Zelenski Yanukoviçin təbrikini qəbul etmədi

  • Bölmə: Dünya  
  • Tarix: 22 apr 2019 [17:51]

Ukraynanın sabiq dövlət başçısı Viktor Yanukoviç Vladimir Zelenskini prezident seçkilərində qalib gəlməyi münasibətilə təbrik edib. Eks-prezidentin oğlu Aleksandr Yanukoviçin mətbuat katibi Yuri Kirasirin feysbuk hesabında paylaşdığı təbrik məktubunda deyilir: “Sizi Ukraynanın prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ukraynalılar ölkəmizin ən çətin anında bu vəzifəni sizə təhvil verdi”. 

O, həmçinin Zelenskini ona güvənən ukraynalıların inamını itirməməyə çağırıb. Lakin yeni prezidentin komandası sözügedən təbriki birmənalı qarşılamayıb.

“Cənab Zelenskinin komandası rusyönümlü keçmiş ukraynalı məmurlardan “dəstək” aldı. Biz bu “dəstək” və təbriklər olmadan da yolumuza davam edə bilirik”, – deyə Zelenski qərargahının nümayəndəsi Dmitri Razumkov bildirib.

Qeyd edək ki, aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərində V. Zelenski 73,17 faiz, Petro Poroşenko isə 24,5 faiz səs toplayıb.

Xatırladaq ki, Kiyev məhkəməsi bu ilin yanvarında Yanukoviç barəsində 13 il müddətinə axtarışla həbs qərarı verib. O, Rusiya tərəfindən Ukraynaya qarşı aparılan təcavüzkar siyasətə səbəb olmaqda ittiham edilir.

Bizimesr.az


Загрузка...


Oxunub: 10450 dəfə