"Verilişdən sonra ən sərt danışan erməni belə gəlib deyir ki, incimə, biz publikanı "əyləndiririk"" — Fuad Abbasovla MÜSAHİBƏ

 Türkiyənin İhlas xəbər agentliyinin Rusiya təmsilçisi həmvətənimiz Fuad Abbasov agentlikdən bir müddət öncə işdən azad edildi.

 

 Fuad Abbasovun işdən azad edilməsi onun qatıldığı proqramlarda erməniləri susdurması, Azərbaycan və Türkiyənin mövqeyini müdafiə etdiyi bir zamanla üst-üstə düşdü. İhlas xəbər agentliyinin rəsmi açıqlamasında isə Fuad Abbasovun görüntülü xəbər ötürmədiyi üçün işdən azad edildiyi deyildi.

Hazırda ölkəmizdə olan Fuad Abbasovla bu və ya digər mövzularda söhbətləşdik.

 

 

 Ölkə.Az Fuad Abbasovla geniş müsahibəni sizə təqdim edir:

 

 - Azərbaycanda hər kəs sizə Rusiyada həm Azərbaycanın, həm də Türkiyənin əsi kimi baxırdılar. Hər iki ölkənin maraqlarını müdafiə edirdiniz.

 - Rusiyada heç vaxt Azərbaycanı təmsil etməmişəm. Sadəcə azərbaycanlı olduğum üçün Azərbaycanın mövqeyindən çıxış etmişəm. Rusiyada məni həmişə türkiyəli jurnalist kimi tanıyıblar. Məni türkiyəli jurnalist olduğum üçün proqramlara dəvət ediblər. Mənə elə gəlir ki, əvvəlcədən Azərbaycanın mövqeyini müdafiə edən jurnalist olduğumu göstərsə idim, məni kimsə rus TV-lərinə çağırmazdı. Bu bir faktdır. Məndən əlavə, Azərbaycanın mövqeyindən çıxış edən bir çox jurnalist var. İstər rus kanallarında olsun, istər Rusiyada Azərbaycan TV-lərinin təsisçiləri olsun, onları rus TV-lərinə çağırmırlar. Nəinki onlar TV-lərə çağırılmır, onlara heç mətbuat konfranslarında sual haqqı belə verilmir. Yadımdadır, Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransında üçüncü sırada oturmuşduq. Birinci sırada prezident adminstrasiyasında akkredit olunmuş jurnalistlər (prezident müxbirləri), ikinci sırada dövlət jurnalistləri, üçüncü sırada isə, mən, "Lider TV"-nin, APA-nın müxbiri və digər TV-lərimizin jurnalistləri oturmuşdu. Əlimizdə Azərbaycan bayrağı var idi və onu dalğalandırırdıq ki, bizə də söz versinlər. Putin və onun mətbuat katibi Peskov bizi görə-görə heç kimə söz verməmişdi. Ancaq türkiyəli jurnalistlərə söz vermişdilər. Azərbaycanlı olduğumuzu görərək, bilərək bizə heç vaxt söz vermirlər. Buna qədər məni Azərbaycanı təmsil edən jurnalist kimi tanımayıblar, bəlkə bundan sonra Azərbaycana işləməyə başlasam tanıyarlar.

 - İhlas agentliyi sizin işinizə xitam verdi. Agentlikdən belə bir açıqlama verdilər ki, siz onları video görüntülərlə təmin etmirdiniz. Sizcə, işdən azad edilməyinizin səbəbi məhz videogörüntü ilə agentliyi təmin etməməyiniz oldu?

