Qida Təhlükəsizliyi Agentliyinin açıqlaması etirazlara səbəb oldu

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 23 fev 2018 [10:44]

Qida Təhlükəsizliyi Agentliyinin təftiş və dövlət nəzarəti şöbəsinin müdiri Balarəhim Quliyevin tələblərə cavab verməyən kiçik müəssisələrə, yol kənarlarında antisanitariya şəraitində fəaliyyət göstərən təndirlərə qarşı tədbirlər görüləcəyi ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb.

Agentlik rəsmisinin sözlərinə görə, bu cür müəssisələrə qarşı müxtəlif inzibati tədbirlər, hətta istehsalın dayandırılması nəzərdə tutulub: “Çörək istehsalı, daşınması və satışı ilə məşğul olanların tibbi müayinədən keçməsinə də ciddi nəzarət ediləcək. Xüsusilə də kiçik sexlərdə, yol kənarlarındakı təndirlərdə xammalın saxlanılmasından tutmuş daşınmasına qədər sanitar tələblər pozulur. Məsələn, xammal 8-10 dərəcə temperaturda saxlanılmalıdır, əks təqdirdə məhsulun keyfiyyəti və təhlükəsizliyində problemlər yaranır. Un yüksək temperaturda saxlanıldıqda emalı zamanı içərisindəki mikroorqanizmlərin çoxalması baş verir. Xüsusilə yayda çörəkdə “kartof” xəstəliyi kimi tanınan xəstəlik yaranır. Normalara görə un yalnız anbarlarda saxlanıla bilər”.

Agentlik rəsmisinin açıqlaması ictimaiyyət tərəfindən etirazla qarşılanıb. Sosial şəbəkələrdə aparılan müzakirələr zamanı da bağlamağın çıxış yolu olmadığı, əksinə kiçik sahibkarlığa zərbə olduğu qeyd edilir. Bu cür problemlərin olması heç də yeni məsələ deyil və artıq uzun illərdir ki, çörək istehsalında nöqsanlar müşahidə edilir. Lakin məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bu illər ərzində daha çox böyük zavod və fabriklərdə istehsal olunan çörək və digər un məmulatlarından şikayətlər əksini tapıb.

 

Təndirlərdən isə şikayətlərə demək olar ki, rast gəlinməyib. Üstəlik, bir sıra mütəxəssislərə görə, təndirlərdə və kiçik sexlərdə problem varsa onların aradan qaldırılmasına çalışmaq lazımdır, bağlanmasına qərar vermək düzgün addım deyil.

 

“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimlinin sözlərinə görə, qədimdən Azərbaycanda təndirlər olub və təndir çörəyinin müştəriləri də: “Yaxşı olar ki, təndirə Azərbaycan mətbəxinin bir qolu kimi baxsınlar və iri çörək zavodlarının xırda rəqiblərini inzibati yolla sıradan çıxarmaqdansa onların inkişafını təmin etsinlər. Kiçik sexlər standartlara uyğun deyilsə güzəştli kreditlər ayrılmalıdır ki, kiçik müəssisələr həm modernləşsin, həm də bir az da böyüsün. Bu, həm də məşğulluq probleminin həlli baxımımdan bacibdir. Yoxsa standarta uyğun olmadığını bəhanə edib monopolist zavodların kiçik rəqiblərini sıradan çıxartmaq tamamilə yanlış və ziyanlı yoldur”.

Bizimesr.az


Загрузка...


Oxunub: 17770 dəfə