“Qulu Məhərrəmli avara-avara işlərlə məşğuldu...” - Elçin Şıxlı

“... O adamdan zəhləm gedir”

“Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi Elçin Şıxlının “Qafqazinfo”ya müsahibəsi

- İki il bundan əvvəl “Ayna” və “ Zerkalo” qəzetlərinin bağlanmasına qərar verdiniz. O zaman sizə qəzetləri bağlamamağınız üçün çağırışlar olsa da, siz yenə qərarınızda qaldınız. Bəs indi sizi yenidən geri qayıtmağa nə vadar etdi?

- O zaman hərtərəfli xeyli yorulmuşdum. 10 ildir ki, Şüvəlanda bağda yaşayıram. 1-2 ay dincəldim. Ondan sonra darıxdım. Əlimdə tərcümə işi var idi. Tələbə olanda Oscar Valdın “Sehrli nağıllar” əsərinin xeyli hissəsini ingilis dilindən Azərbaycan dilinə tərcümə etmişdim. Bir hissəsi qalmışdı. Qalan nağılları da tərcümə edib bitirdim. Kitab şəklində işıq üzü gördü. Ondan sonra jurnalistika terminlərinin izahlı lüğəti üzərində işlədim. İndi həmin lüğət üzərində son tamamlanma işləri gedir. Amma bilirsiniz, daxildən bir həzz almaq məsələsi var, həzz almırdım. Düzdür, maraqlı işdir, yeni şeylər öyrənirsən, araşdırırsan, amma ürəyimdən tikan çıxmırdı. Tikan ancaq yazmaqla çıxır. Ürəkdən tikan çıxarmağı isə birbaşa anlamağa dəyməz.

Qəzetin əsas bağlanmaq səbəblərindən biri də maliyyə problemi idi. 24 ildir ki, özümüz qazanıb maliyyələşirdik. Amma sonradan bu mümkün olmadı. İndinin özündə də bu layihəni başlayanda mənə kömək edən, mənlə işləyən adamların heç biri merkantil maraqlarından buna baxmır. Saytın dizaynını hazırlayan gözəl rəssam, dostum Akif Hüseynovdur. O, təmənnasız bu işləri gördü. Arif Əliyev, İbrahim Nəbioğlu, Qulu Məhərrəmli, Rauf Mirqədirovla xeyli söhbətlərimiz olurdu. Düzdür, onlar bu saat fəal yazı yazmırlar. Belə qərara gəldik ki, saytı köşə yazıları şəklində başlayaq. Xəbər və digər bölmələr olmasın.

- Niyə məhz köşə yazıları? Məlumdur ki, köşə yazılarına bizdə maraq o qədər də güclü deyil. Bundan əlavə, məsələn Rauf Mirqədirovun öz oxucu auditoriyası var, onun yazıları geniş auditoriyaya ünvanlanmır...

- Sözün doğrusu, biz yazılarımızla hamıya açığıq. Geniş auditoriyanı nəzərdə tutmuruq desəm, düz olmaz. Sadəcə olaraq bizim yazdıqlarımız oxumaq istəyən buna həvəsli olan, qavrayan adamlar üçündür. Ola bilsin, birdən-birə 1000 adam oxumağa başladı, içərisindən 500-nün xoşuna gəlmədi.

Xəbərin də öz yeri var. İndi internet media ön plandadır. Gənclər də mobil telefonlarından xəbərləri oxuyurlar. Üç cümləlik bir xəbərdir, çevik şəkildə oxuyursan. Köşə yazısı elədir ki, xəbəri vermirsən, amma o xəbər əgər ayrı məna kəsb edirsə, ictimai kəsəri varsa onu izah, müzakirə edə bilərsən.

Son iki ildə “Ayna” qəzetini ancaq müəllif yazıları şəklində buraxırdıq. Orada ən böyük material 3000 yarım işarə idi. İndinin özündə də həmin standartı qorumağa çalışacağıq. Çünki mobil telefonundan kimsə uzun-uzadı yazı oxumayacaq.

- Elçin Şıxlı adı hər zaman medianı tənqid edənlərin sırasında öndə yer alıb. Bu baxımdan sizdən gözlənilən o idi ki, bu günün standartlarına cavab verən bir layihə ilə,”Ayna” nın yaxşı bir sayt versiyası ilə oxucuların qarşısına çıxacaqsız. Amma bu baş vermədi...

