"Qadağan olunmuş silahlardan istifadə etməklə ermənilər bizdə panika yaratmağa çalışırlar" — Hərbi ekspert

  • Bölmə: Hərb  
  • Tarix: 13 may 2016 [16:50]

 Cəbhə xəttində Ermənistan işğalçı ordusu dinc azərbaycanlı əhaliyə qarşı kimyəvi və qadağan olunmuş mərmilərdən istifadə edib

 

 Bununla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi açılıb.

 

 Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı istifadə etdiyi bu silahlar beynəlxalq hüquq normalarına ziddir və bir sıra beynəlxalq konvernsiyalara görə istifadəsi qadağandır. Bununla bağlı beynəlxalq qurumlar məlumatlandırılacaq.

 

 Ermənilərin əl atdığı çirkin əməllərlə bağlı hərbi ekspert Üzeyir Cəfərov  danışıb:

 

 "Ermənistan heç bir zaman beynəlxalq hüquq və normalara hörmət etməyib və əhəmiyyət verməyib. Ermənistanın beynəlxalq qurumlara hörmətsizliyi 20 ildən artıqdır ki, davam edir. Müdafiə Nazirliyi aprelin əvvəllərində erməni tərəfinin istifadə etdiyi mərmiləri ictimaiyyətə təqdim edəndə, nədənsə ATƏT-in Minsk qrupunun həmsədrləri heç bir reaksiya vermədilər. Ancaq erməni tərəfindən hansısa bir narazılıq olan kimi dərhal ATƏT-in Minsk qrupunun həmsədrləri öz narahatçılıqlarını dilə gətirdilər.

 

 Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyi üzərinə düşən vəzifəni icra etdilər. Azərbaycanda olan hərbi attaşelər həmin mərminin düşdüyü yerə də getdilər. Mərminin zərərsizləşdirilməsi prosesini də gördülər. Ancaq bununla kifayətlənmək olmaz. Bu məsələnin üzərinə getmək lazımdır. Qadağan olunmuş silahlar, kimyəvi, zəhərli silahlar hərbçilərdən daha çox mülki əhali üçün hesablanıb. Ermənilər bundan istifadə edir ki, mülki əhali arasında panika yaratsınlar. Bunların hamısı yolverilməzdir. İşğalçı ordu özünü müharibə qaydaları ilə aparırsa, onlar hərbçilərə qarşı hansısa bir addım atmalıdırlar. Mülki əhaliyə qarşı artilleriyadan istifadə etmək, qadağan edilmiş silahlardan istifadə olunması insanlıqdan kənar, beynəlxalq hümanitar hüquqa zidd hərəkətlərdir.

 

 May ayının 16-sı Vyanada Ermənistan və Azərbaycan prezidentlərinin görüşündə İlham Əliyev bu məsələni də gündəmə gətirəcək. ABŞ, Fransa və Rusiyanın diqqətinə bu məsələni bir daha çatdıracaq.

 

 Regionda vəziyyətin gərginləşməsində Ermənistan tərəfi çox böyük canfəşanlıq göstərir. Ermənistan aprelin əvvəlindəki üzləşdiyi uğursuzluqlardan nəticə çıxarmaq əvəzinə faktiki olaraq Azərbaycanla bu dəqiqə də hərbə-zorba dili ilə danışır. Azərbaycan da bu məsələ ilə bundan sonra da 20 il barışmaq niyyətində deyil. Azərbaycan 20 ildən çoxdur ki, kifayət qədər səbr və dözüm nümayiş etdirib. Beynəlxalq qurumların bu məsələnin həllində nəyəsə nail olacağına ümid edib. Artıq ortada heç bir nəticə olmadığına görə Azərbaycanın yeganə çıxış yolu silahlı qüvvələrinin gücündən istifadə edib öz ərazi bütövlüyünü bərpa etməkdir".

 

 Qeyd edək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində Ermənistan ordusunun atdığı partlamamış kimyəvi tərkibli top mərmisi aşkar olunmuş və həmin mərmi 11 may 2016-cı ildə Agentliyin mütəxəssisləri tərəfindən müvafiq təhlükəsizlik qaydalarına riayət edilməklə partladılaraq məhv edilib./Ölkə.Az/

 

 Bizimesr.az


Загрузка...


Oxunub: 5840 dəfə