UEFA: Bakı gözəl şəhərdir

Bakı beynəlxalq idman tədbirlərinə ev sahibliyi baxımından hələ nisbi olaraq naşı olsa da, kifayət qədər qısa müddət ərzində özünü geniş imkanları olan populyar şəhər kimi sübuta yetirib.

Bu barədə UEFA-nın rəsmi saytında dərc olunmuş məqalədə deyilir.

Bakı Avro-2020-yə ev sahibliyi edəcək 12 şəhərdən biri olmağa hazırlaşır. AFFA-nın baş katibi Elxan Məmmədov Avropa çempionatının keçirilməsi ilə bağlı assosiasiyanın planları barədə danışıb, Bakının futbol fanatları üçün niyə möhtəşəm məkan olduğu, həmçinin, hazırda qurulan idman irsi barədə söz açıb.

“Biz elə strategiya qurmuşuq ki, gələcəkdə Bakı idman mərkəzinə çevrilsin, biz tədricən bu hədəfimizə çatırıq. Bakı, həqiqətən, idman mərkəzi olacaq”, - deyə Məmmədov bildirib. O, Avro-2020-nin Bakıda uğurlu şəkildə keçirilməsi üçün assosiasiyanın və maraq dairələrinin əlindən gələni etdiyini vurğulayıb.

“Necə oldu, küləklər şəhəri (Bakını güclü küləklərə görə belə adlandırırlar)  Avro-2020-nin ev sahiblərindən biri oldu? İrimiqyaslı tədbirlərin keçirilməsi baxımından Azərbaycan paytaxtının “xidməti siyahı”sı getdikcə böyüyür. Futbolun inkişafı uzun illərdir ki, AFFA üçün əsas motivasiya faktorudur.  

“İdman irsini elə qurmalıyıq ki, daha çox insanı futbola cəlb edək, bu oyun daha da inkişaf etsin. Futbol elə bir idman növüdür ki, hər zaman durmadan böyüyür, inkişaf edir. Son bir neçə il ərzində onun populyarlıq səviyyəsi daha da artıb. Bəli, başqa idman növləri də var və onlara maraq artır. Bununla belə, futbol hər zaman dünyanın ən populyar idman növü olub”, - deyə E.Məmmədov bildirib.

“Bizim üçün əsas olan həm ölkədə, həm də regionda futbola olan maraq səviyyəsini qoruyub-saxlamaqdır. Bizim irsimiz o olacaq ki, gələcəkdə daha çox uşaq futbol oynayacaq, daha çox uşaq kompüter arxasından durub, həyətə çıxacaq, top qovacaq. Bu da ölkədə sağlam həyat tərzinin inkişafına və daha sağlam insanların böyüməsinə vəsilə olacaq”, - deyə o əlavə edib.

İdeal harmoniya

Bakı Xəzər dənizi sahilində yerləşən ən iri şəhərdir. Həmçinin, dünyanın ən aşağı dəniz səviyyəsində yerləşən paytaxtı sayılır: dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir. Azərbaycan paytaxtında yerləşən Bakı Olimpiya Stadionunda Avro-2020-nin qrup mərhələsinin üç oyunu və dörddə bir final matçı keçiriləcək.

Son illər sürətli inkişafın xeyrini görən Bakı öz zəngin tarixi irsi, o cümlədən, müxtəlif qədim mədəni-tarixi obyektləri və XV əsrə aid Şirvanşahlar sarayı olan İçərişəhəri ilə öyünə bilər. Qonaqlara Azərbaycanın xoş təsir bağışlayan paytaxtını göstərmək ümidi ilə, E.Məmmədov  bütün Avropa və digər bölgələrdən futbol azarkeşlərini qarşılamağı səbirsizliklə gözləyir.

“Bakının danılmaz üstünlüyü var. Bakı turistlər üçün çox cəlbedici və maraqlı olan qədim hissəsi, həmçinin, müxtəlif incəsənət sərgiləri və müasir attraksionları ilə valeh edən müasir hissəsi olan olduqca harmonik bir şəhərdir.

Bundan başqa, Bakı müxtəlif idman tədbirlərinin keçirildiyi idman mərkəzidir. Turistlər Bakıda olacaqları müddətdə şəhərin üç əsas cəhətinin dadını çıxara biləcək. Bütün bu obyektlər bir-birinə çox yaxın yerləşir, bəziləri hətta bir neçə addımlıq məsafədədir”.

