Mehriban Əliyeva: Sülh mədəniyyətinin toxumları dialoq və qarşılıqlı hörmətlə cücərə bilər - YENİLƏNİB

  • Bölmə: Siyasət  
  • Tarix: 30 iyn 2019 [21:23]

İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir.

Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESCO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq Sərəncam imzalayıb. Bununla da UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub.

Sessiya iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu cür mühüm toplantını qəbul etməyin böyük şərəf olduğunu deyib.

Mehriban Əliyeva ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu bildirib.

“Biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESCO-nun işində uğurla iştirak edirik”, - deyən Mehriban Əliyeva ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını vurğulayıb.

Son beş ildə ölkəmizdə 40 tarixi abidənin bərpa edildiyini və yenidən qurulduğunu deyən Mehriban Əliyeva bununla da milli mədəniyyətimizin zənginləşdiyini diqqətə çatdırıb. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qaya rəsmilərinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyini deyən Azərbaycanın Birinci vitse-prezidenti musiqi xəzinəmizin inciləri olan muğam və aşıq sənətinin də bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirib.

Mehriban Əliyeva çıxışında Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, yüzlərlə tarixi və memarlıq abidəsinin dağıdıldığını vurğulayıb.

“Sülh mədəniyyətinin toxumları dialoq və qarşılıqlı hörmətlə cücərə bilər”, - deyən Mehriban Əliyeva 2008-ci ildən ölkəmizdə keçirilən və UNESCO-nun də tərəfdaşı olduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışdı, bir daha tədbirin işinə uğurlar arzulayıb.

UNESCO-nun Baş direktoru Odre Azule zəngin tarixə malik Bakıda olmaqdan məmnunluğunu bildirərək Azərbaycan rəhbərliyinə səmimi qonaqpərvərliyə və üzv dövlətlərin nümayəndələri üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Dünya mədəni irsinin hazırda həssas vəziyyətlə üzləşdiyini deyən Odre Azule qaynar nöqtələrdəki mədəni abidələrin daim UNESCO-nun nəzarətində olduğunu diqqətə çatdırdı, dünya mədəni irsinin müxtəlifliyinin qorunub saxlanmasının vacibliyini vurğulayıb.

Mədəni irsin qorunmasına dair Konvensiyanın xüsusi əhəmiyyətini vurğulayan UNESCO-nun Baş direktoru dünya əhalisini təşviq işlərində fəal olmağa çağırıb. O, sessiya iştirakçılarına doqquz yaşlı qızı təqdim edib. Balaca qız müəllifi olduğu kitabında öz doğma şəhərindən, oradakı çoxlu tarixi abidələrdən, böyük qəhrəmanlardan bəhs etdiyini bildirdi və kitabını Odre Azuleyə təqdim edib.

Sonra UNESCO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li və Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəz Qarayev çıxış ediblər.

Daha sonra Azərbaycan incəsənət ustalarının maraqlı konsert proqramı təqdim olunub.

21:29

İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində çıxış edib.

Sonra UNESCO-nun Baş direktoru Odre Azule, qurumun İcraiyyə Heyətinin sədri Byong-Hyun Li və Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış ediblər.

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dünyanın 180-dən çox ölkəsindən 2500-dən artıq nümayəndə, o cümlədən nazirlər, müxtəlif təşkilatların baş direktorları, beynəlxalq qurumların Azərbaycandakı təmsilçiləri və səfirləri, Azərbaycan hökumətinin üzvləri qatılıblar.

Mühüm əhəmiyyətə malik bu tədbir dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən qədim abidələrə verilən dəyəri özündə əks etdirir.

Komitənin Bakı sessiyasında dünya mədəni irs siyahısına daxil etmək üçün təqdim olunmuş 42 təklifdən 36-sının təqdimatı nəzərdən keçiriləcək. Bunlardan 6-sı təbiət, 28-i mədəniyyət və 2-si qarışıq (həm təbiət, həm də mədəniyyətə aid) təkliflərdir.

Azərbaycan Respublikası 1992-ci ildə UNESCO-ya üzv qəbul edilib, 1996-cı ildə isə təşkilat ilə Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bakı şəhərinin tarixi mərkəzi olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası 2000-ci ildə, Qobustan Milli Tarix- Bədii Qoruğu isə 2007-ci ildə Ümumdünya İrs Siyahısına salınıb.

Bu il ölkəmiz Şəkinin Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasını təklif edib.

Bizimesr.az


Загрузка...


Oxunub: 4950 dəfə