Şəfiqə Məmmədova: “O qadın sadəcə, kiminsə arvadı olub...” - MÜSAHİBƏ

 Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova  müsahibə verib. Qeyd edək ki, bu gün xalq artistinin ad günüdür. Söhbətə Şəfiqə Məmmədovanı təbrik eləməklə başladıq.

 

 -Şəfiqə xanım, doğum gününüzü təbrik edirik. Bu gözəl gündə zənglərinizin ardı-arası kəsilməz. Əhvalınız necədir? 

 

 -Çox sağ olun. Təşəkkür edirəm. Əhvalım çox yaxşıdır, səhərdən zəng edib təbrik edirlər, çox sevinirəm. 

 

 -Bəziləri doğum gününə diqqət ayırmır, bəzilərinə isə doğum günü ən əziz tarixlərdən biridir. Bəs sizin üçün necədir?

 

 -Mənim üçün əziz gündür! 

 

 - Heç şübhəsiz, çəkiliş meydançasında, teatr səhnəsində qeyd etdiyiniz doğum günləriniz də olub. Bu əziz günü kimlərin əhatəsində qeyd edəndə xoşbəxt olursunuz? 

 

 -Bəli, teatr səhnəsində daha çox olub. O vaxtlar demək olar ki,  hər gün tamaşada oynayırdım.  Eləcə də səfərdə, çəkiliş zamanı doğum günümü qeyd etmişəm. Amma bütün hallarda ailəm yenə məni evdə gözləyib. Hər yerdə qeyd ediblər, amma mən həmişə ailəmə qayıdıb, ad günümü onlarla keçirmişəm... Bu, mənə çox əziz gündür. 

 

 -Bu gün də evdə, ailənizlə olacaqsınız?

 -Bəli, bu gün də ailəmlə bir yerdəyəm. 

 

 -Doğum günündə insanlar xüsusən də sənət adamları nostaji hisslərinə qapılır. Oynadığı rolları, filmləri xatırlayır... 

 

 -Mənim də həyat yolum gözümün önündə canlanır. Xüsusən də Vaqif Mustafazadənin “Mart” kompozisiyasını dinləyəndə... Öz filmlərimə isə baxa bilmirəm. Bir tərəfdən xatirələr yada düşür, digər tərəfdən isə fikirləşirəm ki, o rolu daha yaxşı, daha peşəkarcasına oynaya bilərdim.  

 

 -“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bizə müsahibəsində demişdi ki, çox istərdim Şəfiqə xanım mənim dövrümdə çəkiləcək filmdə rol alsın. Amma onun qarşısına çıxarda biləcək ssenarimiz yoxdur. 

 

 -Hər bir obraz ssenarinin gücündən asılıdır. Elə bir obraz olmalıdır ki, mən onu yaratmağa razılıq verim. Neçə illərdir, istər qısametrajlı, istərsə də tammetrajlı filmlərdə baş rola çəkilmək təklifləri alıram. Amma həmişə başqa aktrisaların namizədliyini irəli sürürəm. 

 

 Özüm isə hələ ki, istədiyim, gözlədiyim rolla qarşılaşmamışam. İstəyirəm yaxşı filmdə baş qəhrəmanı canlandırım. Belə bir qadın obrazını gözləyirəm. 

 

 Layihələr, fikirlər olur. Sssenaristlərlə, rejissorlarla söhbət edirik, yazırlar, məsləhətləşirlər, amma tam hazır olmadığına görə bir söz deyə bilmirəm. Amma yenə deyirəm, mütləq bir rola çəkilməliyəm. 

 

 Mənim arzumdur ssenarini oxuyum və deyim ki, bu, mənim rolumdur, çəkilirəm. 

 

 Mütləq çəkiləcəm. Qismətimizə nə düşəcəyini gələcək göstərəcək. Və bu tezliklə aydınlaşacaq. 

 

 Bilirsiniz, çox maraqlı ssenari olmalıdır ki, belə uzun fasilədən sonra özümə çəkilməyə icazə verim. Bu rol mənim bioqrafiyamda, yaradıcılıq yolumda böyük sıçrayış yaratmalıdır. Bu, gərək mənim zirvəm olsun. Əks halda çəkilməməliyəm. 

 

 Elə çıxmasın ki, mənə rol təklifləri gəlməyib. Xeyr. Hər zaman diqqətdə olmuşam, təkliflər verilib, amma o rollar məni qane etməyib. Belə uzun fasilə verməsəydim, asan razılaşardım, amma bu qədər fasilədən sonra oynayacağım rola çox diqqət yetirirəm. 

 

 Əslində həmişə belə olmuşam. Həmişə rollarımı seçmişəm, əsasən də rejissorları seçmişəm. Kiminlə maraqlı olubsa, o rejissorlarla işləmişəm. Həsən Seyidbəyli, Rasim Ocaqov... Onlar çox böyük sənətkarlar idi. Araya uzun fasilə düşdü... Ona görə sıçrayışlı bir film və rolla geri dönmək istəyirəm.

 

 -Aktrisalarımız adətən, şikayət edirlər ki, çəkilən filmlərdə qadın taleyinə çox az yer ayrılır. Siz necə düşünürsünüz?

 

 -“Qadın kinosu” ifadəsi var. Dünya kinosunda qadının taleyi və onun ətrafında cərəyan edən hadisələrin əks olunduğu ssenarilər, filmlər olub, var, hazırda da çəkilir. Amma elə sovet dövründə də Azərbaycan kinosunda dediyim aspektdən qadına yanaşılmayıb və bu barədə filmlər çəkilməyib. Qadın sadəcə kiminsə arvadı olub... 

