm. Çünki sağlamlığım imkan vermir. Yenə şükür olsun ki, siz türklərin o möhtəşəm dirilişinə şahidlik edəcəksiniz.

Əfəndim, dedim, türklərin birləşməyinə, dünyanın böyük dövlətləri imkan verərmi?

Qəzəbləndi, yüksək səs tonuyla dedi: "Bu böyük davanın qarşısına heç kim keçə bilməz artıq, Fatih bəy. Türkün rüzgarı əsməyə başlayıb. Bu rüzgara qarşı tüpürmək istəyənlərin tüpürcəyi öz üzünə bulaşacaq, görəcəksiniz!”

 

Soruşdum ki, sizcə, türk dünyasının birləşməyi neçə il çəkər? Dedi 25 il içində bütün türk dünyası birləşəcək, bütünləşəcək.

Söhbətinə belə davam etdi:

 

– Mən sizin Qazaxıstan konsertiniz barədə mətbuatdan oxumuşdum. Sonra sizi Qazaxıstanda dinləyənlərdən biri gəlib olanları mənə danışdı. 1998-ci ildə Almatıda konsert verdiniz. Salon ağzınacan doluydu. Xeyli adam çöldə qalmışdı.

 

Bu konserti 1998-ci ildə qazax-türk iş adamları təşkil etmişdi. Qazaxıstanda Axısxa türkləri, böyük bir plakat açmışdılar. Sizi gur alqışlarla qarşılamışdılar. Səhnədə oxuyarkən duyğulanıb ağlamışdınız, Asya-Can türkünüzü səhnədə bəstələyib oxumuşdunuz.

 

İndi məni diqqətlə dinləyin: 10 il bundan əvvəl desəydilər ki, qazax və türk iş adamları bir araya gəlib təşkilat yaradacaq, sizin Qazaxıstanda konsertinizi düzənləyəcək, inanardınızmı? Yəqin ki, yox.

Sizə öz yaşadığım bir əhvaları danışım. Mənim prezidentliyim vaxtında bir neçə rus balıqçısı icazəsiz Azərbaycan sularına girib tor atmışdılar. Onları nəzarətə götürdük. Rusiya prezidenti Boris Yeltsin zəng elədi. Həmişəki alışqanlığıyla, əmr tonunda danışdı, balıqçıları tez bir zamanda buraxmağımızı tələb etdi. Güldüm. Soruşdum ki, sən mənimlə Rusiya prezidenti kimi danışırsan, yoxsa qədim bir dostum kimi. Acı bir səslə "Rusiya prezidenti kimi!” dedi.

 

Belə bir cavab verdim: "Mən də Azərbaycanın dövlət başçısı olaraq danışıram və deyirəm ki, balıqçıları buraxmırıq!”

Bir müddət sonra Yeltsin yenə zəng elədi. Səsi dəyişmişdi. "Səndən bir dost kimi xahiş edirəm, balıqçıları buraxın” dedi.

Yalnız bundan sonra onun dediyini elədim.

 

Rus ordusunu ölkəmizdən mən çıxardım, rus gəmilərini bizim sulardan mən uzaqlaşdırdım. Dünən bu işlərə imkansız kimi baxırdılar. Bu gün görürlər ki, mümkün imiş.

İndi böyük birliyimizə xülya kimi baxanlar sabah onun canlı şahidi olacaqlar. Biz Türkiyə türkləriylə bir millət, iki dövlətik. Dilimiz birdir. Birləşməyin ilk addımı da dilin birliyində, gücündədir!

Elçibəyin bu sözləri mənə bir məqamı xatırlatdı. Onunla öz müşahidələrimi bölüşdüm. Əfəndim, dedim, mən Elazığlıyam. Bir zamanlar Harput ləhcəsini araşdırdım. Yeddi yüzə yaxın söz aşkarladım. İndi minə yaxınını bilirəm. Sonra gördüm ki, bu sözlər Kərkük və Azərbaycan torpaqlarında da eynən bizdəki kimi işlənir. Bu araşdırmalar barədə kitab da yazdım: "Dil folklorunda Harput ləhcəsi”.

Dedim biz də azəri kökənliyik, anamın nənəsi Türkiyəyə Qubadan gəlib. Elçibəy azəri ifadəsinə etiraz elədi: "Yer üzündə bir türk milləti var. Azərbaycan coğrafiyanın adıdır. Bu coğrafiyada ruslar da yaşayır, ermənilər də, yəhudilər də gürcülər də. Amma onlar türk deyil. Azərbaycan coğrafiyasında doğulan başqa millətlər özlərinə azəri deyə bilərlər. Biz isə özümüzə "Azərbaycan türkləri” deməliyik”.

 

Bəy böyük eşqlə danışırdı. Bir ara baş həkim Nusret Akyüreklə göz-gözə gəldik. Baxışlarıyla "Amandır, xəstəmizi çox həyəcanlandırmayaq” deyirdi.

Getmək üçün böyük bəydən rüxsət istədim. Birlikdə ayağa qalxdıq. Və ömrüm boyu unutmayacağım bir hadisənin şahidi oldum. Elçibəy əlləri ilə çiyinlərimi tutmuşdu. Nəsə demək istəyirdi, amma deyə bilmirdi. Gözlərinin qaynadığını gördüm. Xəfifcə yerində səndələdi. Sanki çiyinlərimdən yıxılmamaq üçün tutmuşdu.

Baş həkim həyəcanla "Tez otağı boşaldın, xəstəni tək buraxın” dedi.

 

Elçibəyi yatağına uzatdılar. Biz tez çıxdıq. Aşağı qatda dayanıb, bəydən bir xəbər almaq üçün gözləyirdik. Bir saat keçmişdi, heç bir bilgi ala bilmirdik. Bu vaxt köməkçisi Əli Mürsəloğlu gəldi. Heç yerə getməyin, bəy sizi yola salmaq üçün aşağı düşəcək dedi.

 

Çox narahat oldum. Əli qardaşım, nə ehtiyac var dedim. Gedin deyin Fatih artıq gedib. Narahat olmasın. Sağ olsun, Əli bəy də anlayışla qarşıladı. Bəyin yanına qayıtdı. Mən də barmaqlarımın ucunda – yavaş-yavaş xəstəxanadan çıxdım.

 

Millətimizin bu şərəfli, əsilzadə, idealist övladına min rəhmət olsun!


Загрузка...


Oxunub: 54760 dəfə