"Dilində rus sözləri varsa, aparıcı deyil"-Rafiq Hüseynov

  • Bölmə: Müsahibə  
  • Tarix: 17 may 2016 [14:13]

 Bizimesr.az saytı məşhur diktor, xalq artisti Rafiq Hüseynovun  müsahibəsini təqdim edir.

 

 - Salam, Rafiq bəy. Necəsiniz, səhhətiniz necədir?

 

 -  Salam. Təşəkkür edirəm, hər şey yaxşıdır.

 

 -  Bir müddətdir ki, efirdən kənar düşmüsünüz və artıq bizim kimi televiziya tamaşaçısına çevrilmisiniz. Televizyalarımızda nədən razı, nədən narazısınız?

 

 - Təbii ki, razı və narazı olduğum məqamlar var. Mən əsasən aparıcılarla məşğul olduğuma görə bir şey deyə bilmərəm. Bunun üçün televiziya tənqidçiləri var. Mən özüm isə daha çox maarifləndirici verilişlərə baxmağa üstünlük verirəm.

 

 

 - Aparıcıların nitq mədəniyyəti, bilik səviyyələri haqda nə deyə bilərsiniz?

 

 - Problem çoxdur və onları həll etmək lazımdır. Onu da deyim ki, aparıcılarda məsuliyyət hissi itib. Onlar düşünürlər ki, bir kanalda mənə bəyənməzlər, gedərəm başqa kanala. Bir də görürsən ki, eyni aparıcı üç-dörd kanalda efirə çıxır. Ona görə də, aparıcılarda məsuliyyət hissi olsa daha yaxşı olar. Bizim dövrdə bir kanal var idi. Bilirdik ki, balaca bir səhv bütün karyeramızı alt-üst edə bilər. Mən hesab edirəm ki, əgər aparıcı nitqində rus sözlərindən istifadə edirsə, artıq o aparıcı deyil. Hər bir aparıcı ilk növbədə dilimizin təmizliyinə fikir verməlidir. Elə aparıcılar var ki, düşünürlər ki, efirə çıxıb necə danışsam belə, məni bəyənəcəklər. Onun mənfi təsiri odur ki, o xalqı da özü kimi səhv danışmağa vadar edir.

 

 -  Aparıcıların ləhçə ilə danışmaqlarına münasibətiniz necədir?

 

 -  Bu qətiyyən qəbuledilməzdir. Ləhçə yalnız verilişə çıxış etməyə gələn şəxsdə ola bilər. Aparıcı heç bir halda ləhçə ilə danışmamalıdır. Hər bir kanala təcrübəli aparıcı dəvət etmək olar ki, o da kanalın aparıcıları ilə məşğul olsun. Heç olmasa sözlərin vurğularında köməklik olar, məntiqi vurğuları qoymaqda aparıcılara yardımçı ola bilərlər.

 

 - Müsahibəyə görə təşəkkür edirəm. Sağ olun.

 

 -  Siz sağ olun!\atv.az\

 

 Bizimesr.az


Загрузка...


Oxunub: 45600 dəfə