- Bunun bir neçə səbəbi var. Birincisi, mən standartları heç vaxt xoşlamamışam. Bir var qayda-qanun, bir də var qəlib. Standartı mən qəlib kimi qəbul edirəm. İkincisi, maliyyə problemi var. Özüm-özümü dolandıra bilməyəcəmsə, işə başlamayacam. Siz dediyiniz o standart sayt üçün ofis lazımdır, redaksiyanı saxlamaq lazımdır. Məvacib, qonorar, avadanlıqlar var. Mənim buna maddi cəhətdən imkanım yoxdur. Bunu şəxsən mənim layihəm kimi qəbul etməyim. Bu yuxarıda adlarını sadaladığım dostlarımın da layihəsidir. Sadəcə loqo mənim olduğuna görə mən qabağa düşmüşəm. Onların dəstəyi və təmənnasız istəyi olmasa, mən bu işi görə bilmərəm. Belə olan halda ofisə ehtiyac qalmır.

Mən Qulu Məhərrəmliyə mövzu deyə bilmərəm. Biz ancaq nəyisə müzakirə edə bilərik. Eləcə də digərləri ilə. Məsələn, İbrahim Nəbioğlu köşə yazmışdı srağagün, sayta qoyulmalı idi, amma İstanbulda hava limanında terror hadisəsi baş verdi. Mənə zəng edib dedi ki, həmin yazını vermə, günün əhvalı ilə uzlaşmır. Ancaq bunu mənə saytın əməkdaşı desəydi, deyərdim ki, onun sənə heç bir aidiyyatı yoxdur. Buranın yiyəsi mənəm, özüm bilərəm. Amma İbrahim Nəbioğlu dedi ki, yazını vermə və məsələ bitdi. Eyni şeyi digərləri də deyəcək. Bu baxımdan siz dediyiniz standart yoxdur.

- Hər hansı bir media orqanın bağlanması eyni zamanda orada çalışan işçilərin işsiz qalması deməkdir. Siz də bu mərhələni yaşamısınız. Bu hal sizə necə təsir etdi?

- 155 nəfər işsiz qaldı. Bu mənə mənəvi olaraq çox pis təsir etdi. Mən uşaqlara hələ də mənəvi və maddi cəhətdən borcluyam. Çünki işi davam etdirməyə maddi imkan olmadı. Təsəvvür edin ki, 155 iş yeri bağlandı. 155 ailənin sabit gəlir mənbəyi tükəndi. Düzdür, şükür Allaha onların böyük əksəriyyəti özünə iş tapıb, işləyir, yalnız özümdən başqa. Təsəvvür edin ki, mənim tələbəm olmuş, mənlə çalışmış şəxs hansısa saytın redaktorudur, yaxud rəhbər köməkçisidir. İndi mən onlara desəm ki, məni işə götürün, götürməzlər. Mənə kömək etmək istəyərlər, buna şübhə yoxdur. Öz aramızda münasibətlər həmişə səmimi olub. Bu baxımdan çox ağırdır. Ona görə də o ağrını sinirə bilmək heç də asan deyil.

- Biz sizin, Arif Əliyevin, Rəşad Məcidin, Əflatun Amaşovun adını media kapitanları sırasında görmüşük. Əvvəllər media ilə bağlı təşkilatlar yaratmısınız, birgə fəaliyyət göstərmisiniz. Amma hazırda həm siz, həm də Arif Əliyev o biri şəxslərə nisbətən sanki kənarda dayanıblar, susqunlaşıblar. Sizcə, niyə?

- Bunun səbəbi elementardır. Mən onların mediaya baxışlarını bölüşdürmürəm. Yəni, onlar indiki medianın vəziyyətindən həzz alırlarsa, mən almıram. Ona görə də onlar həzz alaraq fəaldırlar, mən deyiləm.

- Qulu Məhərrəmli son zamanlar AzTV sədri ilə aralarında olan mübahisəyə görə medianın gündəmində oldu. İş məhkəməyə qədər gedib çıxdı. Amma biz sizin yaxın dost olaraq Qulu Məhərrəmliyə aktiv dəstəyinizin şahidi olmadıq...

- Mən çox təəssüf edirəm ki, Qulu Məhərrəmli son bir neçə aydır avara-avara işlərlə məşğuldur. Nə mənada avara? Çünki Qulu Məhərrəmli potensialını mediamızın, televiziyamızın daha da təkmilləşdirilməsi istiqamətində sərf etməli idi. Amma Qulu Məhərrəmli Arif Alışanovun məhkəmə proseslərinə vaxt sərf edir. Hələ Arif Alışanov qalsın bir yana, hər yerindən duran, ümumiyyətlə, jurnalistikadan başı çıxmayan, yazı yazmağı bacarmayan ünsürlər də Qulu Məhərrəmlini məhkəməyə verir, onun haqqında ağzına gələni danışır. Əsl biabırçılıq budur. İndi bayaq sual verdiniz ki, siz niyə kənarda durmuş kimisiniz? Qulu Məhərrəmli bircə kəlmə işlətdi, onu məhkəməyə verdilər. Yəni mən məhkəməyə verilməkdən qorxmuram. Sadəcə olaraq vaxtımı, əsəblərimi, ömrümü belə avara işlərə sərf etməyi özümə rəva bilmirəm. Qulunun özünə də rəva görmürəm, indi belə alınıb.

