Bu barədə modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. 
Onun sözlərinə görə, Bakı şəhərindən həkim briqadası Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub:
"Həkimlər xəstələrin vəziyyəti ilə tanış olaraq onlara tibbi yardım göstəriblər. Zəhərlənənlərdən 4-ü Bakıdakı Toksikologiya Mərkəzinə göndərilib. Müalicələri davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir”.
S.Əhmədova bildirib ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan xəstələrdən ikisinin durumu qənaətbəxş olduğu üçün öz ərizələri əsasında evə buraxılıb, digərlərinin müalicəsi davam edir.
S.Əhmədova deyib ki, ilkin olaraq, pambıqçıların dərmanlama prosesinə düzgün riayət etmədiyi müəyyənləşib:
"Yekun nəticə araşdırmalardan sonra bəlli olacaq". 
Qeyd edək ki, iyunun 10-da Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 24 işçi kimyəvi dərmandan zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan vəziyyəti ağır olan 4 nəfər Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə yerləşdiriliblər.