Qətlə yetirilən Nəcimə Babayevanın qızı İlham Əliyevə məktub yazdı

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 5 mar 2019 [21:27]

Xaçmazda məşhur iş adamı, “Arzu” Ticarət Mərkəzinin sahibəsi Nəcimə Babayevanın qətli yenidən gündəmdədir. 9 il ötməsinə baxmayaraq, qətlin gündəmdə qalmasının özəl səbəbləri var. Məsələni aktullaşdıran iş adamının yaxınlarının rayondan son aylarda dərbədər salınmalarıdır. Ötən illər ərzində qətlin üzərindən sirr pərdəsinin götürülməməsi, cinayət işinin nəticəsizliyi qətlin planlı şəkildə törədilməsi haqda söhbətləri yenidən gündəmə qaytarıb.

“Bizimxeber” amansızlıqla qətlə yetirilmiş Nəcimə Babayevanın qızı Gülnarə Babayeva Azırbaycan Respubikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubun surətini sizə təqdim edir.

Möhtərəm Prezident!

Mən – Həbibova Gülnara Xaçmaz şəhərində yaşayıram. Artıq 9 ildir ki, bir ailənin məqsədli şəkildə məhv edilməsinin təşkilatçısı olan Xaçmaz RİHB Şəmsəddin Xanbabayevin cinayətkar əməlləri barədə Sizə davamlı olaraq müraciət edirəm.

9 il bundan qabaq Xaçmazda Şəmsəddin Xanbabayevin düşmənçilik apardığı bir qadın sahibkar qətlə yetirildi. Bu mənim anam – ömrünün son gününə qədər mülkiyyətini əlində saxlamaq üçün Xaçmaz RİHB Ş.Xanbabayevlə apardığl mübarizənin sonunda evində müəmmalı şəkildə 73 yaşında xirtdəyi kəsilərək xüsusi amansızlıqla qətlə yetirilmiş və bu günədək ölüm işi bağlı qalmış Xaçmaz şəhərində yerləşən “Arzu” Özəl Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevadır.

Anamın qətlinə gətirib çıxaran yolda ona qarşı mübarizə aparanların bu günə qədər heç bir cəza almadan yenə də yüksək dövlət vəzifələlrində çalışdıqlarını nəzərə alsaq bu məktubda yazdıqlarım üçün nə qədər məsuliyyət daşıdığını bililrəm.

Anam – 5 uşaq anası, Yeni Azərbaycan Partiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, sahibkar Babayeva Nəcimə Qayıtmaz qızı 15 sentyabr 2010-cu il tarixində öz evində vəhşicəsinə qətlə yetirilmişdir. Validieynlərim müəllim olmuşlar. Anam 24 il müəllimə, 1980-1985-ci illər ərzində Xaçmaz rayonu Caparidze adına sovxozun həmkarlar təşkilatının sədri, 1985-ci ildən kolxoz bazarının direktoru işləmişdir. 5 uşaq hamımız ali təhsilliyik.

Anam 2000-ci ildə 15 il direktoru işlədiyi Xaçmaz kolxoz bazarını özəlləşdirərək onun bazasında “Arzu” Özəl Ticarət Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edir.

2006-cı ilin sonlarında anam Ş.Xanbabayevin bazarı anamın əlindən alınması, bazarın yerində yeni ticarət mərkəzi tikilməsi bağlı bəzi şəxslərlə gizli razılığa gəlməsi barədə məlumat əldə edir. Elə buna görə də bazarı satmaq qərarına gəlir, 2006-cı ilin dekabrında Ş.Xanbabayevin niyyətini bilən anam onunla görüşdüyü zaman ona xəbərdarlıq məqsədilə bazarı satmaq qərarını ona şəxsən bildirir. Bununla da hər şey dəyişir. Bazarın yerləşdiyi 2 hektara yaxın torpaq sahəsini ələ keçirmək üçün plan işə düşür.

Təcili 2007-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına xəyanətinə görə YAP-dan qovulan A.Yaqubov təcili Xaçmaz RKC-yə sədr təyin olunur. (Əmrin surəti əlavə olunur).

