Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qalxdı

  • Bölmə: İdman  
  • Tarix: 19 apr 2019 [21:34]

Dünya Güləş Birliyi (UWW) ötən həftə Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatının yekunlarına əsasən reytinq siyahısını yeniləyib.

Oxu.Az xəbər verir ki, sərbəst güləşçilərin siyahısında müxtəlif çəkilər üzrə ilk “20-lik”də 11 yığma üzvü yer alıb. 

Buxarestdə səkkiz illik fasilədən sonra üçüncü Avropa çempionluğunu qeyd edən Cəbrayıl Həsənov (-79 kq) xalını 60-a çatdırıb və indi onunla eyni xala malik amerikalı dünya çempionu Kayl Deyklə 1-2-ci yerləri bölüşür. Qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan daha iki sərbəst güləşçimiz – Hacı Əliyev (-65 kq) və Şərif Şərifov (-92 kq) da reytinqdə irəliləyib. Hacı 22 xalla 8-ci, Şərif isə 20 xalla 11-ci pillədə qərarlaşıb. 

Yunan-Roma güləşində altı güləşçimizin adı ilk “20-lik”dədir. Bu dəfə Avropa üçüncüsü olan Eldəniz Əzizli xalını 76-ya çatdırıb və 55 kq-da vahid liderliyə yüksəlib. Buxarestdə bürünc medalı boynundan asan Taleh Məmmədov (-63 kq) 28 xalla ilk “5-liy”i qapayır. Zədə səbəbindən qitə birinciliyində iştirak etməyən Rəsul Çunayev (-72 kq) 25 xalla səkkizincidir. Elvin Mürsəliyevin (-77 kq) aktivində 16 xal var və 12-ci yerdədir. Avropa ikincisi olan İslam Abbasov (-87 kq) xalını 40-a çatdırıb və dördüncü pilləyə yüksəlib. Orxan Nuriyev (97 kq) isə 16 xalla 16-cıdır.

Qadın güləşində isə yığmanın yeddi üzvü ön sıralardadır. Komandanın lideri Mariya Stadnik (-50 kq) aktivindəki 40 xalla ilk “3-lüy”ü qapayır. 53 kq-da Anjela Doroqan (14) 16-cı, 57 kq-da Alyona Kolesnik (12) 15-ci, 59 kq-da Elmira Qəmbərova (16) 12-ci, 62 kq-da Tatyana Omelçenko (16) 13-cü, 65 kq-da Elis Manolova (20) 9-cu pillədə qərarlaşıb. İrina Netrebanın adı isə həm 65, həm də 68 kq-da ilk “20-lik”dədir. İrina 65 kq üzrə 25 xalla 6-cı, 68 kq-da isə 14 xalla 18-ci sıradadır.

Qeyd edək ki, Avropa və dünya çempionatı kimi nüfuzlu yarışlarda püşkatma zamanı reytinq siyahısı nəzərə alınır.

Bizimesr.az



Загрузка...


Oxunub: 10670 dəfə