Eldar Əzizov Rəfail Mehrəliyevlə niyə vidalaşa bilmir?

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 5 mar 2019 [21:22]

Eldar Əzizovun Bakı meri təyinatından sonra qurumda kadr islahatlarının aparılacağı ilə bağlı ciddi anonslar verilirdi. Rəsmi təyinata qədər Əzizov bir neçə kiçik ranqlı məmuru meriyadan uzaqlaşdırmaqla yanaşı bir neçə kiçik şöbəni ləğv etmişdi.

Təyinatdan sonra isə Əzizovun illərdir köksalmış kadrları bu qurumdan uzaqlaşdıracağı gözlənilsə də hələlik biz bunun şahidi olmuruq. Kiçik, illərdir lazımsız şöbələrin ləğvi və ya müdirlərinin dəyişdirilməsi ciddi islahat sayıla bilməz.

Məsələn, gözləntilərə görə, merin ən ciddi kadr islahatı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində olmalı idi. Çünki bu Departamentin rəhbəri Rəfail Mehrəliyevlə bağlı silsilə məlumatların mətbuatda yer alması, onların ciddi şəkildə araşdırılmasına ehtiyac var. İllərdir milyonların hara xərclənməsi, hansı işlərin görülməsi bu insanlardan soruşulmalı idi.

Ən əsası nəzərə alsaq ki, Bakı Lift Təmir İstehsalat Birliyi və onun milyonları yoxa çıxaran baş direktoru Qüdrət Şükürov məhz Departamentin rəhbəri Rəfail Mehrəliyevin nəzarəti altında fəaliyyət göstəririb o zaman ortada maraqlı suallar yaranır.

Bizimxeber.az xatırladır ki, Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbəri Qüdrət Şükürovun əməlləri ilə bağlı 2018-ci ildə Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb. Aparılan araşdırmalar və ortaya çıxan məqamlarla bağlı mətbuata heç bir məlumat verilmir. Şükürov hardadır, onun əməllərinə neçə hüquqi qiymət veriləcək kimi suallar hələ də açıq qalır. Üstəlik, görünən odur ki, meriya rəsmilərinə də bu işin necə aparıldığı maraqlı deyil.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rəfail Mehrəliyev Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbəri Qüdrət Şükürovun əməllərindən xəbərsizmi olub? Əgər xəbəri olmayıbsa o necə Departamentin rəhbəri postunu tutub? Yox əgər xəbəri olub göz yumubsa nədən Rəfail Mehrəliyev hələ də bu postu tutur və hələ də ona aidiyyatı üzrə cinayət işi qaldırılmır?

Eldar Əzizov pensiyaçı, yaşlı insanların əlinə süpürgə verib 120 manata küçə süpürtdürən Rəfail Mehrəliyevi hansı üstünlüyünə görə, hələ də Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri postuna saxlayıb? Merin apardığı deyilən ciddi islahatlara Rəfail Mehrəliyevin hələ də bu postu tutması kölgə salmırmı?

Yoxsa Eldar Əzizovun Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rəfail Mehrəliyevi bu postdan uzaqlaşdırmağa gücü çatmır?

Məlumat üçün bildirək ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rəfail Mehrəliyev “MTN işi” cinayətində əsas fiqurlardan sayılan və hazırda həbsdə olan Vidadi Zeynalovun qohumudur.


Загрузка...


Oxunub: 10130 dəfə