1 iyun 2007-ci il tarixində bazar yandırılır. Ticarət mərkəzində baş vermiş, daha doğrusu təşkil edilmiş yanğına görə anam üçün cinayət işinin açılması üçün hərəkətlərlə birlikdə rayon rəhbərliyi tərəfindən ortaya “yol planı” atılır. Həmin plana görə ticarət mərkəzinin ərazisindən yeni yol salınmalı, bunun üçün də ticarət mərkəzinin boşaldılması üçün fəaliyyətə başlanılır.(Xaçmaz bələdiyyəsinin məktubu əlavə olunur)

RİHB Ş.Xanbabayev tərəfindən idarə edilən, Ş.Xanbabayevin sağ əli və makleri olan RİHB-nın I müavini Akif Mərdanov tərəfindən təşkilatlandırılan qruplaşma üzvləri tərəfindən anama qarşı aparılan bazar müharibəsində artıq hər şeyə əl atılır. Məhz İCRA BAŞÇISINİN məqsədinin həyata keçirilməsi üçün bazarın torpağının ələ keçirilməsi oyununa rayon prokuroru Rasim Məlikov da qoşulur. Xaçmaz rayon prokuroru Rasim Məlikov anam N.Babayevanı rayon prokurorluğuna çağıraraq əvvəl onu həbslə hədələyərək bazarın ərazisini xoşluqla verməsini tələb edir. Heç nə alınmadığını gördükdə Xaçmaz RİHB Ş.Xanbabayevin xüsusi himayəsində olan Xaçmaz RİHB-nın birinci müavini Akif Mərdanovun rayon prokuroru R.Məlikova adi vətəndaş kimi yazdığı ərizə və bir qrup öyrədilmiş şikayətçinin Xaçmaz RİHB Ş.Xanbabayevə yazdıqları kollektiv və həm də anonim ərizələri əsasında (bazarın anamın əlindən alınaraq həmin ərazidə ( kimin tərəfindən, kimin pulu ilə ) yeni ticarət mərkəzi tikilməsi barədə ərizələrin surətləri əlavə olunur) AR Baş Prokurorluğunun tapşırığı ilə AR Vergilər Nazirliyi tərəfindən “Arzu” ÖTM MMC-də yoxlama təşkil olunur.

A.Mərdanov (Xaçmaz şəhəri, Gənclik küçəsi 34 saylı ünvanda yaşayan Mərdanov Akif Teyfur oğlu) həmin ərizədə həm ticarət mərkəzinin fəaliyyətinin dayandırılması, onun yerində yeni ticarət mərkəzinin yaradılması, həm də “N.Babayevanın rəhbərlik etdiyi “Arzu” Özəl Ticarət Mərkəzində baş verən qanunsuzluqların araşdırılması üçün komissiya yaradılması, ən əsası isə icra başçısının I müavini vəzifəsini tutan bir şəxsin komissiyanın işində iştirakının təmin edilməsi xahiş olunur. Ş.Xanbabayevin ən yaxın adamı olan A.Mərdanov yazdığı bu ərizə ilə RİHB-nın I müavini kimi həqiqətən də Ş.Xanbabayevin real müştərisi olmaqla bazarın alıcılarından biri olduğunu sübut edir.

Bu yoxlama da nəticəsiz qaldığından bazarın ərazisinin mübahisələndirildiyi məhkəmə prosesləri təşkil olunur. Məhkəmədə qarşı tərəf kimi Xaçmaz rayon kooperativlər cəmiyyəti (“Azərittifaq”) və qruplaşma tərəfindən idarə olunan RKC-nın payçıları çıxış edir. Hətta Xaçmaz bələdiyyəsi tərəfindən məhkəmə proseslərində A.Yaqubova Xaçmaz bələdiyyəsi adından nümayəndə kimi təmsil olunmaq etibar edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına xəyanətinə görə YAP-dan qovulan birinə ?

