Fikrət Fərəməzoğlu apellyasiya şikayəti verdi

  • Bölmə: Hadisə  
  • Tarix: 26 avq 2017 [10:40]

Həbsdə olan "Jam.az" saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində olan hökmdən apellyasiya şikayəti verib. "Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 28-nə təyin edilib. İşə hakim Namiq Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu "Jam.az" və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib. Həyata keçirilən əməliyyat tədbirləri ilə 2016-cı ilin iyunun 30-da Fikrət İbişbəyli həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib. İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub.

Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da F.Fərəməzoğlunun onlara qarşı analoji cinayətlər törətdiyi barədə müraciətlər ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Fərəməzoğlu 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimesr.az 


Загрузка...


Oxunub: 7520 dəfə