Elçin Şıxlı: “Deyirlər ki, onların ABŞ-da 750 milyard pulu var...” - MÜSAHİBƏ

 Bizimesr.az tanınmış jurnalist, ictimai xadim, “Ayna-Zerkalo” qəzetinin rəhbəri Elçin Şıxlı ilə müsahibəni təqdim edir.

 - Elçin müəllim, 2-5 apreldə aparılan hərbi əməliyyatlardan sonra yaranan durum, proseslərin inkişaf istiqaməti barədə nə düşünürsüz?

 - Hesab edirəm ki, biz geosiyasi qarşıdurma və onun seqmentləri haqda danışmalıyıq. ABŞ-da nüvə sammiti keçirildi. Həmin sammitdə Prezident Əliyev də iştirak etdi, bir sıra görüşlər keçirdi. Bu səfərin əhəmiyyəti və mənası var idi. Şübhəsiz ki, Ermənistan rəhbərliyi də bu sammitə qatılmışdı. Məhz bu səfər ərəfəsində və ondan sonra ABŞ-la Azərbaycan arasında münasibətlər bir qədər yumşaldı. Bakıda insan haqları, vətəndaş cəmiyyəti ilə bağlı pozitiv addımlar atıldı. Bu səfər ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələdə inkişafı baxımından mühüm idi. Lakin aydındır ki, ABŞ-la geosiyasi mübarizə aparan ölkələr var və onlar bu durumdan razı qalmadı.  Qeyd edim ki, bu ərəfədə Rusiya Suriyadan çıxdığını ifadə etdi. Bildiyiniz kimi Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edilir, sanki bu ölkəyə ciddi təzyiqlər olunur, neftin qiyməti aşağı salınır və s. Hesab edirəm ki, bu mərhələdə Rusiya daxili problemlərdən fikri yayındırmaq və həm də Qərbə göstərmək istədi ki, bizim yaşadığımız regionda söz sahibi odur. Bu səbəbdən də əlaltısı Ermənistanı qızışdırdı, nəticədə cəbhə xəttində vəziyyət gərginləşdi. Azərbaycan ordusu da öz sözünü dedi və çoxlarını əslində çaşdırdı. Cəbhədə vəziyyət mürəkkəbləşən kimi Rusiya özü ortaya çıxdı, vasitəçilik etməyə, atəşkəsin əldə edilməsi üçün diplomatik təmaslara başladı. Mənə elə gəlir ki, əslində Azərbaycan ordusunun cəbhədə belə güclü zərbə endirməsini Ermənistan, eləcə də onun havadarları gözləmirdi. Ancaq bu Rusiyanın məqsədlərinə uyğun idi. Çünki sonda atəşkəs məhz Rusiyanın vasitəsilə yaradıldı. 

 - Hazırda atəşkəs bərpa olunub və yeni danışıqlar prosesinə start veriləcək. Bu mərhələdən nə gözləyirsiniz?

 - ATƏT-in Minsk Qrupu neçə illərdir ki, bu istiqamətdə danışıqlar aparır, amma ortada real nəticə yoxdur. Üstəlik Minsk Qrupu həmsədr ölkələrinin hər birinin öz marağı var. İndiki mərhələdə Rusiyanın marağı münaqişə bölgəsinə sülhməramlı adı altında öz hərbçilərini yerləşdirməkdir. Məncə, bu bizim üçün çətin, təhlükəli və incə məqamdır. Biz bilirik ki, Rusiya təxminən 24 ilə yaxındır ki, hərbi baxımdan regionda iştirak etmir. Qəbələ RLS-nin fəaliyyətinə isə Prezident İlham Əliyev tərəfindən son verildi. Başqa sözlə, Azərbaycan nadir ölkələrdəndir ki, burada başqa ölkənin hərbi kontingenti yoxdur. İndiki halda Rusiyada hesab edirlər ki, münaqişə zonasına hərbi kontingent yerləşdirmək və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq daha münasibdir. Burada bir məqsəd də odur ki, Ermənistanın Qərbə yaxınlaşmasına imkan verməsinlər. Türkiyəyə mesaj versinlər ki, buralarda mənim sözüm keçir və s. Bu ilk baxışdan regional nüfuz uğrunda atılan addımlardır, lakin dərin baxanda görünür ki, həm də geosiyasi mübarizənin bir hissəsidir. Söhbət ondan gedir ki, Rusiya dünyanın bir çox nöqtələrindən sıxışdırılır. Bu ölkə belə halların qarşısını almaq üçün addımlar atır. Mənim müşahidəm belədir ki, Rusiya strateji baxımdan zəif düşür, amma taktiki addımlarla öz mövqeyini qoruyub saxlayır. 

