“Hələ 60-cı illərdə Novruz Bayramına qarşı idim” - MÜSAHİBƏ

 Bizimesr.az sabiq təhsil naziri, professor Firudin Cəlilovla müsahibəni təqdim edir.  

 - Firudin bəy, çoxlarından fərqli olaraq siz Novruz Bayramını yeni il bayramı kimi təqdir edirsiniz. Buna səbəb nədir?  

 - Novruz sözü fars dilindən götürülüb. İrandilli xalqlar bu bayrama “Novruz” deyir. Onların dilində bu “yeni gün” deməkdir. İş ondadır ki, bayram əslində bizimdir. Başqa sözlə desək, irandilli xalqlar bu ərazilərə gəlməzdən çox-çox əvvəllər burada bayram qeyd edilirdi. Burdan gedən türklər, məsələn, tatarlarda bu bayramı başqa adla qeyd edirlər. Bu bayramı türklər min il əvvəllərdən keçiriblər. Özü də türklər ona sadəcə bayram deyiblər, novruz sözünü əlavə etməyiblər.    Əslində, bu, türklərin ən böyük bayramı hesab olunur. Məsələn, kimin yaxını vəfat edib və il mərasimi düzənlənməyibsə, ona qara bayram keçirirdilər. Və ya nişanlı gənclər bir-birinə bayram hədiyyəsi alardı. Bunu ancaq bahar bayramında edərlərdi. Oxşar ənənələr günümüzə qədər gəlib çıxıb. Bayramın təbiətlə, onun oyanışı ilə bağlılığı imkan verib ki, türk xalqı ona bahar, yaz, yeni il bayramı desin.  Mən gözümü açandan evimizdə buna yeni il bayramı deyiblər. Çünki fəsil, il bu vaxt təhvil olur, martın 21-də dəyişirdi. İrandilli xalqlar bu ərazilərə gələndən sonra yeni il və ya yeni gün sözünü eşidiblər, ona novruz adı veriblər. Mən də adətən, insanları təbrik edərkən fars variantını yox, öz variantımızda təbrik edirəm.    Bir məqamı da qeyd edim ki, 1960-cı illərdə bu bayramı dövlət səviyyəsində keçirmək məsələsi meydana çıxdı. Novruz bayramı sözünü o zaman rəsmiləşdirdilər. Mən bunun əleyhinə çıxsam da, səsimi eşidən olmadı.  Hazırda YUNESKO-da da bu bayramı Novruz Bayramı adı ilə qeydiyyatdan keçiriblər. Buna baxmayaraq mən bayramı özüm bildiyim kimi, qədim türklərin ənənəsinə uyğun adlandırır və dostlarımı təbrik edirəm.    - Deyirsiniz ki, bunu qədim türklər elliklə bayram ediblər. Bəs hansı səbəbdən hazırda bəzi türklər bayramı qeyd etmirlər?  

 - Belə anladım ki, Anadolu türklərini nəzərdə tutursunuz. Orta Asiya türkləri bu bayramı keçirirlər edirlər. Anadolu türkləri və ya müasir Türkiyədə bu bayramın qeyd edilməməsi siyasi məqamla bağlıdır.   

 - Söhbət hansı məqamdan gedir?  

 - Bahar bayramı gələndə kürd xalqının radikal təbəqəsi bundan istifadə edərək küçələrə çıxır, qarışıqlıq salır, narahatçılıq yaradırlar. Bu səbəbdən bayram mərasimləri məhdudlaşdırılır. Yəni bu siyasətlə bağlıdır.  Bir məsələni də qeyd edim. Bir ara mənim rəhmətlik Alparslan Türkeşlə söhbətim oldu, bundan sonra 21 martı Ergenekon bayramı kimi keçirməyə başladılar. Ergenekon elementlərini də bura daxil etmişdilər. Üstəlik, bütün türkdilli ölkələrin rəhbərliyi bu bayrama dəvət olunurdu. 1992-ci ildən bu proses başladı və hər il keçirildi.  Təəssüf, Türkeş dünyasını dəyişəndən sonra MHP-çilər bilmədilər ki, bu bayram haradan gəlir, nə ilə bağlıdır… Sonra bayramın vaxtını dəyişdilər. Əvvəl yayda, sonra payızda bayram elədilər. Sonuncunu da qış fəslinə saldılar. Beləliklə bahar bayramının mahiyyətini itirdilər. Hazırda bayram tamam unudulub.   

 - İş ondadır ki, bəzi xristianlar da fəsil dəyişimini bayram kimi qeyd edirlər...  

 - Əslində bu, bəşəri bayramdır. Təbiətin dəyişməsini bütün xalqlar hansısa formada qutlayırlar. Bu bayram əkinçiliyin, heyvandarlığın yaranması ilə formalaşıb. Torpaq dirilir, otlar cücərir, ağaclar çiçək açır, təbiət oyanır. Mal-heyvan saxlayanlar yaylaq hazırlığı görür, əkinçilər yer şumuna hazırlaşır. Bu saydıqlarım ancaq türklərə aid deyil. Bütün xalqlar bu işlə məşğul olurlar. Lakin bayramın qeyd edilməsi tarixi fərqlidir. Bu, həmin ölkələrin yerləşmə zolağı ilə bağlıdır. Elə xalqlar var ki, bayramı martda yox, , mayda keçirir. Ruslar buna “Kupala” bayramı deyirlər. Yəni əksər xalqlar bunu qeyd edirlər.   

