Paşinyan Qarabağ danışıqları zamanı hərdən özünü dəliliyə vurur?

  • Bölmə: Siyasət  
  • Tarix: 28 yan 2020 [00:27]

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə sonu Qafanda keçirdiyi mətbuat konfransı zamanı Dağlıq Qarabağ münaqişəsinə dair verdiyi açıqlamalar bu ölkədə yenidən məsələ ətrafında kəskin polemikaya səbəb olub.


Xəbər verildiyi kimi Paşinyan keçmiş hakimiyyətdən Qarabağ məsələsində ona “ağır irs qaldığını” deyib, Serj Sərkisyanın vaxtında danışıqlar predmeti olmuş həll modelindən sitatlar gətirib. Deyib ki, keçmiş hakimiyyət danışıqlarda Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını, sülhməramlıların yerləşdirilməsini və regionun yükün hüquqi statusunun referendumda müəyyən edilməsini nəzərdə tutan sənədi müzakirə edib.


Və Paşinyan Dağlıq Qarabağda “prezidentliyə namizədlərə” müraciət edərək həmin sənəd barədə mövqelərini bildirməyə çağırıb. Ermənistan baş naziri deyib ki, əgər namizədlər həmin sənədi dəstəkləsə dərhal onu yenidən danışıqlar masasına qaytaracaq.


Lakin dərhal Dağlıq Qarabağ separatçılarının liderləri, qondarma “prezident seçkilərində” namizədlər “Madrid prinsipləri”nə əsaslanan həmin həll modelini rədd ediblər. Onlar bəyan ediblər ki, heç bir ərazi güzəştindən söhbət gedə bilməz və rayonların qaytarılması danışıqlar predmeti olmamalıdır, əksinə, həmin ərazilər məskunlaşdırılmalıdır.

Virtualaz.org xəbər verir ki, Paşinyanın Qafanda keçmiş hakimiyyəti qınayan çıxışına Serj Sərkisyanın Respublika partiyasından da reaksiya veriblər. Partiyanın adından danışanlar Paşinyanı qorxaqlıqda, Qarabağ məsələsinə dair axmaq bəyanatlar verməkdə ittiham ediblər.


Partiyanın mətbuat katibi, keçmiş vitse-spiker Eduard Şarmazanov bildirib ki, Paşinyan həmin çıxışı il Dağlıq Qarabağda “prezidentliyə namizədləri” pis vəziyyətdə qoyur.
“O, onlara müraciət edib deyir: mövqeyinizi bildirin. Bağışla, amma indi də mən sənə sual verirəm-bəs sən özün Qarabağ məsələsində hansı mövqeyin sahibisən? Kimsə Paşinyandan hansısa mövqe eşidib? Sabah Ordu Günüdür, fürsətdən istifadə edib Qarabağ məsələsinə dair öz konsepsiyanı dərc elə. Baş nazir Paşinyanın, mənim hətta ona baş nazir deməyə də dilim gəlmir, həmin vəzifəni tutan adamın dağıtmaqdan başqa heç bir konsepsiyası yoxdur. O, klassik olaraq ətrafındakı hər şeyi dağıdır”,-Şarmazanov bildirib.


Respublika partiyasının sədr müavini Armen Aşotyan isə bildirib ki, Paşinyan əlinin altında olan sənədlər paketinə istinad etməkdənsə qorxusundan KİV-lərdə dərc edilmiş məqalələrə istinad edir. Əslində isə, Qarabağa dair danışıqların bütün stenoqramı, yazışmaları onun əlindədir.


Aşotyan özünün Facebook səhifəsindən Paşinyana bir neçə sual da ünvanlayıb. Məsələn, o sual edir: Ermənistanda indiyədək heç olmasa bir lider belə olubmu ki, münaqişənin qarşılıqlı güzəştlər hesabına həll edilməli olduğunu deməsin? Yaxud Paşinyan özü danışıqları hansı sənəd əsasında aparır?


Aşotyan bildirib ki, “həmin adam”, yəni Paşinyan dair çevrələrdə “danışıqlar zamanı axmaq davranışlarını ört-basdır etmək üçün hərdən özünü dəliliyə vurmağa məcbur olduğunu” etiraf edib.


“İndi sən kimi dəli yerinə qoyursan? Bizi, yoxsa özünü, bəlkə xalqı?”,-Aşotyan Paşinyana sual ünvanlayıb.


Загрузка...


Oxunub: 16000 dəfə