Hərbi çevriliş cəhdi “sirr küpü”nün də başını yeyir?

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinə görə prezident Ərdoğanın ən sadiq adamı hesab edilən MİT rəhbəri (Milli İstihbarat Təşkilatı) Hakan Fidan da hədəfə gəlib.

Virtualaz.org xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan “Reuters”ə müsahibəsində ölkədə hərbi çevriliş başladığı barədə xəbəri ilk dəfə qaynından aldığını, MİT rəhbəri Hakan Fidanı axtarsa da onunla əlaqə yarada bilmədiyini deyib.

Ərdoğanın sözlərinə görə, Marmarisdə ailəsi ilə birlikdə dincələrkən qaynı onunla əlaqə saxlayaraq xəbər verib ki, İstanbulda Beylerbeyi sarayı rayonunda “nəsə problemlər baş verir”

“Əsgərlər küçələri bağlayır, maşınların körpüyə daxil olmasına yol vermirdilər. Mən bu xəbəri alanda, əvvəlcə inana bilmədim. MİT rəhbərini axtardım, ancaq tapa bilmədim” – Ərdoğan deyib.Prezident etiraf edib ki, ölkənin təhlükəszilik xidmətlərində ciddi qüsurlar mövcuddur. "Çox aşkardır ki, bizim kəşfiyyat xidmətimizdə ciddi boşluqlar və çatışmazlıqlar var. Bunu gizlətməyin mənası yoxdur. Mən bu barədə milli kəşfiyyatın rəhbərinə fikrimi bildirmişəm” – Ərdoğan deyib.

 

Türkiyə KİV-lərinin xəbərlərinə görə baş nazir Binəli Yıldırım da ölkədə hərbi çevrilişin başladığı haqda məlumatı MİT-dən deyil, “öz müşahidələrinə əsasən” aldığını deyib. Binəli Yıldırımın sözlərinə görə, o həmin gün bir sıra görüşlər keçirməliydi və bunlarla əlaqəli olaraq İstanbulun Bəylərbəyi səmtindən keçəndə hərbçilərin yolu bağladıqlarını görüb. “Ərdoğana zəng vurdum, o “mənə də bəzi məlumatlar daxil olur, bu axşam evə getmə dedi”-baş nazir bildirib.

Bəs ölkədə hərbi çevrilişin başladığı bir vaxtda MİT rəhbəri harada olub və nədən prezident, baş nazir onunla əlaqə yarada bilməyib? Bu suallar açıq qalır. Ancaq bundan əvvəl silahlı qüvvələrin Baş qərargahının bəyanatında deyilirdi ki, MİT ölkədə hərbi çevrilişin olacağı haqda iyulun 15-də saat 16-da onları məlumatlandırıb. Bununla əlaqədar olaraq MİT rəhbəri Hakan Fidan Baş qərargahın binasına gedib.

O zaman sual yaranır ki, MİT rəhbəri çevriliş cəhdi barədə hələ saatlar əvvəl məlumatlı olduğu halda bu haqda nədən dərhal prezidenti və baş naziri məlumatlandırmayıb? Axı Hakan Fidan Ərdoğanın ən sadiq adamı hesab olunur və Türkiyə prezidenti onu dəfələrlə hücumlardan qoruyub, istintaqa cəlb olunmasına imkan verməyib və özünün “sirr küpü” adlandırıb.

Bütün bunlar müəmmalıdır və Türkiyə şərhçiləri hesab edirlər ki, Ərdoğanın Hakan Fidan haqda dedikləri MİT rəhbərinin gözdən düşdüyünü, etimadı itirdiyini təsdiq edir. Çoxdandır Hakan Fidanın vəzifəsindən uzaqlaşdırılacağına dair şaiyələr yayılır. Hər dəfə Türkiyədə İŞİD terrorçuları qanlı hücumlar törədəndə nəzərlər MİT-ə və bu strukturun terror təhlükəsini önləmək baxımından uğursuzluğuna yönəlir. Və indi Ərdoğan da MİT-in işində ciddi nöqsanların olduğunu təsdiqləyir...

Bizimesr.az


Загрузка...


Oxunub: 4160 dəfə