Güc ilə yanaşı mənəvi hazırlıq da çox vacibdir - Dünya çempionu

  • Bölmə: İdman  
  • Tarix: 10 mar 2020 [14:28]

Dəfələrlə pauerliftinq üzrə dünya və Avropa çempionatının qalibi olan "Zirvə" BİK-nun üzvü Ramil Əhmədov Sport7.az saytına müsahibəsində idmana gəlişindən, ölkəmizdə bu idman növünə diqqətdən və bir sıra maraqlı məqamlardan bəhs edib... 


- Əvvəlcə, sizi yaxından tanıyaq...

- 6 may 1988-ci il tarixində anadan olmuşam. C.Naxçıvanski adına Hərbi Litseyi bitirdikdən sonra Azərbaycan Texniki Universitetə qəbul olmuşam. 2011-ci ildə hərbi xidməti tamamladıqdan sonra bir il DİN-in Daxili Qoşunlarında ehtiyatda olan gizir kimi qulluq etmişəm. 2012-2015-ci illər arasında İçərişəhər Dövlət Tarix Memarlıq Qoruq idarəsində böyük mütəxəssis kimi çalışmışam. Ailəliyəm, iki övladım var. 

 

 

- Maraqlıdır, idmana gəlişiniz necə oldu? O illəri necə xatırlayırsınız? 

- 2006-cı il idi. Universitetdə I kurs tələbəsi idim. Yaxın dostumun məşq üçün idman zalına getdiyini öyrəndim və onunla getmək istədim. 2007-ci ildən artıq məşqlərə daha ciddi yanaşmağa başladım. Çünki Bəxtiyar müəllimlə tanış olmuşdum və o, bizi pauerliftinq ilə məşğul olmağa dəvət etdi. 2008-ci ildə qatıldığım ilk yarışdaca Bakı çempionatının qalibi oldum. 

- Əldə etdiyiniz nailiyyətlərdən bəhs edərdiniz...

- 2008-2019-cu illər arasında dəfələrlə Azərbaycan çempionatının və kubokun qalibi olmuşam. 2012-ci və 201-cü illərdə Avropa çepionatının gümüş, 2015, 2016, 2018-ci illərdə isə qızıl medallar qazanmışam. 2016-cı ilin oktyabr ayında ABŞ-nın Luisiana ştatında, 2017-ci ildə Rusiyanın paytaxtı Moskvada WPC federasiyasının təşkil etdiyi Dünya çempionatının, 2019-cu ilin dekabr 4-8 tarixləri arasında Moskvada WRPF versiyası űzrə Dünya çempionatının mütləq qalibi kimi qızıl medalları qazanmışam. Bunlarla yanaşı ölkəmizdə və ölkə xaricində keçirilən bir sıra turnirlərin də mükafatçısı olmuşam. 

2018-ci ildə cənab nazirin əmri ilə mənə Azərbaycanın əməkdar idman ustası, idman dərəcəsi və döş nişanı verilib. 

2019-cu ilin 25 dekabr tarixində isə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-olimpiya idman nővlərinin (pauverliftinq) inkişafında xüsusi xidmətlərə görə Fəxri Fermanla təltif olunmuşam.

 

 

- Ölkəmizdə pauerliftinq diqqət hansı səviyyədədir? 

- İldən ilə diqqət artır. Sosial şəbəkələr, virtual aləm pauerliftinqin məşhurlaşmasına və gənc nəsildə bu idman növünə marağın artmasına bir nömrəli vasitədir. Əlbəttə dövlət tərəfindən də idmana və idmançılara diqqət, qayğı var. 

- İdmanın pauerliftinq növünün digər idman növlərindən üstün və çatışmayan cəhətləri nələrdir? 

- Hər bir idman növü kimi bizim idman növündə də əsas məyar sağlam bədəndə sağlam ruh olar prinsipidir. Peşəkar idman ilə həvəskar idmanı eyni tutmaq olmaz. Peşəkar idmançının əsas məqsədi beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etmək, himnimizi səsləndirmək və bayrağımızı dalğalandırmaqdır. Pauerliftinq idman növündə güc və dözümlülülk amilləri ilə yanaşı mənəvi hazırlıq da çox vacibdir. Bizim idmanla məşğul olanlar həm güclü, həm də mənəvi cəhətdən daha dayanıqlı olurlar. Çatışmayan cəhəti isə hələ ki, qeyri-olimpia idman növü olmasıdır. 

 

 

- Bildiyim qədərilə həm də məşqçi olaraq fəaliyyət göstərirsiniz...

- Bəli, "VITR Fitness"də məşqçiyəm. Məşqçi işləmək çox gözəl bir peşədir. Daim öz üzərimdə işləyirəm. Həm bu sahədə bildiklərimi artırmağa, həm də tələbələrimə nümunə olmağa çalışıram. Biz idmana gələndə maliyyə məqsədi ilə gəlməmişik. Desəm ki, pauerliftinq mənim qanımdadır, yalan olmaz. Mən öz sahəmə çox düşkünəm, çalışıram həm vətənimdə bu idman növünü təbliğ edim, həm də vətənimi dünyada layiqincə təmsil edim. Bu il də mötəbər və vacib yarışlar var. İnanıram ki, mən bu il 2019-cu ildə də daha məhsuldar çıxışlar edib, Azərbaycanımı necə lazımdır təmsil edərəm. 

 


 

Загрузка...


Oxunub: 31040 dəfə