 - Ermənistanda daxili ictimai-siyasi vəziyyətin mürəkkəb olduğu ortadadır. Bu ölkədə hadisələr hansı istiqamətdə inkişaf edə bilər?

 - Bu, təbii prosesdir. Ermənistanda əhalinin iqtisadi və maddi vəziyyətinin ağır olduğu, ciddi çətinliklərin mövcudluğu bəllidir. İkincisi, nəzərə alın ki, bir var öz torpağını müdafiə edirsən, bir də var başqa ölkənin torpağını işğal edib onu müdafiə etməyə çalışanda öldürülürsən. İndi erməni ailələrində belə yanaşma var ki, nəyə görə mənim balam gedib başqa ölkənin torpağında ölməlidir. Yəni burada daxili iqtisadi problemlər, üstəlik Qarabağ müharibəsinin nəticələri ciddi təsirə malikdir. Üstəlik erməni iqtidarına qarşı olan qrupların da fəaliyyəti var və bütün bunlar öz rolunu oynayır. Bu mənada vəziyyət ağır və mürəkkəbdir. 

 - Ermənistanda hakimiyyət dəyişikliyini real hesab edirsinizmi?

 - Bu barədə çoxları fikirlər söyləyir. Ancaq hakimiyyət dəyişikliyinin hansı nəticələr yaradacağı daha əhəmiyyətli olmalıdır. Mən hesab edirəm ki, Ermənistanda hakimiyyət dəyişsə də, yeni komanda iqtidara gəlsə də, bu ölkə forpost olaraq qalacaq. Bu baxımdan Ermənistanda Rusiyaya qarşı etirazlar, bayraq yandırılması və s kimi məsələlər Moskva üçün əhəmiyyətli deyil. Bu kimi məsələlər Rusiyanı əsla qayğılandırmır.  - Dünən prezident Obama ilə prezident Putin arasında telefon danışığı olub, ondan əvvəl isə Con Kerri ilə Sergey Lavrov arasında Qarabağla bağlı danışıq olub. Bunlar bizim optimist olmağımıza səbəb ola bilərmi? - Mən optimist düşüncədə deyiləm.

 - Niyə?

 - Rusiya Suriyaya daxil olmazdan öncə bu ölkədə Rusiyanın bir dəniz bazası var idi. İndi Rusiya ora daxil oldu və sonra qoşununu Suriyadan çıxardığını elan etdi. Məncə, bu sadəcə fiksiyadır. Hazırda Suriyada Rusiyanın daha çox hərbi kontingenti var. Bu baxımdan Rusiya taktiki baxımdan uddu. İkincisi, unutmaq olmaz ki, ABŞ-da prezident seçkilərinə start verilib, bu mərhələdə prezident Obamanın heç bir nüfuzu qalmayacaq. Ona görə də, düşünmürəm ki, indiki Amerika hakimiyyəti nəsə köklü və əsaslı dəyişikliklərə nail ola biləcək. Sadəcə, onların buna zamanı qalmayıb. Obama iqtidarının hazırkı davranışı heç bir optimist nəticə haqda düşünməyə əsas yaratmır. Bir zaman Obama ruslarla dost olmaq xətti apardı, sonradan başa düşəndə ki, bu, mümkün olmayacaq, onda artıq gec oldu. Odur ki, müxtəlif dövlətlərin maraqlarına diqqət edəndə bəlli olur ki, bizim Qarabağla bağlı danışıqlar prosesi daha çox imitasiya xarakterli ola bilər. Bu, Ermənistanın maraqlarına da uyğundur. Biz isə regionda status-kvonun dəyişməsində maraqlıyıq və indiki durumu sakit müşahidə etməyəcəyimizi qeyd etmişik. Odur ki, indidən nəticə haqda konkret bir söz demək doğru olmazdı. 

 - Qətərdə neft hasil edən ölkələrin görüşündə razılıq əldə olunmadı. Bu fakt Rusiyadakı iqtisadi böhrana necə təsir edəcək?