Dəstək məsələsinə gəlincə isə, biz Qulu Məhərrəmli ilə demək olar ki, hər gün görüşürük. Hətta ona tövsiyə də edirik ki, get bir yolluq içəridə yat, vicdan məhbusu ol və səni müdafiə edək, amma razılaşmır ( Gülür) Bu təbii ki zarafatdır. Qulu Məhərrəmli bu saat AzTV-ni çiyniylə irəli itələməlidir, bunlar bunu məhkəməyə veriblər. Bu da bizim medianın vəziyyəti.

- Çox vaxt medianın dili məsələsi də tənqidə məruz qalır. Bəzən gənclər Azərbaycan dilinin zəngin olmamasından gileylənirlər. Əsərlərinin dili zəngin olan bir yazıçının övladı kimi siz necə düşünürsünüz, onlar gileylənməkdə haqlıdır, yoxsa yaza bilmirlər?

- İfadəmə görə üzr istəyirəm, Azərbaycan dilinə kim qeyri- zəngin dil deyirsə, o adamdan zəhləm gedir. Dil qeyri- zəngin, yaxud kasad ola bilməz. Hansısa sahələrdə çatışmayan terminlər ola bilər. Bilirsiniz, dil zəngin deyil, kasad onu işlədənlərin dili ola bilər. Kasad mənim dilim ola bilər. Ola bilsin ki hansısa dillər ibtidai səviyyədədir, biri çox inkişaf edib, biri az. Planetdə çin dilində hamıdan çox adam danışır, amma çin dili ingilis dili qədər populyar deyil. Mən ingilis dili fakültəsini bitirmişəm, orada xüsusi olaraq qəzet dili fənni var idi. Yazı üslubu da başqa idi. Qəzet dili daha lokonik, ədəbi və bədii ibarələrdən kənar olur. Qəzet dilinin quru olması o demək deyil ki, siz dilin başına oyun açmalısınız. Ən biabırçı olanı isə odur ki, bizim televiziyalarmızda piyada sözü əvəzinə piyadaçı deyirlər. Bu ondan xəbər verir ki, həmin şəxslər məktəbdə pis oxuyublar. Qiraət etmək lazımdır. Qiraət etdikdə öyrəndiklərin kafanın bir küncünə yığışır, gözləmədiyin məqamda ordan çıxır və sən yazmağa başlayırsan.

- Türkiyədə Atatürk hava limanında baş verən terrorla bağlı nə düşünürsünüz? Bəziləri bunun Rusiya -Türkiyə münasibətlərinin istiləşdiyinə görə baş verdiyini vurğulayır...

- Buna çox üzülürəm, törədənlərə hamı kimi nifrət edirəm. Günahsız insanları durduğu yerdə qətlə yetirməkdən pis şey yoxdur. Hətta yırtıcı heyvanlar belə ehtiyacı yoxdursa, digər vəhşi heyvanı heç vaxt ovlamır, öldürmür. Düzdür, deyirlər ki, canavarda bu xüsusiyyət var ki qarnı bir heyvanla doyacaqsa da, beşini öldürür. Bu istisna ola bilər. Heyvan da ehtiyacı olmadan bir başqasını öldürmür. Amma biz insan olaraq deyəsən, heyvandan da pis olmuşuq. Kimləsə mübarizə aparırsansa, kimdənsə xoşun gəlmirsə onu hədəf almaq əvəzinə, sən günahsız insanları qətl edirsən.

İkincisi, bunun Rusiya ilə münasibətlərinin düzəlməsi ərəfəsində baş verməsində heç bir əlaqə görmürəm. Daha çox İsraillə əlaqələrin düzəlməsinə yozmaq olar. Amma bunu da əsas məqam hesab etmirəm. Təəssüf ki, terrordur.