 - Bunun rəsmi səbəbi xaricində gerçək səbəbini bilmirəm. 6 aydan çox idi ki, Türkiyənin mövqeyini müdafiə etmişəm. 6 aydan bu yana İhlas xəbər agentliyi tərəfindən nə müsbət, nə də mənfi münasibət görmədim. İhlas xəbər agentliyi işimə çox yaxşı münasibət bəsləyirdi. Mənə deməyiblər, o proqrama çıxma, bunu demə. Bunun nəticəsi olaraq, qanadlanıb, çıxışlarımı daha da sərt edərək, ürəyim istədiyi kimi, heç bir tərəfin təsiri altında qalmadan Türkiyənin mövqeyini müdafiə edirdim. Bu heç kimi, nə rus tərəfini, nə də türk tərəfini narahat etmirdi. Ancaq son 4 proqramda Azərbaycanı müdafiə etməyə başladığımda bu kimlərisə narahat etdi. Sadəcə 4 proqramda Azərbaycanı müdafiə etdim. Aprel ayının əvvəlindən etibarən, Rusiyanın birinci kanalında "Время покажет", "Политика", "Cтруктура момента" və "ТВ Центр"-də "Правда голоса" verilişində çıxışlar etdim. Rusiyanın birinci kanalını milyonlarla insan izləyir. O kanalda deyilən hər söz ictimai fikri dəyişdirir. Hətta cizgi filmlərdən tutmuş seriallara, kinolara qədər ya ermənipərəst ya da ruspərəst fikir aşılayırlar. Rusiyanın birinci kanalında Azərbaycanın xeyrinə bir kəlmə işlədilmir. Bu da Rusiyanın böyük bir istəyi ilə deyil, erməni lobbisinin çox güclü fəaliyyətinin nəticəsidir. Düşünün, Azərbaycan dövləti Rusiyaya qarşı deyil, Azərbaycan xalqı rus xalqına qarşı deyil. Fikrimcə, işdən uzaqlaşdırılmağımın əsas səbəbi erməni lobbisinin İhlas xəbər agentliyinin rəhbərliyinə təsiri nəticəsində olub. Müdiriyyətimiz sovetlərdə təhsil almış, uzun müddət Moskvada işləmiş ABŞ vətəndaşıdır. Belə bir insanın Türkiyənin mənfəətini qorumaq, türkçülük, Turançılığı irəlilətmək kimi fikri yoxdur. Onun üçün bir müxbirin işdən azad edilməsi üçün imza atmaq böyük bir dərd deyil. Məncə, Moskva üzərindən bir xahiş, rica gəlib ki, bu adam çox danışır, bizim lobbi fəaliyyətimizə mane olur, onu susdurun. Elə edin ki, bir də danışmasın.

  Bunun nəticəsində də, məni işdən azad etdilər. Ancaq rəsmi işdən çıxarılma səbəbim görüntülü xəbər göndərməməkdir. Bəli, görüntülü xəbər göndərmirdim.  Görüntülü xəbər göndərməməyim Türkiyəni müdafiə etməkdən daha vacib deyil. Türkiyənin İhlas xəbər agentliyinin qarşısında sual qoyaq, sizin üçün nə vacibdir? Fuadın 4 proqram boyu xəbər göndərməməyi, yoxsa Türkiyəni müdafiə etməyi?

 

 

 - Azərbaycan informasiya müharibəsində zəifdir, ya güclü?

 - Azərbaycan informasiya müharibəsində çox güclüdür. Azərbaycanın çox layiqli jurnalistləri, politoloqları var. Lazım gələndə rus TV-lərində çıxış edən hər hansısa bir ermənini söz anlamında parça-parça edəcək mütəxəssislərimiz var, ancaq o mütəxəssislərimizi heç kim efirə buraxmır. Məni də oraya azərbaycanlı kimi yox, türkiyəli kimi çağırıblar.

