Ailəsi Şahbaz Quliyevin tezliklə qayıdacağını gözləyir


14:53   23 Sentyabr 2019    Oxunub : 811
Ailəsi Şahbaz Quliyevin tezliklə qayıdacağını gözləyir
Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunacağını, onların vətənə qayıdacağını gözləyirik.

Bunu Azvision.az -a açıqlamasında Kəlbəcər girovu Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib.

Onun sözlərinə görə, Şahbazın ailəsi həmin günü səbirsizliklə gözləyir: “Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsi məsələsinin gündəmə gəlməsi sevindirici xəbərdir. Prosesləri diqqətlə izləyirik. Hələlik bizə dəqiq məlumat verilməyib. İnanıram ki, tezliklə şad xəbəri alacağıq”.

Qeyd edək ki, Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə rəsmi məlumat verib. Ermənistan rəsmiləri mətbuata açıqlamalarında əsir və girovların dəyişdirilməsini istisna etməyiblər.

Xatrıladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.


Загрузка...


Oxunub: 8640 dəfə