Əməkdar artist Gülşən Əkbərovanın doğum günüdür

Bu gün Azərbaycan Respublikasının əməkdar artisti, ssenari müəllifi, aparıcı, redaktor, Azərbaycan televiziyasının ilk diktor-jurnalisti Gülşən Əkbərova doğum gününü qeyd edir. 

Gülşən Əkbərova 1953-cü il martın 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1970-ci ildə 190 nömrəli orta məktəbi fərqlənmə ilə bitirib, S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub. Telejurnalistikaya sonsuz həvəsi elə ilk tələbəlik illərindən onu televiziyaya bağlayır. 17 yaşından ştatdankənar müxbir kimi ilk qələm təcrübəsini o zaman televiziyada hazırlanan “İlham”, “Sabahın ustaları”, “Dostluq”, “Efirdə gənclik” verilişlərində sınamağa başlayır. 1971-1975-ci illərdə müəllifi və aparıcısı olduğu “Yaşıdlarım”, “Romans axşamı”, Azərbaycan televiziyasının ilk canlı şou proqramı “Tələbə klubu” az vaxtda ona populyarlıq gətirdi.

1975-ci ildə jurnalistika fakültəsində ali təhsilini müvəffəqiyyətlə başa vuran Gülşən Əkbərova təyinatla 1975-ci il aprelin 1-də Azərbaycan televiziyasına işə götürülür. Müxtəlif vaxtlarda “Musiqi verilişləri” baş redaksiyasında, “Xəbərlər” baş redaksiyasında redaktor, müxbir, şərhçi kimi fəaliyyət göstərib. Eləcə də uzun illər “Xəbərlər” proqramının aparıcı diktorlarından biri kimi dövlət əhəmiyyətli rəsmi materialları, fərman və sərəncamaları xalqa təqdim edib, bayram nümayışlərində, hərbi paradlarda canlı yayınla kamera qarşısında reportajlar aparıb.

Onun müəllif və aparıcısı olduğu “Sənət sevincləri”, “Sənətkar ömrü”, “Dünya bir pəncərədir” silsiləsindən ədəbi-bədii proqramları, eləcə də Azərbaycanın iqtisadi, ictimai və mədəni həyatını əks etdirən (1975-1995-ci illər) reportajlar Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılır.
Gülşən Əkbərova Azərbaycan Televiziyasının ilk dirtor-jurnalistidir. 1979-cu ildən Azərbaycan jurnalistlər birliyinin üzvüdür.

O, hazırda Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında böyük redaktor vəzifəsində çalışır. Gənc aparıcılarla, jurnalistlərlə işləyir, peşəkar təcrübəsini onlarla paylaşır. Eləcə də Azərbaycantelefilm yaradıcılıq birliyində tərcüməçi kimi fəaliyyət göstərir.  40-dək bədii və sənədli filmi dilimizə çevirib. Həmçinin peşəkar diktor kimi televiziyada hazırlanan ədəbi-bədii verilişləri, televiziya filmlərini səsləndirir.


Загрузка...


Oxunub: 18870 dəfə