 - Siz bu bayramın Novruz adlandırılmasına qarşısınız?    

 - Mən bildiyim həqiqəti deyirəm. YUNESKO-da bu, Novruz Bayramı adıyla qeydiyyatdan keçib. Mən özüm hər yerdə Yeni il bayramı kimi yazıram. Elə Ergenekon sözünün mənası da erkən gün anlamını verir. Bəziləri bilmir, xəbərsizdir. Ancaq son zamanlar bəzi yoldaşlarımız mənə baxaraq bunu “Yeni il” və ya “Yeni gün” bayramı kimi yazır.  

 - Firudin bəy, son zamanlar terror dünyanı ağuşuna alıb. Ankarada baş verən terror hadisəsindən sonra indi Avropa silkələnir, Brüsseldə partlayış oldu, Almaniya, Polşa, Fransa terrora qarşı ciddi hazırlıq tədbirləri görür, hava limanlarında uçuşlar təxirə salınır. Sizcə, əslində baş verənlərin mahiyyəti, məqsədi nədir?    

 - Terrorun arxasında böyük dövlət və mərkəzlər durur. Dərinə gedəndə görünür ki, bu mərkəzlər aranı qatmaq, nələrəsə nail olmaq, hansısa planlarını həyata keçirmək üçün belə qanlı terror olaylarını hazırlayır. Bilmək lazımdır ki, bu, terroru həyata keçirənin işi deyil. Onlar sadəcə icraçılardır. Vaxti ilə Bakı metrosunda terror hadisələrini ermənilər Sadvalın vasitəsilə həyata keçirmişdilər. Digər ölkələrdə də, terror bu kimi sxemlərlə reallaşdırılır. Bu zaman əslində terror ssenarisini cızan, sifarişi verən mərkəzlərin adı çəkilmir.  Halbuki onların ssenarisi əsasında dinc və məsum insanlar öldürülür. Şübhəsiz ki, burada islam dinini də gözdən salmaq niyyəti var.   Son illər terror aktlarının sayı artıb, bu, bəşəri bəlaya çevrilib. Hesab edirəm ki, terrorda marağı olmayan dövlətlər bir araya gələrək təcili çıxış yolları, mexanizmlər ortaya qoymalıdırlar. 

   - Hazırda terror hadisələri daha çox qardaş Türkiyədə baş verir. Bununla terrorçular, sifarişçilər və bunda marağı olanlar istəklərinə çatacaqmı?    

  - Yox, məqsədilərinə çatmayacaqlar. Türkiyə illərdir terrora qarşı savaş içindədir və mümkün qədər ciddi mübarizə aparır. Hesab edirəm ki, onlar Türkiyənin iqtisadiyyatına bir qədər zərbə vura bilərlər. Çünki turizm sahəsində Türkiyənin rəqibləri var. Hazırda yaz fəslidir, bir azdan yay mövsümü gələcək. Yəni turizm mövsümü başlayır.    Bu terrorları həyatı keçirməklə Türkiyəyə gələn turistlərin sayını azaltmağa, bura gələnlərin həyatına təhlükə olduğunu göstərməyə çalışırlar. İkincisi, ölkəni qarışdırmaq üçün əhalidə dövlətə qarşı narazılıq yaratmağı məqsəd seçiblər. Təbii ki, bunu Türkiyəni istəməyən qüvvələr edir.

   - Azərbaycan Prezidenti Ankarada sonuncu terror hadisəsindən dərhal sonra Türkiyəyə səfər etdi, qardaş ölkədə mühüm mesajlar verdi. Sizcə, bu Azərbaycanın terrora qarşı Türkiyəyə dəstəyi kimi qiymətləndirilə bilərmi?  

   - Hesab edirəm ki, Azərbaycan dövlət başçısı çox gərəkli addım atdı. Ümumiyyətlə, bu cür jestləri hər iki tərəf təkrar etməlidir. Artıq Türkiyə və Azərbaycan əhalisi bilməlidir ki, bu iki qardaş dövlətin böləcəyi şey yoxdur, əksinə, ortaq problemləri var və bunu birlikdə həll etmək lazımdır. Bu baxımdan nə qədər yaxınlıq, mehribanlıq olarsa, bu hər iki dövlətin xeyrinədir.    Sizə deyim, Azərbaycan Prezidentinin bu addımı Türkiyədə çox müsbət qarşılanıb və dərin iz buraxıb. Əslində Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstanla da eyni münasibət olmalıdır. Arada yaxınlıq müşahidə edilməlidir. Elm, mədəniyyət, incəsənət və iqtisadiyyat sahəsində əlaqələr gücləndirilməlidir.   

 - Firudin bəy, bir müddət əvvəl səhhətinizdə ciddi problem yaranmışdı, müalicə aldınız. Hazırda özünüzü necə hiss edirsiniz?    

 - Türkiyədən bu yaxınlarda qayıtmışam. Orada əməliyyat olundum. Səhhətim normaldır, yavaş-yavaş özümə gəlirəm.  

 Bizimesr.az


Загрузка...


Oxunub: 46790 dəfə