Sonuncu “YUĞ”lamadan reportaj: “Görürsüz də, buraları”

 Bəlkə də işin ən qəribəsi Mirsahib qardaşın dediyi sözlər idi: "Bu tamaşanın xüsusi özəlliyi var. Rəhmətlik Vaqif müəllim hər zaman deyirdi ki, “Birinci akt” mənim axırıncı tamaşam olacaq. Çexovu çox oxuyurdu, araşdırırdı. Onun “Albalı bağı” pyesi də elə ən sonuncu oldu".
 “YUĞ”un  gənc və istedadlı rejissoru Mirsahib Ağazadə müəllimi Vaqif İbrahimoğlu və həmin gün səhnələşdiriləcək “Birinci akt” tamaşası haqqında bu sözləri deyərkən biz artıq bəzi müşahidələrimizi apardıq. Gördük ki, bir neçə gündən sonra söküləcək bu tarixi binanın ən son akkordlarını izləmək üçün soyuq havanı nəzərə almayan gənclər (!) və ziyalı təbəqə  tələsərək binaya daxil olurlar. Gördük ki, ədəbiyyat, media və ictimai sektordan olan gənclər nəsə daxili qaynama prosesini yaşayırlar. Gördük ki, sufi-aşıq, dərviş Fəxrəddin Salim teatrın durumundan çox narahatdır və bu barədə onu danışdıran hansısa müxbirə canla-başla açıqlama verdi. 
 Gördük ki, budur, qapı açıldı və Azərbaycan ziyalı elitasının qaymaqları professor Rafiq Əliyev, xalq artisti Ramiz Həsənoğlu və hamının sevdiyi şair Ramiz Rövşən içəri daxil oldu. “YUĞ”un soyuq divarlarında sanki bir istilik yarandı və bu da soyuq foyedə dayanıb səbirsiliklə tamaşanı gözləyən insanların canına hopdu...
 Gördük ki... hə bir də gördük ki, foyedə afişa lövhəsinin altında atılmış taxta, karton qırıntıları və digər nələrsə var. Mirsahib bəyin də diqqəti bizim müşahidəmizin üzərində dayandı və elə söhbətə özü başladı:
-  Görürsüz də buraları. Deyəsən sizə də çox soyuq oldu. Eybi yox, indi tamaşa başlayacaq. İçəri istidir.
 Beləcə, soyuq divarlar, solğun ab-havası ilə “YUĞ”un yerləşdiyi  bina özünün sonuncu akkordlarını tənbəl-tənbəl səsləndirirdi...
 Biz isə bu “tənbəl” binada sonuncu YUĞlamalardan birinə- “Birinci akt” baxmağa tələsdik. 
 Vaqif İbrahimoğlunun son məhsulu olan bu tamaşada YUĞ truppasının çox hissəsi iştirak edirdi. Aralarında Vidadi Həsənli, Məmməd Səfa, Yaqut xanım, Oqtay bəy, Qasım Nağı, Natəvan Qeybani,  Fərhad İsrafilovun da olduğu kontingent özünün son missiyalarını (bu binada təbii ki) çox gözəl başa vurdular. Onlar böyük ustalıqla rus meşşanının qırdığı albalı bağı ilə bir neçə gündən sonra söküləcək bina arasındakı daxili sinergetik əlaqəni tapdılar, oynadılar və  bizə də göstədilər... O zaman böyük Çexov albalı bağının qırılması ilə əslində rus cəmiyyətinin mədəni və mənəvi dünyasının süqutuna rəmzi olaraq bir işarə vurmuşdu. Elə-belə iş deyil e.... On iki aktyor o boyda İŞARƏNİ, o boyda zaman məsafəsi arasından çıxarıb o gün YUĞ-a gətirmişdilər. Və bu da elə-belə iş deyil ki, mərhum Vaqif İbrahimoğlu nə zamansa bu “oğurluğ”a ehtiyac olacağını bilib onun halallığını Çexovdan almışdı.
 “Birinci akt”ı oynayan aktyorlar sonrakı akt haqqında danışdılar, dünənlə bu günün, bu günlə sabahın, İbrahimoğlu ilə Çexovun şərikli baltasından danışdılar...
 Soruşursuz balta nədi? Deyim də... Tamaşa  albalı bağındakı ağacları məhz edən baltanın səsi ilə tamamlanır... Aktyorlar çox gözəl ustalıqla “tuk... tukk... tukkk.... deməklə qırılan mənəvi dəyəri zamansızlığa daşıyırlar...
 Bu arada  YUĞun  tarixi hamam olan köhnə binası söküləndə hansı səsləri çıxaracaq onu bilmirəm. Hər halda o “tuk”un qardaşı olacaq bir səs dünyaya gələcək həmin vaxt...
 Amma və lakin...
 Rəhmətlik Vaqif İbrahimoğlunun ən çox sevdiyi ibarələrdən biri və çox dəyərli kitabına qoyduğu ad –“Amma və lakin...” (yeri gəlmişən, bu dəyərli kitabın əlimizdə olmasına görə Mirsahib Ağazadə,  Qasım Nağı və Elçin Cəfərova dərin təşəkkürümüz var).
 Amma və lakin belə qərar çıxarıldı ki, “YUĞ”poetikası fevralın birindən başqa binanın divarlarına hopmalıdır – Kukla teatrının divarlarına... 
 YUĞ-un enerji qüvvəsi çoxdu. O qədər çoxdu ki...  Orda da sözlərini deyəcəklərinə kimsənin şübhəsi yox!
 Amma və lakin... Biz tarixi binanın son “tamaşası” kimi o səsləri eşidəcəyik axı.. Tuk.. Tukk... Tukkk....

Elmin NURİ

 

Bizimesr.az

 


Загрузка...


Oxunub: 7052 dəfə