 Ermənilərdə lobbiçilik alınırsa bizdə alınmayacaq deyə bir şey yoxdur. Bu dəqiqə Rusiyanın başı informasiya müharibəsi ilə dərdə girib. İnformasiya müharibəsi nə Azərbaycana, nə Ermənistana, nə də Türkiyəyə qarşıdır. Bu müharibə Qərbə, NATO-ya qarşıdır. Sergey Şoyqu Rusiyanın müdafiə naziridir. Topla, tüfənglə işləyən bir adam, çıxıb açıqlama verdi ki, Rusiya bir informasiya savaşı ilə üz-üzədir. Bunu əgər Sergey Şoyqu deyirsə bu çox ciddi bir məsələdir. Bundan erməni lobbisi istifadə edərək Azərbaycan və Türkiyəyə qarşı ictimai fikir formalaşdırmağa çalışır. Erməni lobbisinə ən başlıcası dəstək ABŞ-dan, Fransadan gəlir. Əgər Rusiya içində Azərbaycan və Ermənistana qarşı informasiya müharibəsi edən ermənilərin maliyyəsi qərbdən gəlirsə, bu o deməkdir ki, ermənilər Rusiyaya qarşı da mübarizə aparırlar. Bu bizim üçün bir şansdır. Biz bu məqamdan istifadə edərək, Rusiya tərəfində olduğumuzu, Rusiyaya qarşı heç bir ictimai fikrimizin olmamasını bildirməliyik. Sadəcə özümüzü qorumaq istədiyimizi dilə gətirsək, bizə Rusiya TV-lərində çox böyük imkanlar verilər.

 - Azərbaycan kifayət qədər lobbiçiliyə pul ayırır, ancaq bunun nəticəsini informasiya müharibəsində görmürük.

 - Siz Azərbaycanda yaşayırsınız və çox yaxşı bilirsiniz ki, ayrılan pullar haralara xərclənir. Ancaq qərbdə, Türkiyədə lobbiçiliyə ayrılan pullar çox ciddi şəkildə nəzarət altındadır. Heç kim dövlətin lobbiçilik üçün ayırdığı vəsaitləri başqa işlər üçün xərcləmir. Eşitmişəm ki, lobbiçilik üçün dövlətimiz böyük vəsait ayırır. Misal üçün, gözləmək lazım deyil nə zamansa yanğın baş versin, ondan sonra yanğınsöndürmə xidməti açaq. Biz hazır olmalıyıq ki, bir hadisə baş verəndə dərhal ona cavab verək. Yanğın olanda vedrə ilə, qumla, üstümüzdəki paltonu çıxardaraq onu söndürmək istəyirik. Ancaq lobbi fəaliyyəti illər boyu bunun üzərində işləməlidir. Lobbimiz oradakı prodüserləri, rejissorları, operatorları, ssenaristləri ələ almalıdır. Əgər bir operatorun qarşısında bir erməni, bir azərbaycanlı danışırsa o daha çox ermənini göstərir, səs rejissoru görəndəki erməni ilə azərbaycanlı danışır, erməninin səsini çox verir, azərbaycanlının səsini azaldır və yaxud mikrafonu kəsir. Bunlar hamısı fərdi şəkildə həll olan şeylərdir. Lobbiçilik fəaliyyəti dövlət səviyyəsində yaranır, ancaq fərdi səviyyədə həll olunur. Verilişə qonaqları prodüserlər çağırır. Prodüserlə əlaqə yaxşı olsa, oraya 3 erməni çağıranda 3 nəfər də azərbaycanlı çağırar.

 2015-ci ildə Rusiyada Avropa və Asiya ölkələrinin qatıldığı bir media forum keçirildi. Forumun başlıca səbəbi Rusiyaya qarşı hər hansı bir informasiya müharibəsi zamanı digər ölkələrin də buna qarşı mübarizə aparması idi. Buraya Azərbaycan TV-lərinin rəhbərləri də dəvət olunmuşdu. Orada bizim üçün çox böyük bir şans açılmışdı. Madam Rusiya bizi foruma dəvət edib, iş birliyinə çağırıb, bizim üçün çox böyük üfüq açılır. Rusiya deyirdi, gəlin siz bizi dəstəkləyin, biz də sizi. Ancaq biz bununla bağlı heç bir şey etmədik.

 - Rəsmi Moskva keçmiş sovet ölkələrində olan rus dilli mediaya pul ayıracaq. Bu medianın dəstəklənməsi baxımından yaxşı bir işdir. Ancaq bu pulu Rusiya ayırır, bunun qarşılığı nə ola bilər?