 

 Doğrudur, baş rollar olub, amma sırf qadın kinosu çəkilməyib. Qadın üçün xüsusi ssenarilər yazılmayıb. 

 

 Bu yaxınlarda maraqlı bir film üzə çıxdı. “Nabat” filmi. Axır ki, Azərbaycan kinosunda belə bir film çəkildi. Filmin qəhrəmanı Nabat adında bir qadındır. Rolu da iranlı aktrisa canlandırır. Şükür Allaha ki, bu, başlandı. “Nabat” sübut etdi ki, belə ssenarilər vacibdir. 

 

 Qadının bu səviyyədə baş qəhrəmana çevrilməsi başqa səviyyədir, başqa aləmdir. Onu da deyim ki, bu aspektdə ssenarini yazmaq da çətindir. Yaxşı ki, kinomuza belə qığılcım düşdü. Mən buna çox sevinirəm. 

 

 -Amma rola iranlı aktrisanın çəkilməsi də birmənalı qarşılanmadı. 

 -Bu, rejissorun istəyidir. Bəlkə əvvəldən belə düşünülüb, çünki o filmdə operator da iranlıdır. Ola bilər, yaradıcı qrupun içində belə qənaət hasil olub və o çəkilib. Filmlərimizdə Kolyagen də çəkilib, gürcü, rus aktyorları da çəkilib. Bizimkilər də əcnəbi filmlərdə rol oynayıb. Bu kimi hallar  normaldır. Filmi rejissor necə görürsə, elə o cür də ərsəyə gətirilməlidir. 

 

 -Bir çox aktrisalarımız o rolda sizi görürdülər... 

 

 -Təbii, hər bir aktrisanın öz yaradıcılıq mövqeyi, metodikası, ölçüsü-miqyası var. Bəlkə daha əhatəli, daha dramatik, daha faciəsi olardı... Bəlkə... 

 

 Amma mən bu barədə nəsə fikirləşməmişəm, sadəcə filmə sevinmişəm. Ürəkdən sevinmişəm ki, nəhayət, Azərbaycan kinosunda qadın baş qəhrəman olur. 

 

 Başqa tərəfdən sevinirəm ki, aktrisalarımız məni o rolda görüblər. Bu rəyləri eşitmək mənə xoşdur. 

 

 -Əcnəbi ölkələrdən, elə götürək Rusiyadan, sizə təkliflər gəlməyib?

 

 -Mən Azərbaycan qadınını canlandırmaq istəyirəm. Elə bir rol gözləyirəm. Necə deyərlər, gözüm yoldadır. Mən mütləq çəkilməliyəm. Mən mütləq sözümü deməliyəm. Özü də ekrandan! 

 

 Fikirləşirəm ki, bu müdrik yaşımda professionallıq nöqteyi-nəzərdən gərək rolumu oynayıb sözümü deyəm. Aktyor sənətini nümayiş etdirmək istəyirəm. Bu, mənim arzumdur. 

 

 -Bəs bu istəyiniz teatr səhnəsində doğrularmı?

 

 -Yox. Arzularımı kino ilə bağlamışam... 

 

 -Şəfiqə xanım, suallarımız həddən artıq çoxdur, amma bu gün doğum gününüz olduğundan sizi də çox yormaq istəmədik. Sizi ürəkdən təbrik edir, xoşbəxtlik arzulayır və tezliklə ekranda görünməyinizi arzulayırıq...

 

 -Çox təşəkkür edirəm. Hər zaman diqqətdəyəm, hamı mənim üçün çox dəyərlidir. 

 

 XATIRLATMA. Xalq artisti Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində dünyaya göz açıb. Azərbaycan Dövlət Teatr İnstitutunun musiqili komediya aktyorluğu fakültəsini bitirib.

 

1968-ci ildə Azərbaycan Milli Dram Teatrının truppasına qəbul olunub. Aktrisa Uilyam Şekspirin “Hamlet” (Gertruda), Aleksandr Şirvanzadənin “Nakam qız” (Sona), Lev Tolstoyun “Canlı meyit” (Maşa), Çingiz Aytmatovun “Ana torpağı” (Cenşengülün arvadı), Hüseyn Cavidin “Xəyyam” (Sevda), Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” (Pırpız Sona), Fridrix Şillerin “Məkr və məhəbbət” (Ledi Milford), İlyas Əfəndiyevin “Bağlardan gələn səs” (Gülcan), Maksim Qorkinin “Meşşanlar” (Yelena Nikolayevna) əsərlərində səhnə obrazları yaradıb.

 

Anarın “Şəhərin yay günləri” pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi “İstintaq” filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.

 

Yaradıcılığının parlaq dövründə 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.

 

Şəfiqə Məmmədova “Qaraca Qız” (Qız), “Dədə Qorqud” (Burla xatun), “İstintaq” (Gülya), “Bizim Cəbiş müəllim” (Cəbişin arvadı), “Ad günü” (Fəridə), “Çarvadarların izi ilə” (Səriyyə) bədii filmlərinə çəkilib.

 

1995-2000-ci illərdə Milli Məclisinun deputatı olub. 

Nərmin Muradova

 

 

 

 

 


Загрузка...


Oxunub: 30310 dəfə