Neftçalanın icra başçısı İsmayıl Vəliyevdən şikayətlər səngimir…

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 5 mar 2019 [21:25]

Neftçala rayonundan Bizimxeber.az-ın elektron ünvanına olduqca maraqlı məktub daxil olub. Məktubu redaksiyaya göndərən şəxs ilk öncə xahiş edir ki, adını gizli saxlayaq. Əks təqdirdə onu ciddi problemlər gözləyir. 

Belə ki, məktubda qeyd olunur ki, Neftçala rayonunun İcra başçısı İsmayıl Vəliyev haqqında, onun qanunsuz əməlləri barədə istər sosial şəbəklərdə, istərsə də KİV-lərdə geniş məlumatlar dərc edilir. Bunun fonunda Vəliyev əməllərinə son qoymaq əvəzinə daha da geniş əl-qol açaraq öz şəxsi mənafeyi naminə ətrafını uçurub dağıtmaqla məşğuldur. Dediklərimə sübut olaraq hal-hazırda yüzlərlə insanın çörək pulu qazandığı şəhər bazarının ətrafına kanalizasiya qurğusu adı altında xəndəklər qazdıraraq oradakı fəaliyyəti dondurmağa çalışmasıdır.

İsmayıl Vəliyev bunu ona görə etdirir ki, qanunsuz yolla şəhərin digər tərəfində başqasının adı ilə tikdirdiyi bazarı canlandırsın və bu yolla pul qazansın. Eləcə də həmin üsulla şəhərin gediş-gəlişli yerində özünə motel, restoran kimi obyektlər inşa etdirərək oradan yaxşı gəlirlər əldə edir.

Məktubda həmçinin qeyd olunur ki, rayonun qış otlaqlarında 1000 hektarlarla yeri pambıq əkini adı altında şumlatdırıb, sonradan oranı müxtəlif işbazlara verib taxıl əkdirərək nəticədə həmin ərazilərdə fəaliyyət göstərən heyvandarlardan ildə dövlət büdcəsinə ödənilən 60000 manat torpaq vergisinin qarşısına sipər çəkir.

Rayonda fəaliyyət göstərən iş adamları bu adamın əlində zinhara gəliblər. Harda bir kommersiya marağı varsa İsmayıl Vəliyev oranı “şumlatdırıraq” həmin dəqiqə oraya sahib çıxır.

Möhtərəm Prezident İlham Əliyev icra başçıları ilə görüşdə söyləmişdi: ”Sizin bir səlahiyyətiniz var. O da xalqa xidmət etməkdir”. İsmayıl Vəliyevin isə bu xüsusda öz ideologiyası var: “Xalq ona xidmət etməlidir”.

Şəhərin mərkəzində yerləşən ahıl, xəstə, yaşlı adamlar üçün əlverişli yerdə yerləşən mərkəzi bazarı şəhər mərkəzindən 2 km-lik məsafə uzaqlıqdakı özünün tikdirdiyi bazara zorla köçürtmək yalnız onun ağlına gələ bilər. Bankə qəsəbəsində vaxtı ilə məhsulları ilə dünya şöhrəti qazanmış balıq kombinatını dağıdıb yerini şumlatdırmaq ancaq bu “dahi”nin layihəsi ola bilər.

Bundan başqa o ərazidə mövcud olmuş xəstəxananı, çəllək zavodunu, balıq yetişdirmə zavodlarını yoxa çıxartmaq  onun əlindən gələ bilər. Bütün bunları o asanlıqla həyata keçirmiş, özünün məkrli siyasəti nəticəsində rayon iqtisadiyyatına ağır zərbələr vurmuşdur. Özünün qəbahətlərini gözəl başa düşən bu vəzifə sahibi utandığından xalqla görüşə də gəlmir, həftənin 5-ci günlərində vətəndaşların qəbulunu ikinci dərəcəli adamlara tapşıraraq özü yoxa çıxır.

Rayonda özbaşınalıq baş alıb gedir, müharibə veteranları və əlilləri müxtəlif idarələrdə xüsusi ilə ünvanlı yardım, işsizlik idarəsi, ərazi nümayəndəlikləri tərəfindən incidilir, kənd yerlərində torpaq əkmək istəyən adamlar süründürməçiliyə salınırlar. Xalq öz sözünü deməyə bir adam tapmır.

Prezident cənab İlham Əliyev daima çalışır ki, ölkədə sahibkarlıq inkişaf etsin və bu sahəni demək olar ki, batırmışdır. Ölkə başçısının Neftçalaya gəlişi zamanı bir dənə belə olsun sahibkarlıq obyektinin açılışı ona təqdim olunmadı. Prezidentə yalnız dövlətin vəsaiti hesabına tikilmiş obyektlər təqdim edildi. Hər tərəfdən qaz vurub qazan dolduran başçı əkinçiliklə məşğul olan əməkçilərdən sənədi oldu olmadı hektardan 70 manat pulu Torpaqlara Dövlət Nəzarəti Müfəttişliyinin Neftçala rayon şöbəsinin müdiri Əlimənsur Sayılovun vasitəsilə ilə toplayıb həzm-rabedən keçirir.


Загрузка...


Oxunub: 3690 dəfə