Nəzərinizə çatdırıram ki, RİHB-nın I müavini A.Mərdanov, qətl baş verdiyi zaman rayon polis şöbəsi cinayət axtarış bölməsinin rəisi işləyən (hal-hazırda Siyəzən RPŞ-nın I müavini) Arzu Rzayev, RKC-nın keçmiş sədri Azad Yaqubov, RKC-nın sədri Cariyə Abbasova və nəhayət, bu şəxslərin ağsaqqalı, “xaç atası” rayon torpaq şöbəsinin sabiq müdiri Adgözəl Tağıyev tat millətinə mənsub olmaqla bu cinayətkar qrupda birləşmişlər.

Digər tərəfdən bir qrup öyrədilmiş şəxs tərəfindən Xaçmaz rayon məhkəməsində anamın müəllifi olduğu “Dünya dərdimdən xəbərsiz” kitabında yazdığı şeirlərə görə Ş.Xanbabayevin şərəf və ləyaqətin alçaldılmasına görə 250000 manat təzminatın ödənilməsi tələbi qoyulan məhkəmə prosesləri təşkil olunur (İddia ərizəsi əlavə olunur). Ən əsası odur ki, məhkəmədə 250000 manat təzminatdan başqa bazarın bağlanması tələbi qoyulur. İddiaçəlardan biri – Nizami Şəfiyev yuxarı instansiyalara anam barədə yazdığı ərizənin əsasında AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən “Arzu” ÖTM MMC sifarişli şəkildə 2000 manat cərimə olunur.

Anam 3 ildən də artıq bir müddətdə mülkiyyəti uğrunda Ş.Xanbabayev kimi yüksək rütbəli dövlət işçisinin arxasında durduğu bir qrupla mübarizə apararaq məhkəmə proseslərini udur. Sonda anam evində sifarişlə xirtdəyi kəsilərək öldürülür.

Əvvəlcədən qurulmuş plana uyğun olaraq hadisə yerindən qatilə məxsus əl izlərini belə götürməyən rayon prokuroru R.Məlikov qardaşım Cavidi anamın ölümündə qatil kimi qələmə vermək üçün zəmin hazırlanır.

Rayon prokurorluğunda R.Məlikov və prokurorluğun baş müstəntiqi S.İsmayılov tərəfindən istintaqın rayon prokurorluğundan alınaraq Baş Prokurorluğa verilməsini tələb etməmək tələbi ilə şantaj edilirəm. İstintaqa rəhbərliyin rayon prokurorluğunda olduğu müddətdə anamın, həmçinin mənim guya “əxlaqsız” həyat tərzi keçirməyimiz, “narkoman”, “içki düşkünü”, anası ilə əmlak payından məhrum olduğuna görə ədavəti olan Cavid haqqında süni faktlar toplanır, Toplanılan “faktlara” görə belə qətl pozğun ailə üçün spesifik haldır, yəni bu yaşında belə həyat tərzi keçirən qadını oğlu Cavid öldürə bilərdi. Eyni zamanda anamın sürücüsü O.Azayev Xaçmaz RPŞ-da saxlanılarkən rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Arzu Rzayev (RİHB-nın I müavini Akif Mərdanovun həmkəndlisi və qohumu) tərəfindən N.Babayevanın övladlarından gizli saxladığı sevgilisi haqqında süni faktlar əldə edilməsi məqsədilə döyülərək qulağının pərdəsi partladılır.

Hadisədən 5 gün keçəndən sonra şikayətimizi nəzərə alaraq Baş Prokurorluq cinayət işinin istintaqını rayon prokurorluğundan alaraq Baş Prokurorluğun ACDİÜİİ-yə verir.

Bir tərəfdən anamın faciəli şəkildə qətlə yetirilməsi, onu tapan zaman keçirdiklərim, digər tərəfdən edilən şantaj və ölüm hədələrindən qorxub Baş Prokurorluğa şikayət etməsəydim nə olacaq idi ?

Möhtərəm Prezident!