 - Bəli, orada müzakirələr aparılsa da, razılıq əldə edilmədi. Nəticənin əldə olunmamasına görə, Rusiya ərəb ölkələrini ittiham etdi. Əslində nə baş verir? 1970-1980-cı illərdə Ronald Reyqan ərəb ölkələri ilə danışdı və neftin qiyməti 20 dollardan 8 dollara endi. Həmçinin bir sıra digər taktiki addımlarla da SSRİ iqtisadiyyatına zərbələr endirildi və iqtisadiyyat süquta uğradıldı. Mənim fikrimcə, indi də bu ssenari təkrar edilir. Odur ki, neftin qiyməti aşağı düşdükcə qonşu Rusiyaya daha az maliyyə daxil olur və iqtisadiyyatın həcmi daralır. İndi bir çoxları deyirlər ki, Səudiyyə Ərəbistanı ABŞ-a qarşı gedəcək, onların ABŞ-da 750 milyard pulu var, bu aktivləri geri çəkəcək və s. Bunların hamısı məncə, oyundur. Bu saat əsas məqsəd Rusiyadır. Qəti əminəm ki, Qərblə İranın münasibətlərinin yumşalması da bu məqsədə xidmət edir. Çünki İran uzun illərdir ki, neftdən gəlir əldə etmir. İran və Səudiyyənin dünya neft bazarında qalması və qiymətlərə təsir etməsi üçün onların bazarda olması yetərlidir. Digər tərəfdən, Rusiyanın özü də neft hasilatının azaldılmasının əleyhinədir. Çünki hasilat azalsa, Rusiyaya indikindən də az maliyyə daxil olacaq. Bu mənada Qətərdə neft hasilatı ölkələrinin toplantısının nəticəsiz olacağı əvvəlcədən gözlənilirdi.  Digər məqam isə odur ki, ABŞ-da şist neft və qaz texnologiyası inkişaf edib. Qərbdə neçə illərdir ki, ənənəvi yanacaq növlərinin digər enerji mənbələri ilə əvəzlənməsi üzərində iş gedir və bu istiqamətdə xeyli inkişaf olub. Rusiyada isə belə elmi araşdırmalar, müasir texnologiya yoxdur. İndi hibrid müharibələr vasitəsilə və texnologiyaları inkişaf etdirməklə Qərb irəliyə gedir. Hazırda vəsaitlər daha çox texnologiyalara sərf edilir. Adicə sizə bir məqamı deyim. Cəbhə xəttində baş verən hadisələr zamanı Azərbaycan müasir texnologiyalardan ustalıqla istifadə etdi və bunun sayəsində Ermənistanda çaşqınlıq yarandı. Yəni indiki dövrdə müasir texnologiyanın alternativi yoxdur. Sanksiyalar, iqtisadiyyatda yaranan problemlər, neftin qiymətinin dəfələrlə ucuzlaşması qonşu Rusiyanın müasir texnologiyaya milyardlarla vəsait ayırmasının qarşısını alır.

 - Türkiyə də regional oyunlarda iştirak edir. Sizcə, Ankaranın regional siyasəti, addımları nə dərəcədə uğurludur?

 - Tamamilə düz dediniz ki, Türkiyə regional oyunlarda iştirak edir. Amma Türkiyənin özünün daxili problemləri var. Hazırda düşünürəm ki, Avropa ölkələrinin Türkiyənin laxlamasında marağı yoxdur. Çünki Avropanın qaçqın problemi var və bu problemin qarşısında hazırda Türkiyə durur. Türkiyə də addımları ilə regional qüvvə olaraq iş görmək istəyir, amma bir çox hallarda təəssüflər olsun ki, bu alınmır. Ancaq indi Türkiyə daha çox daxilindəki problemləri yoluna qoymalıdır. Məsələn, Türkiyə PKK problemini çözməli, İraq və Suriyada kürd muxtariyyətlərinin yaranmasının qarşısını almalıdır. Çünki bu hallar Türkiyə dövlətçiliyi üçün ciddi təhdiddir. Bu problemlər Türkiyə üzərində "Demokl qılıncı" olaraq asılıb. Odur ki, Türkiyənin vəziyyəti çox mürəkkəbdir. Bu, Ankaranı sövq etdi ki, regional oyunçu olaraq fəallaşsın. Mənə elə gəlir ki, Türkiyənin strateji baxımdan səhv addımlarından biri də Rusiyaya bel bağlaması oldu. Əslində postsovet ölkələrindən başqa dünyada Rusiyanı heç bir ölkə daha yaxından və dərindən bilmir. Türkiyə bir zaman özünü elə vəziyyətə gətirmişdi ki, az qala bu ölkədə turizm sektoru rusların bura gəlib-gəlməməyindən asılı qalmışdı.

 - Rauf Mirqədirovun azadlığa buraxılmasından sonra “Ayna-Zerkalo” qəzetinin yenidən fəaliyyətə başlaması ehtimalı nə qədərdir?

 -Yaxşı ki, Rauf Mirqədirov azadlığa buraxıldı. Biz buna sevindik. Ancaq qəzetin bağlanmasına gətirib çıxaran səbəblər mövcuddur və bir qədər də qəlizləşib. Bu səbəbdən də, qəzetin köhnə formatda və ya gözlədiyimiz şəkildə bərpa olunmağına əsas yoxdur.

 Bizimesr.az 


Загрузка...


Oxunub: 31580 dəfə