 - Rusiya heç vaxt boşu-boşuna, mənasız yerə pul ayırmır. Əgər Rusiya o pulu ayırırsa, oradan bir mənfəət gözləyir. Biz sadəcə orada iştirak edə bilərik. İştirak etdiyimiz zaman Rusiyanın maraqlarını göz önünə gətirməliyik. Rusiyanın hazırkı maraqları bizim dövlətin maraqlarına çox uyğundur. Bizim dövlətimiz xaricdən gələn pullarla ölkəmizi distabilizə edəcək qüvələrlə mübarizə aparır. Rusiya da eyni şəkildə mübarizə aparır. Biz güclərimizi birləşdirsək, çox böyük informasiya gücü əldə edərik. Ən vacibi budur ki, heç kim bununla məşğul olmur.

 

 

 - Aprel ayının əvvəlində baş verənlər zamanı Azərbaycan mediasını izlədiniz?

 - İmkan və vaxt yoxdur bizim medianı izləməyə. Düzünü deyim, rus mediasını da izləmirəm. Çünki rus mediası o qədər güclü və professional işləyir ki, rus mediasına baxdığın zaman öz nöqteyi nəzərini dəyişdirirsən. Özünü sanki ruslardan biri hesab edirsən. 18 ildir Rusiyada yaşayıram və bu mövqeyimi saxlamışamsa bunun başlıca səbəbi rus mediasını izləməməyimdir. Çünki rus mediasında hər hansısa bir xəbər yayına çıxmamışdan əvvəl onu psixoloqlar, marketoloqlar və digər mütəxəssislər nəzərdən keçirirlər ki, bunu insanların beyninə necə yükləyək ki, yalan da olsa doğru hesab etsinlər. Nə qədər də professional olsam, nə qədər də mediada ağı qaradan ayıra bilsəm, rus mediasını izlədiyim zaman düşüncəmi dəyişdirirəm. Bunu hamı göz önündə saxlamalıdır.  Proqramlardan birində dedim ki, biz Dağlıq Qarabağı işğaldan azad etməklə yanaşı, həm də erməni xalqının azadlığı uğrunda döyüşürük. Bunu efirə vermədilər. Həqiqətən elədir. Erməni xalqı Ermənistanda keçmiş səhra komandirlərinin diqtəsi altında acından ölür.

 - Proqramlardan sonra yəqinki digər qonaqlarla səmimi söhbət edirsiniz. Onlar səmimi söhbətdə nə deyir? Səmimi söhbətdə də düşmənçilik münasibəti aparırlar?

 - Səmimi söhbətdə tək kəlmə ilə deyəcəm, onlara çox hirslənirəm, çox emosional oluram, verilişdən sonra ən sərt olanı belə, gəlib çiynimə vurub deyir ki, Fuad, incimə, biz publikanı "əyləndiririk".

 - Vətəndaş olaraq ruslar Azərbaycan tərəfə daha meyillidir, yoxsa ermənilər tərəfə?

 - Rus tərəfi vətəndaş səviyyəsində hər ikimizə "qara millət" kimi baxır. Onlar üçün fərqi yoxdur, ermənilərə də, bizə də "qara millət" deyirlər. Çoxları heç ermənilərlə bizi ayırmır, Qafqazlı deyir. Əgər bir erməni ilə bir yerdə otursam, rus kənardan deyəcək, "qafqazlılar yığışıb". Deməyəcəklər, biz əslində ermənilərlə düşmənik. Proqramlara çıxanda qəsdlə üzümü təraş etmədən çıxıram. Qarayam, lap yaxşı. Efirdə bir az da qara görsənim. Həyatda görməyə gözünüz yoxdur, ancaq efirdən məcburən mənə baxın.

 - Hazırda iş təklifi almısınız?

 - Bəli, Türkiyədən iş təklifi almışam. Məni daha çox Türkiyə tanıyır, Türkiyədə tanınan bir jurnalistəm. Türkiyə mediası belə bir mütəxəssisi əldən buraxmaq istəməz. Ancaq onlara nə "hə" demişəm, nə də "yox". Artıq Azərbaycana işləmək istəyirəm.

 - Azərbaycandan necə, təklif var?

 - Azərbaycandan heç bir təklif yoxdur.

 Səxavət Məmməd
 Ölkə.Az


Загрузка...


Oxunub: 36450 dəfə