Mən səmimi deyirəm ki, AKP iqtidarı Türkiyəni bərbad günə qoydu. Türkiyəni izafi, yeri gəldi-gəlmədi dinçilik çökdürüb, bu da AKP-dən gəldi. Türkiyə dünyəvi ölkədir, onu islam respublikasına çevirəndə nəticəsi belə olur. Ola bilsin, mən bir az siyasətdən uzaq adamam, ona görə belə danışıram. Türkiyədə sərbəst media AKP iqtidarının səyləri nəticəsində demək olar ki, boğulub. Türkiyədə ordu generallarının hərəsinə bir ad verməklə onları sıradan çıxartdılar. Ərdoğan polisdəki peşəkarları özünə qarşı əməliyyat keçirtdiklərinə görə işdən çıxartdı. Kəşfiyyatda da eyni məsələlər. Yəni ölkənin təhlükəsizliyinə cavabdeh olan bütün ünsürlər, xüsusilə də sərbəst media bunların hamısını aradan çıxartdı. Düzdür, tamam başqa siyasi səbəblər PKK, İŞİD var. Amma İŞİD- in Türkiyəyə nə aidiyyatı olmalıdır? Yəni bu o deməkdir ki, İŞİD gəlib içəri girirsə, deməli, sən sərhədlərini qoruya bilmirsən. Bundan əvvəl siyasi şərait elə idi ki, bu terroru törətməyə ehtiyac yox idi.

Bu saat Rusiya özü Türkiyə ilə yaxınlaşmağa çalışır. Çünki Rusiyanı Qərb dünyası təcrid edib, iqtisadi cəhətdən vəziyyəti ağırdır, ona tərəfdaş lazımdır. Bu tərəfdaş da Türkiyədir. Ruslar Türkiyəyə guya ki acıq edib istirahətə getmirlər, əslində isə pulları yoxdur. Türkiyənin də turizm nöqteyi-nəzərindən Rusiyaya ehtiyacı var. Burada İran amilini də unutmaq olmaz. İranla Türkiyə bölgədə düşməndirlər.

- Son günlər həkim səhlənkarlığı ilə bağlı məsələ də gündəmdədir və ciddi müzakirə mövzusuna çevrilməkdədir. Sizin həkimlərimiz haqqında fikriniz nədir?

- Biz bayaqdan jurnalistikanı pisləyirdik, səhiyyəmiz də eyni vəziyyətdədir. Mən gözümü açandan görmüşəm ki, Tibb Universitetində rüşvətsiz kursdan-kursa keçmək mümkün deyil. Çox nadir istisnalar ola bilər. Biz də normal diaqnoz qoya bilən həkimlər də barmaqla sayılasıdır. Hətta diaqnoz dalınca bizimkilər artıq Tiflisə gedir. Bizim məmur zümrəsinin əksəriyyəti müalicə olunmaq üçün xaricə gedir. Nə qədər avadanlıqlar alınıb, heç bir sıra ölkələrdə o avadanlıqlar yoxdur. Amma nə olsun ki onu işlədə bilən adam yoxdur. O adamları tapmaq üçün gərək əlində fənər günün günorta çağı gəzəsən, mikrofonla qışqırasan. Bu da təhsildəki problemlərə gətirib çıxarır. Savadsız həkim onlarla adamı şikəst edə bilərsə, savadsız müəllim bütöv bir nəsli şikəst edə bilər.

- Parlamentin sonuncu iclasında spiker Oqtay Əsədovla Zahid Oruc arasında qalmaqal baş verdi. Çoxları belə hesab edir ki, spiker bu məsələdə haqlı deyildi, amma sonuç etibarilə töhmət alan Zahid Oruc oldu...

- Bizim parlament məni heç bir cəhəti ilə maraqlandırmır. Xəbərim var ki aralarında söz düşüb. Belə şey olmamalıdır. Ümumiyyətlə, iclası aparan spikeri həmin deputatlar sədr seçiblər. O da həmin insan kimi deputatdır. Demokratiyanın olmamasının ən bariz nüməsindən biri spikerin deputatın sözünü kəsməsindədir. Təbii ki razılaşmamaq, etiraz etmək olar, amma hər şeyin formaları var. Etiraz edirsənsə, ortaya faktlar qoymalısan. Bizdə bəzən də olur ki, söhbət stəkandan gedirsə, samovardan danışırlar. Bizdə poeziya və poetika daha çoxdur.

- Bir az da futboldan danışaq. Avropa Çempionatı yekunlaşmaq üzrədir. Futbol çempionatları keçirilən zaman sosial şəbəkədə aktiv olan qadınlarımız 22 kişinin bir top arxasınca qaçmasını ironiya kimi qəbul edirlər. Sizin bu düşüncəyə münasibətiniz necədir? Ümumiyyətlə, futbolu bu qədər kiçiltmək olarmı?