Bu sualların bir cavabı var:

Cinayət işinin istintaqının öz əlində saxlamaqla qətlin törədilməsi motivini dəyişdirmək, rəhbərlikdən qətlin səbəblərindən ən realı olan N.Babayevanın mülkiyyətinin əlindən alınması barədə vacib məlumatları gizlətmək R.Məlikova çox lazım idi. Məsələ ondadır ki, R.Məlikov, S.İsmayılov, A.Rzayevin məqsədləri N.Babayevanı şəxsən tanımayan rəhbərlik qarşısında doğma oğlunu (nə qədər pis övlad olsa da) mülkiyyətdən məhrum edən, əvəzində qazandığı pullarla ağbirçək yaşında cavan sevgili “saxlayan” pozğun bazarkom obrazı yaratmaq idi. N.Babayevanın qızlarının əxlaqsız, oğlanlarının narkoman kimi ləkələnməsi R.Məlikova və onun bu ölüm işində qoruduqlarına lazım olan versiyanın sübut edilməsi üçün vacib şərtlərdən biri idi.

N.Babayevanın qətli və bu qətlə görə ailə üzvlərinin həbc olunacağı təqdirdə bütün məsələlər həll olunurdu: N.Babayeva aradan götürülür, ailəsi isə biabırcasına məhv edilir. Bundan sonra Ş.Xanbabayevin rəhbərlik etdiyi mütəşəkkil dəstənin ələ keçirmək istədiyi torpaq uğrunda onlara qarşı mübarizə aparacaq heç kim qalmırdı.

Ş.Xanbabayev A.Mərdanov və digərlərinə bazar açmaq üçün boş torpaq sahəsi satmırdı, keçmiş kolxoz bazarının bazasında yaradılmış “Arzu” ÖTM MMM-nin istifadəsində və icarəsində olan torpaq sahəsini satırdı. Satışı reallaşdırmaq üçün ilk növbədə həmin ərazini sahibinin əlindən almaq lazım idi. Artıq məlum idi ki, anam kimi mübariz bir qadın sağ ikən Ş.Xanbabayevə bazarın torpağını satmağa imkan verməyəcək.

Məhz elə buna görə də çox yaxşı düşünülmüş plan əsasında 2 hektara yaxın bir ərazini ələ keçirmək məqsədilə bazarla birlikdə satışa çıxarılan anamın fiziki məhvinə – qətlinə icazəli sifariş verilib.

Anamın qətlindən təxminən 1 ay sonra Ş.Xanbabayevin təqdimatı ilə A.Mərdanova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına xəyanət etdiyinə görə YAP-dan qovulmuş Azad Yaqubova “Tərəqqi” medalı verilir.

Əvvəl Akif Mərdanovun (RİHB-nın I müavini kimi Ş.Xanbabayevin ən yaxın adamı olan dövrdə) kürəkəni – Nəsimiyev Orxan Aydın oğlunun (MTN Sumqayıt şəhər şöbəsi), anamın qətlindən sonra Akif Mərdanovun Xaçmazda avara həyat tərzi keçirən biri kimi tanınan oğlu – Mərdanov Emil Akif oğlunun MTN sıralarına qəbul edilir.

2011-ci ilin iyun ayının sonlarında Ş.Xanbabayevin iqtisadiyyat məsələləri üzrə müavini Azər Haqverdiyev heç bir əsaslı səbəb olmadan Eldar Şıxəliyev adlı şəxsi əvvəl küçədə döyür, sonra döydüyü şəxsi şəxsən RPŞ-ya aparır (E.Şıxəliyevin döyülmüş vəziyyətdə şəxsən A.Haqverdiyev tərəfindən Xaçmaz rayon polis şöbəsinə gətirilməsinin video görüntüləri var). Boyunu sındırılan E.Şıxəliyevin vəziyyəti pisləşir, o, iyul ayının 10-da Bakı şəhərində (keçmiş Semaşko xəstəxanası) xəstəxanada komadan ayılmayaraq vəfat edir.

A.Haqverdiyev haqqında heç cinayət işi də qaldırılmır, heç nə olmamış kimi vəzifəsində qalır, əvəzində Ş.Xanbabayevin təqdimatı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilir. Bu ölüm işi də bu günə qədər açıq qalır.

