Həyat dolu səssiz rəqs - İnternat evindən REPORTAJ

 “Bura da yaxşıdı, amma ata-anamın yanı daha yaxşıdır. Valideynlərim gələndə çox sevinirəm ki, məni aparacaqlar”.

 

 10 yaşlı Qafar Nəhmətov deyir bunları. Eşitmə qüsurlu olduğu üçün nitqində də azca problemi var. Ancaq dediyinə görə, çox yaxşı rəqs edir, şeir deyir. Elə özümüz də bu gün onun bacarıqlarının şahidi olduq.

 

 Qafar hazırda Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində 2-ci sinifdə oxuyur.

 

 Onunla  bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə həmin internat məktəbində keçirilən Novruz bayramı şənliyində tanış olmuşuq. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin direktoru Nəcəfbəyova Ümnisə Tofiq qızı deyir ki, hazırda məktəbdə 155 şagird oxuyur. Şagirdlərin təlim-tərbiyəsi ilə 55 nəfər pedaqoji heyət məşğul olur.

 

 Uşaqlar burda çilingərlik, xalçaçılıq, aşpazlıq kimi fərqli peşələr üzrə öyrədilir. Asudə vaxtlarında əl işləri hazırlayırlar. Azərbaycanın müxtəlif bölgələrindən gəlib burda qalanlar da var. Təxminən 110-dan çox şagird həmişə burda qalır, yalnız yay tətilində, bayramlarda gedirlər. Elələri də var ki, həmişə burda qalır. Ata-anası bayramdan-bayrama gəlir.

 

 

 Şənlik Novruz bayramının simvolu olan Bahar qızının faytonla gəlişi ilə başlayır. Tonqal ətrafında yallı gedən uşaqlar eşitməsələr də, danışmasalar da çox əylənirdilər.

Daha sonra məktəbin idman zalında davam edən şənlikdə uşaqların ifasında bir-birindən maraqlı rəqslər, kompozisiyalar nümayiş olunur.

 

 Tədbir davam etməkdə olsun, biz isə yuxarıda tanış olduğunuz Qafarla söhbətimizə davam edək...

 

  Balaca, cılız, amma çox istedadlı olan Qafar Yardımlıdan gəlib. Tədris ilinin sonuna kimi burda qalır, yay tətilində isə evlərinə geri qayıdır.

 

 - Anamgil bayram günlərində gəlirlər. Bu gün gəlməlidirlər. Novruz bayramıdı axı! Bayramı gedib evimizdə keçirəcəyəm.

 

 - Qafar, bəs burda günlərin necə keçir?

 

 - Yaxşı. Dostlarım da çoxdur. Ən yaxın dostum Lətifdir.

 

 - Evdəkilər üçün çoxmu darıxırsan?

 

 - Hə. Evdə olmaq daha yaxşıdı ( Azca qəhərləndiyi üçün səsi tutulur. Anası üçün darıxıb)

 

 Utancaq Qafar məni möhkəm qucaqlayır. Onunla şəkil çəkdirib şənliyə baxmaq üçün içəri keçirik.

 

 Əslində nitq və eşitmə qüsurlu olduqları üçün həmişə yalnız, tərk edilmiş sayılan bu uşaqlar çox istiqanlı olur və bir-birini çox istəyirlər. Elə uşaqların bir-birinə olan münasibətindən də bunu görmək olurdu. Əl-qol hərəkətləri ilə biri digərini elə gözəl başa düşür ki...Çox da xoşbəxt görünürlər.

 

 

 Təsəvvür edin, insan həm eşitmədən, həm də danışmadan necə yaşayar?

 

 Qulaqlarınızı bir anlıq tutun və ətrafdakı səsləri eşitməyin. Sadəcə 30 dəqiqə. Necə böyük bir boşluq yarandığını hiss edəcəksiniz. Onlar isə artıq neçə ildir bu boşluqla birgə yaşayırlar. Qüsurludurlar deyə onları təcrid etməsək, bu boşluqda onları yalnız buraxmamış olaraq.

 

 Şənlik davam edir. Məktəbin şagirdlərinin ifasında “Torpaq və od çərşənbəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunur, milli rəqslərimiz təqdim edilir.

 

 Uşaqların rəqs müəllimi kənardan onlara işarələrlə başa salır. Rəqs edənlərin arasında çox balaca, şirin bir qız var. O da nitq və eşitmə qüsurludur. Mahnını eşidə bilmədiyi üçün əlinə səhəngi alıb istədiyi kimi rəqs edir...

 

 

 Tədbirdə rəqsinə görə birinci yerə layiq görülən Şəhla 10-cu sinifdə oxuyur.  O da eşitmə və nitq qüsurludur. Müəllimənin yardımı ilə onunla həmsöhbət olmağa çalışırıq.

 

 - Şəhla, necəsən?

 

 - Əla.. ( Hər iki əli ilə "əla" işarəsini göstərir)

 

 Biz soruşmamış yaxşı rəsm çəkdiyini deyən Şəhla sən demə, qabiliyyətli rəssam imiş. Arzusu da böyüyüb universitetə qəbul olmaq və rəsm müəlliməsi olmaqdır. Noyabrda internat məktəbinin təmirdən sonra açılışında birinci xanım Mehriban Əliyevaya özü çəkdiyi portreti hədiyyə edib.

 

 - Şəhla, burda darıxmırsan ki?

 

 - Yoxxx.. Dostlarım da var. Yayda evə gedəndə uşaqlar üçün darıxıram.

 

 Şəhlanın anası Şəfəq Nağıyeva deyir ki, Şəhla artıq 8 ildir rəssamlıq kurslarına gedir.

 

 - Biz Mərdəkanda qalırıq. Elə Şəhlanı bu məktəbə gətirmək üçün evimizi dəyişdik. Hər gün özüm aparıb gətirirəm.

 

 - Bəs nitq və eşitmə qüsurlu olmasını nə zaman bildiniz? Genetik bir problemdirmi?

 

 -……. ( Qəhərlənir)

 

 Bir-birindən maraqlı rəqslərlə davam edən şənlik həqiqətən çox əyləncəli keçir. Sonda biz də uşaqlara qoşulub onlarla yallı gedirik.

 

 Biri digərindən sevimli, istiqanlı, gülərüz uşaqlarla şəkil çəkdirib sağollaşırıq. Hətta biz qapıdan çıxıb avtobusa minəndə belə arxamızca gəlib pəncərədən əl eləyirdilər...

 

 Tanrı hamıya danışmaq və eşitmək qabiliyyəti vermir. Ancaq görünür ki, onlara bizdən  fərqli olaraq çox geniş bir ürək verib. Həssas olan bu uşaqlara qarşı biz də həssas davranmağa çalışaq...(lent.az)

 

 

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Загрузка...


Oxunub: 10720 dəfə