Koronavirus buraxılış imtahanlarını təxirə saldı, ali məktəblərə sənəd qəbulunun vaxtı dəyişdirildi

Azərbaycanda koronavirusa görə 11-ci sinif şagirdləri üçün buraxılış və rezidenturaya qəbul imtahanları təxirə salınıb, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə dəyişdirilib. 


Bizimesr.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün aprelin 5-i, 12-i və 19-da keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarının yeni tarixi Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun müəyyən ediləcək.

 

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulunun başlanılması 16 mart - 14 aprel müddətində nəzərdə tutulsa da, ərizə qəbulunun yeni vaxtı 30 mart-27 aprel tarixlərinə dəyişdirilib.

 

Bundan əvvəl təxirə salınan digər imtahanlar 9-cu siniflər üçün buraxılış imtahanları və 9 illik təhsil bazasından kollecə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, həmçinin cari ilin məzunları üçün əlavə xarici dil üçün qəbul imtahanının yeni vaxtı da müəyyənləşdirilərək elan olunacaq.

 

 

Təhsil nazirinin müavini Firudin Qurbanovun imzaladığı əmrə əsasən, Azərbaycanda ali təhsil müəssisələrində dərs ili 2 həftə uzadılıb. Nazirlik bildirib ki, "dərslər martın 27-də başlanacaq və nəzərdə tutulduğu kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək".

 

Bu dəyişiklik buraxılış kurslarının tələbələrinə şamil olunmayacaq.

 

Azərbaycandakı bütün təhsil müəssisələrində tədris koronavirus təhlükəsinə görə martın 3-dən 9-na qədər Nazirlər Kabinetinin qərarı ilə dayandırılmışdı.

 

Daha sonra bu müddət martın 27-dək uzadılıb.

 

Təhsil Nazirliyi bu müddət ərzində təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiya və digər qabaqlayıcı tədbirlərin həyata keçirildiyini bildirmişdi.

 

Qeyd edək ki, Azərbaycanda koronavirusa ilk yoluxma halı 28 fevralda qeydə alınıb.

 


Загрузка...


Oxunub: 9160 dəfə