Lənkəran RMX: Pasientlərdə koronavirus aşkarlanmayıb

  • Bölmə: Region  
  • Tarix: 25 fev 2020 [11:25]

İranda koronavirusa yoluxanların və bu səbəbdən ölənlərin sayının artması Azərbaycanın bu ölkə ilə sərhəddə yerləşən cənub bölgəsində narahatlığa səbəb olub. 

Bölgədə xüsusilə son günlər həqiqəti əks etdirməyən məlumatlar yayılır. Lənkəranda 30-dan çox uşağın koronavirus şübhəsi ilə  xəstəxanaya yerləşdirilməsi barədə xəbər də bunlardan biridir. 

Bizim Əsr-in məlumatına görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasından apa-ya bildirilib ki, hazırda tibb müəssisəsi adi iş rejimində fəaliyyət göstərir. Qeyd edilib ki, xəstəxanaya yerləşdirilmiş pasientlərdə koronavirus aşkarlanmayıb: “Yayılan xəbərlərdə olduğu kimi, xəstəxanaya o qədər insan müraciət etməyib. Müraciətlər qış mövsümünə uyğun yayılmış kəskin respirator xəstəliklərlə əlaqədardır”.

Xəstəxananın Pediatriya Şöbəsinin müdiri Çingiz Rüstəmov bildirib ki, tibb müəssisəsinə gündə 10-15 nəfər müraciət edir: “Şəhərimiz mərkəz olduğuna görə, ətraf rayonlardan da bizim xəstəxanaya gəlirlər. Heç bir artım yoxdur. Şişirdilmiş söhbətlərdir, yalandır. Heç bir təhlükə yoxdur".

Xəstəxananın Yoluxucu Xəstəliklər Şöbəsinin müdiri Zəfər Fərzəliyev deyib ki, hazırda xəstəxanada olan 2 nəfərdən birində hepatit, hava-damcı infeksiyası aşkarlanıb: “Digər xəstələr də sağalıb, evlərinə buraxılıb”.

Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyindən verilən son açıqlamada ölkəmizdə hazırda koronavirusla bağlı vəziyyətin stabil olduğu və heç bir şübhəli hal aşkarlanmadığı bildirilib. Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.


Загрузка...


Oxunub: 12690 dəfə