Koronavirusla əlaqədar Biləsuvarda 100 çadır quraşdırılıb

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 28 fev 2020 [17:29]

Biləsuvar rayonunda Fövqəladə Hallar Nazirliyinin ikinci mərhələ qəbul çeşidləmə məntəqəsi fəaliyyətə başlayıb.

Məlumata görə, bu məqsədlə Biləsuvar gömrük-sərhəd keçid məntəqəsinin yaxınlığında 500 nəfərin yerləşdirilə biləcəyi 100 çadır quraşdırılıb.
FHN-nin Mülki Müdafiə Qoşunlarının Tibb Xidməti rəisi polkovnik Elçin Əligülov APA-ya bildirib ki, sərhədi keçən bütün insanların ilkin müayinə çeşidlənməsi elə gömrük buraxılış məntəqəsində təşkil olunur.

Orada aşkar olunmuş şübhəlilər müvafiq tibbi müəssisələrə göndərilir: “Digərləri isə ikinci mərhələ qəbul çeşidləmə məntəqəsində çadırlarda yerləşdirilir və müayinə prosesi 6 nəfərdən ibarət həkim briqadası tərəfindən həyata keçirilir”.

E. Əligülovun sözlərinə görə, məntəqədə ilkin tibbi müayinə üçün bütün imkanlar var: “Burada da virusa yoluxmuş şübhəli şəxslər aşkarlanarsa, regionda yerləşən müvafiq tibb müəssisələrinə göndəriləcək”.

E. Əligülov bildirib ki, qurulmuş şəhərcikdə sanitar-epidemioloji vəziyyətə Gigiyena və Epidemiologiya Mərkəzi, FHN-nin Muğan Regional Mərkəzi tərəfindən nəzarət olunur: “Fövqəladə Hallar Nazirliyinin 100 nəfərdən artıq şəxsi heyəti prosesə cəlb olunub. Məntəqələr su, istilik, elektriklə təchiz edilib. Məntəqələrin mətbəxi, sanitar qovşağı, hamamı var”.

 

 


Загрузка...


Oxunub: 7390 dəfə