Xaşmazda adam öldürmək bu qədər ucuz və asandır, yoxsa Ş.Xanbabayevin dəstəsində olanlar üçün bu belədir?

Nəticə isə odur ki, heç kimə qarşı rəsmən ittiham irəli sürmək olmur, anamın ölüm işi açılmır.

Ş.Xanbabayevin bu şəxsləri qorumaqdan başqa çıxış yolu yoxdur. Bu gün Ş.Xanbabayev və dəstəsi nə qədər çalışsalar belə bu ləkəni üzərləndən təmizləyə bilməzlər. Onların əlləri anamın qanına batıb.

Sahibsiz Akif Mərdanovun Ş.Xanbabayevdən başqa arxası olmayıb. Anamın ölüm işinin açılmamasıda əsas şərt – ölüm işinin açılmasına gedib çıxan yolların kimin “bağlaması”, “dərin”məsələləri kimin həll etməsidir.

Qətldən sonra keçən bu 9 il – bu qətlin arxasında duranların hər şeyi əvvəlcədən nəzərə aldıqlarını sübut etdi.

Qətldən sonra keçən bu 9 il – Ş.Xanbabayevin icra başçısı kimi yüksək dövlət vəzifəsini tutması qətlin bazarın ələ keçirilməsi istiqamətində törədilməsi versiyasının araşdırılması üçün keçən yolun nə qədər çətin, maneəli ən əsası ailəmiz üçün təhlükəli olduğunu sübut etdi.

Belə ki, 2017-ci ilin avqust ayının 9-da ticarət mərkəzinin ərazisində Xaçmaz rayon prokuroru Elxan Əbdürrəhimovun təşkilatçılığı ilə təxribat törədildi. Ticarət mərkəzində xırda ticarətlə məşğul olan əvvəlcədən öyrədilmiş Sadıqov Qurban və Sadıqova Cəmilə adlı vətəndaşlar hamının gözü qabağında anamın qəbrini nalayiq söyüşlərlə təhqir etməklə bizi təxribata çəkmək istədilər. Bizim baş verəcək təxribatdan 2017-ci ilin aprel ayından xəbərimiz var idi və hətta bu barədə AR Baş Prokurorluğuna məlumat vermışdik.

Biz Sadıqov və ailəsinin sadəcə oyunçu olduğunu, bütün bunların məni və ailə üzvlərimi təxriibata çəkməklə planlı şəkildə təşkil edildiyini bilirdik, bildiyimiz üçün təxribata getmədik. Qarşılıqlı şikayətlər əsasında Xaşmaz rayon Polis şöbəsində təhqiqat başlanılır və iş araşdırılması üçün Xaçmaz rayon Polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Şükür Hacıyevə verilir.

2017-ci ilin sentyabrında prokuror E.Əbdürrəhimov mənə xəbər göndərərək Sadıqov Qurbanın və anası Sadıqova Cəmilənin yenidən ticarət mərkəzinə qaytarmasam onların AR Baş Prokuroru cənab Zakir Qaralovun sentyabrın 27-də Quba şəhərində keçirələcək səyyar qəbuluna düşəcəyi ilə qorxutmağa çalışır. Mən də qarşılığında AR Baş Prokuroru cənab Zakir Qaralovun qəbuluna yazılıram. E.Əbdürrəhimov bundan xəbər tutan kimi mənə xəbər göndərir ki, qəbuldan çıxsam cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul ediləcək. Həqiqətən də, 2017-ci il 18 sentyabrında Xaçmaz rayon Polis şöbəsinin istintaq bölməsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilir. Mən də AR Baş Prokuroru cənab Zakir Qaralovun qəbulunua getmirəm. Mahir oyunçu olan E.Əbdürrəhimov 01 oktyabr 2017-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə verilən qərarı rədd edir, 01 noyabr heç bir cinayət tərkibi olmadığı halda guya fakt üzrə, əslində mənə qarşı AR CM-nin 322-ci maddəsi üzrə cinayət işi başlaması barədə məqsədli və qərəzli qərar verir.