Bu şənliyi qaçırmaq olmaz

E.Məmmədov Futbol üzrə Avropa Çempionatının regional əməkdaşlığın rəğbətləndirilməsindən başqa, Bakı sakinlərinə uzunmüddətli müsbət təsirlərinin olacağına ümid edir.

“2020-ci ildə biz bütövlükdə Avropa çempionatının Bakıda və qonşu ölkələrdə bütöv futbol tarixini yazacağıq. Çünki biz bütün regionda futbol azarkeşlərinə AVRO-2020-nin həyəcanını və xoş anlarını yaşatmaq istəyirik. Şəhərdə azarkeşlər və turistlər üçün müxtəlif diqqətçəkən tədbirlər keçiriləcək. Biz fan-zonaların aktiv olma müddətinin uzadılmasını planlaşdırırıq və inanırıq ki, bu da insanların oraya gəlib həzz almalarına, sonra isə gedib öz komandalarına azarkeşlik etmələrinə şərait yaradacaq”, - deyə E.Məmmədov əlavə edib.

E.Məmmədov AVRO-2020 ilə bağlı canlanmanın Bakıda çempionat start götürməzdən çox əvvəl başlayacağını əlavə edib.  

“İdman yarışı başlamazdan əvvəl fan-zonalar yaratmağı düşünürük. Yəqin ki, çempionatın başlamasına 30 gün qalmış artıq fan-zonalar açılacaq. Könüllülər, azarkeşlər və turistlər bura gəlib, özlərini bu çempionatın ayrılmaz bir hissəsi hiss edəcəklər. 

Matçlarda iştirak etmək, yoxsa başqa məqsədlərlə gəlmiş turistlər belə. Bu, olduqca vacibdir. Düşünürəm ki, bu, özlüyündə fanatlar arasında rəqabət yaradacaq, belə ki, qəbul edən 12 şəhərin hər birinin öz azarkeşləri olacaq”.

Tədbir başlamazdan əvvəl biz AVRO-2020 ilə bağlı müxtəlif idman müsabiqələri keçirməyi planlaşdırırıq. Müxtəlif idman tədbirləri olacaq, təkcə fubol yox. Əlavə əyləncəli proqramlar  çempionata yaxın təqvimdə təşkil olunacaq.  

AVRO-2020 və digər qəbul edən şəhərlərin təbliğatı üçün tədbirlərin təqvimini hazırlamağı planlaşdırırıq. Məqsəd Bakı və digər 11 ev sahibi şəhərin azarkeşləri arasında əlaqələrə vasitəçilik etməkdir.

 Elxan Məmmədovun azarkeşlərə ismarıcı belədir:

“Avropa çempionatından maksimum həzz alın. Çempionat 30 gün davam edəcək. İmkan tapıb, 30 günlük istirahət götürün və ev sahibləri olan 12 şəhərdə xoş vaxt keçirin”.

Bakı

Xəzər dənizi sahilində yerləşən Bakı AVRO-2020-ni qəbul edən ən uzaq şərq şəhəridir. Bakı ilk dəfədir ki, futbol üzrə Avropa Çempionatını qəbul edir və bu, futbol ictimaiyyətinin yüksək təəsüratına səbəb olacaq.

Bakı – Odlar Diyarı kimi tanınan Azərbaycanın paytaxtıdır. Şəhərə ən yaxın olan dağ – Yanardağın yamacında təbii qazın hesabına daima alovlanan ocaq, şübhəsiz, şəhərin əsas gəzməli-görməli yerlərindən sayılır.

Bakının mərkəzində yerləşən Alov Qüllələri bir növ bu təbii fenomeni təqlid edərək, qədim şəhərə müasir sima bəxş edir. Şəhərdə bu yaxınlarda tikilən obyektlər arasında 2015-ci ildə açılışı olmuş Bakı Olmpiya Stadionu da yer alır. “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsindəki oyunlarını məhz orada keçirib. Avropa Liqasının cari mövsümdəki finalı da orada baş tutub.

MATÇLAR

13 iyun: A qrupunun matçı

17 iyun: A qrupunun matçı

21 iyun: A qrupunun matçı

4 iyul: 1/4 final

Bizimesr.az


Загрузка...


Oxunub: 3520 dəfə