Broyler toyuqlarını rəngləyənlər həbs edildilər

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 26 sen 2018 [15:52]

Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Abşeron rayonununda keçirdikləri yoxlama ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və bu növ məhsulların təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.

Lakin bəzi hallarda ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən şəffaf prosedurlar əsasında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən sui-istifadə edilməklə qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verilir ki, belə hallara qarşı ən ciddi mübarizə tədbirləri görülməkdədir.

Belə ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə müvafiq sahədə mövcud olan xidmət qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirilərkən Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Rəsulov Əlfiqar Əmi oğlu və Hacıyev Fizuli Salman oğluna məxsus qanunsuz fəaliyyət göstərən kəsim sexlərində normativ-hüquqi aktlara və sanitar-gigiyena tələblərinə əməl edilmədən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla cəmi 1664 sayda broyler istehsalı olan toyuq və 68 kq toyuq içalatının mənşəyi məlum olmayan kimyəvi maddədən istifadə edilib rənglənərək “kənd toyuğu” adı altında satışının həyata keçirilməsi müəyyən edilib.

Keyfiyyətsiz toyuq məhsullarının qanunsuz dövriyyəsi ilə əlaqədar toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, yəni etibardan sui-istifadə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 192.1-ci (qanunsuz sahibkarlıq vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Agentliyin Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində Əlfiqar Rəsulova məxsus kəsim sexindən götürülmüş serebris toyuq, broyler toyuq və toyuq içalatında ümumi mikrob sayının normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyədən çox olduğu, həmçinin patogen mikroorqanizmlərin və “Salmonella”nın mövcud olması aşkar edilib.

Aparılmış istintaqla Əlfiqar Rəsulovun ümumilikdə 23 min 407 manat dəyərində belə məhsulları satmasına, habelə cəmi 3 min 255 manat dəyərində toyuq məhsullarını aldatma yolu ilə satmağa cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 178.3.2 və 192.1-ci maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin Füzuli Hacıyevə məxsus kəsim sexindən götürülmüş serebsris toyuq, broyler toyuq və toyuq içalatında aparılan müayinələr nəticəsində ümumi mikrob sayının normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyədən çox olduğu aşkar edilib.

İstintaqla Fizuli Hacıyevin ayrı-ayrı şəxslərdən mənşəyi məlum olmayan diri toyuqları almasına, ayrı-ayrı ticarət obyektlərinin nümayəndələrinə ümumilikdə 1 548 manat dəyərində belə məhsulları satmasına, habelə cəmi 2 min 642 manat dəyərində toyuq məhsullarını aldatma yolu ilə satmağa cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 178.2.2 və 29,178.2.2-ci maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimesr.Az

Загрузка...


Oxunub: 37320 dəfə