- Bu suala şair Qabilin başına gələn əhvalatla cavab verim. Qabil müəllim futbol həvəskarı olmayıb. Onun ən yaxın dostları Əliağa Kürçaylı və Salam Qədirzadə olub. Onlar isə futbol azarkeşləri olub. O zaman millinin oyunlarına hamı gedirdi. Bir dəfə Qabili də dostları “Neftçi” nin oyuna aparırlar. O da bilmir nədi, ora baxır, bura baxır. Artıq oyun bitib, hamı sakitləşib, birdən Qabil qışqırır ki, “alə gördüm”, soruşurlar nəyi gördün, deyir “kosu gördüm”. Sonra da özü zarafatla deyirdi ki, bu nədi 11 nəfər qısa tumanda düşüblər ortalığa, siz də bunlara baxırsınız. Futbol milyonların sevdiyi bir şeydir. Avropa ölkələrində futbol oyunlarının əksəriyyətinə kişilərlə bərabər xeyli qadınlar da  tamaşa edir. Çünki stadionda ana- bacı söyüşü olmur. Bizdə adamın qulağı tutulur. Tək-tük qadınların futbola getmə vərdişi olur. Biz ailədə yığışıb futbola bir baxırdıq. Ailədə bir- birinə hörmət oldusa, kiminsə xoşuna gələnlərə normal münasibət varsa, dəstək də verilməlidir. Bəzən qadınlar hansısa türk serialını xoşlayır, bu biri tərəfdən də futbol gedir. Çempionat ərəfəsində mən əlavə bir televizor və antena aldım. Dedim ki, bu televizor və bu da sənin serialların. Hər bir kişinin dar eqoistik maraqları olur. Xanım ona hörmət edirsə, güzəştə gedir. Hətta istəyirsə, onun xoşuna gəlmədiyi bir oyuna da onunla birgə baxa bilər. Təbii ki kişi də özünü gərək adekvat aparsın, çünki qadın həmişə diqqət istəyir.

- Bu dəfəki mundialda maraqlı hadisələr baş verdi. Eləcə də kiçik ada ölkəsi olan İslandiyanın İngiltərəni çempionatdan uzaqlaşdırması bir qədər gözlənilməz oldu...

- Təxminən 1970- ci ildən etibarən keçirilən dünya çempionatları yadıma gəlir. Hələ belə səviyyəsiz Avropa Çempionatı görməmişdim. Bir də görürsən ki, oyunlara baxmıram. Amma vaxt var idi ki, mən bir oyunun beş dəqiqəsini belə qaçırmırdım. Futbolun özü maraqsızdır. Təbii ki, İslandiya balaca ölkədir, gözlənilmədən gəlib İngiltərəni uddu. Amma bundan sonra on dəfə oynasınlar, birində islandlar, 9-da ingilislər udacaqlar. Deyir, bir dəfə taxta da atəş aça bilir. İslandiya da ola bilsin fenomendir, amma İngiltərə futbolun vətənidir. Məsələn, İspaniyada son iki-üç Avropa və dünya çempionatdır ki, millidə yüksək səviyyəli hücumçu yoxdur. Amma İspaniya çempionatında aparıcı komandalar olan “ Barcelona” , “Real”dır. İndi baxın. “Real” da Kərim Benzema fransızdır, Qaret Beyl Uelsdəndir. Ronaldo Portuqaliyadandır. “Barcelona”da Messi Argentinadandır. Neymar Braziliyadandır, Suares Uruqvaydandır. Bunların hesabına İspaniyanın top klubları dünyada at oynadır. Amma İspaniya millisinə gələndə bunlar bir şey edə bilmir. Eyni zamanda Portuqaliyanı da deyə bilərik. Ronaldo kimi oyunçu top vura bilmir. Orta xətt, komandanın strukturu kimi məsələlər onun oynamağı üçün kifayət etmir.

- Favoritiniz kimdir?

- Sözün düzü, mən həmişə ispanlara azarkeşlik etmişəm. Visente del Boske artıq 12ildir ki məşqçidir. Onun yerinə olsam, cavan oyunçuları milliyə gətirərdim. Bu birilər də hamısı professor kimi oynayırdı, ona görə də uduzdular. Almaniya həmişə güclü olub. Avropa birinciliyi ilə yanaşı Amerikada COPA America yarışı da keçirilirdi. Oradakı oyunlar burdan maraqlı idi. Hər halda burda bir top vurulanda orda beş top vurulurdu. Orada da Argentinaya azarkeşlik edirdim, onlar da uduzub məni həvəsdən saldılar.

 

Bizimxeber.az 


Загрузка...


Oxunub: 56040 dəfə