Qurban və anasını bazara qaytarmaqla Ş.Xanbabayevlə hazırladıqları, amma başa çatdira bilmədikləri planı sona çatdıra bilməyən E.Əbdürrəhimov bu qərarı verməklə ən oprimal yolu seçir, Q.Sadıqova məni şantaj etmək üçün daha geniş imkanlar verir. Q.Sadıqov mənim həbsimi tələb edir, əks təqdirdə özünü yandıracağını bildirir. AR Baş Prokurorluğuna Sadıqovların ailə üzvlərindən kiminsə guya nə vaxtsa belə bir addım atdığı barədə yalan məlumat verməklə rəhbərliyi Q.Sadıqovun həqiqətən özünü yandıracağını inandırmağı bacaran E.Əbdürrəhimovun məqsədi Qurbanı yenidən bazara qaytarmaq idi.

Biz anamızın Rusiyanın konkret hansı şəhərindən kimin sifarişi ilə gətirilən cinayətkar killer tərəfindən öldürülməsi barədə məlumat əldə etmişik və hüquq-mühafizə orqanlarından cinayət işinin açılması üçün əməli tədbirlər görmələrini gözləyirik.

Ş.Xanbabayevə sədaqətlə xidmət edən Xaçmaz rayon prokuroru E.Əbdürrəhimov bizi hövsələdən çıxarmaqla təxribata gedəcəyimiz halda anamın ölüm işinin açılmasını tələb etməyə heç kim qalmayacaq.idi. Bu 2 ikl ərzində E.Əbdürrəhimovdan yuxarı instansiyalara etdiyim heç bir şikayətə baxılmadı, E.Əbdürrəhimov isə mənə qarşı verilən bu qərarın AR Baş Prokurorluğunun rəhbər şəxslərinin göstərişi verdiyini deməklə vəziyyətdən çıxmağa çalışdı. Indi də heç bir cinayət tərkibi olmadığı halda guya AR DİN-nin bəzi rəhbər şəxsləriin şifahi göstərişi ilə məni təqsirləndirilən şəxs elan edərək cinayət işinin məhkəməyə göndərilməsi üçün qərar verilməsi gözlənilir.

9 ildə ölüm işinin bağlı qalmasına nail olanlarla vuruşan biri olan mən bütün bunları təbii qəbul edirəm: ailəsinin Ş.Xanbabayev kimi yüksək vəzifəli, deməli güclü düşməni olan, 9 ildə anasının qatillərinin həbs edilməsi üçün şikayətçi olan mənim kimi adi vətəndaşın cəzası bəlkə bundan da ağır ola bilər.

Bu gün Siz – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları sahibkarların incidən rəhbər şəxsləri xəyanətkar adlandırırsınız. Bəs əlindəki mülkünü xoşluqla verməyən sahibkarı alış-verişinə mane olduğu üçün öldürtən rəhbəri necə adlandırmaq olar?

Yəni həqiqətənmi 73 yaşlı bir sahibkarın, ən əsası ananın sifarişli qətlinə FƏRMAN verənlər üçün cəza müəyyən edilməyibmi? Yoxsa Xaçmazda yüksək vəzifədə olanlar üçün sahibkar öldürtmək bu qədər ucuz və asandır? Şəmsəddin Xanbabayevin yüksək vəzifə tutması, məhz elə buna görə də qətlin açılmaması özü bütün bu sualların cavabı deyilmi?

Möhtərəm Prezident! !

Hörmətli İlham Əliyev cənabları !

Sizə bir daha böyük ümidlə müraciət etməyimin izahını ancaq belə verə bilərəm: nəhayət bu ölüm işi ancaq Sizin göstərişiniz sayəsində açıla bilər.

Hörmətlə: Həbibova Gülnara Hacıbaba qızı

05 mart 2019-ci il.

Nəcimə Babayeva ile ilgili görsel sonucu

 

Gülnarə Həbibova ile ilgili görsel sonucu

Nəcimə Babayevanın qızı Gülnarə Həbibova

Gülnarə Həbibova ile ilgili görsel sonucu

Nəcimə Babayeva

 

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.


Загрузка...


Oxunub: 26450 dəfə